Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:09

Çinin Cənubi Qafqazdakı ‘casus cənnəti’ – Qərb mediası


Xankəndi aeroportu
Xankəndi aeroportu

“New Eastern Europe” portalında Michael Eric Lambert Soyuq müharibədən sonrakı Qafqazda Çinin xarici siyasətinin nəzəriyyə və praktikasından söz açır.

Müəllif qeyd edir ki, bu ərazidə sovet/Rusiya və Qərbin hərbi avadanlığının çoxluğu xarici dövlətlərin hərbi kəşfiyyat məlumatları toplamasına imkan verir. Üstəlik, regionda tanınmamış ərazilərə beynəlxalq hüququn şamil olunmaması silah ticarəti, konfidensial sənədlər mübadiləsinə münbit şərait yaranır. “Bu kontekstdə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi və kəşfiyyat xidmətləri Qafqaza, özəlliklə Gürcüstana getdikcə daha çox maraq göstərir, sərmayələri artırır, Çinin nümayəndə heyətlərinin səfərləri təşkil olunur”, – müəllif yazır.

Məqalədə Azərbaycanın neft sənayesi hesabına xaricdən müasir avadanlıq aldığı, Qərb və Çinlə siyasi əlaqələr qurduğu vurğulanır. Ancaq bütün bunlar Rusiyanın təsirinə dirəniş göstərməyə yetərli deyil. Moskva və Yerevanın dostluğu ucbatından Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ regionunu silahlı qüvvələrin gücüylə geri almaq mümkün olmayıb, müəllif vurğulayır.

Rusiya hərbi avadanlığını niyə yeniləmir

“Bu anlamda Azərbaycan Çin Xalq Respublikası kimi xarici ölkələr üçün iqtisadi və hərbi əməkdaşlıq potensialı baxımından böyük maraq doğurur. Qərbin də Azərbaycanda maraqları var, amma siyasi rejimə görə tərəddüd edir. Gürcüstan Avropanın bir hissəsi sayıla bilər, ancaq ABŞ və Avropa Birliyinin nəzərində Azərbaycan daha çox bir Orta Asiya ölkəsidir, Qara Dənizdən çox Xəzər dənizinə yaxındır”, – yazan müəllif Qafqaz ölkələri arasında gərginliyin bu məkanı müasir casusluğun beşiyinə çevirdiyini qeyd edir: “Gürcüstanlılar Rusiyanın Qafqazdakı layihələrini anlamaqdan ötrü Ermənistan və Azərbaycana göz qoyurlar, Ermənistan da eyni işi Gürcüstan və Azərbaycanda edir”.

Müəllif yazır ki, Cənubi Qafqazda casusluq geniş yayıldığından Rusiya yeni hərbi avadanlıq yerləşdirməyə elə də meyl göstərmir. Moskva S-400, T14 Armata və Su-35/57-dənsə S-300, T-72/T80 və Su-24-ə bel bağlayır. Bu hərbi strategiya Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarında yığılan hərbi kəşfiyyat məlumatlarının miqyasının elə də böyük olmamasına imkan verir, istər Qərb tərəfdən olsun, istərsə Gürcüstan tərəfdən.

Birləşmiş Ştatlar da oxşar strategiya yürüdür. “Vaşinqton onillərdir Gürcüstanı dəstəkləyir, amma bu ölkənin silahlı qüvvələrinə aşağı keyfiyyətli avadanlıq verir ki, Rusiya və müttəfiqləri kəşfiyyat məlumatı yığa bilməsinlər”, – məqalədə deyilir.

Dağlıq Qarabağda nə baş verir

Azərbaycanın bu mənada istisna olduğu vurğulanır. Bakı ildə 1,8 milyard dollarlıq müasir avadanlıq almaq gücündədir. Yerevanla Moskvanın münasibətini nəzərə alan Bakı Qərbdən, Rusiyadan, hətta İsraildən müxtəlif avadanlıq alıb.

Müəllif 2016-cı ilin aprel əməliyyatları zamanı Dağlıq Qarabağın casusluğun episentrinə çevrildiyini qeyd edir. Burada istifadəsiz aeroport hərbi obyektə yaxındır və hərbi təyyarələrin gizlədilməsi üçün yetərincə yeri var. Münaqişə vaxtı rəsmi binalarda və məktəblərdə tanklar və yüngül maşınlar da gizlədilirdi. “Bu gün heç Rusiya da Dağlıq Qarabağdan nə baş verdiyini tam bilmir”, – məqalədə vurğulanır.

Pekinin Qafqazda iqtisadi zastavasının olmasında marağını vurğulayan müəllif bunu Yaxın Şərqi Rusiyayla birləşdirməyin ən asan yolu hesab edir. Çinin əsas layihəsi isə Ermənistan, Gürcüstan və sonuncunun separatçı əraziləri olan Abxaziya və Cənubi Osetiya vasitəsilə İran və Rusiya arasında birbaşa əlaqə qurmaqdır.

“Belə bir geosiyasi layihə Birləşmiş Ştatları regionda zəiflətmək ideyasına əsaslanır. İran və Rusiyanın əlaqələrinin gücləndirilməsi Rusiyanın İrana daha artıq hərbi dəstək verməsi ilə sonuclanar, Vaşinqtonun Yaxın Şərqdəki nüfuzuna balans yaranar”, – yazan müəllif Azərbaycanın da Çinlə münasibətləri yaxşılaşdırmaqda maraqlı olduğunu vurğulayır. Axı, belə bir tərəfdaşlıq Bakının Dağlıq Qarabağ münaqişəsinin həllində daha artıq təzyiq göstərməsi, Rusiyanın təsirindən çıxması uzaqlaşması ilə sonuclanar.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-nin Azərbaycan SSR-ə ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunub. Hərbi əməliyyatlar 1994-cü ilin mayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur.

XS
SM
MD
LG