Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:27

Suriyanın şimalında ağır döyüşlərin getdiyi xəbər verilir


Ras əl-Ayn şəhəri, 17 oktyabr, 2019-cu il
Ras əl-Ayn şəhəri, 17 oktyabr, 2019-cu il

ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq oktyabrın 18-də Türkiyə qüvvələrinin bombardmanı nəticəsində şimal-şərqi Suriyada 14 mülkinin həlak olduğu xəbər verilir.

Londonda mənzillənmiş Suriya İnsan Haqları Müşahidə qrupu bildirib ki, bu 14 nəfər Türkiyənin hava zərbələri və ona müttəfiq Suriya silahlılarının artilleriya atəşi nəticəsində Bab əl-Xeyr kəndinin ətraflarında həlak olub.

Vaxtilə ABŞ-la müttəfiq olmuş Suriya Demokratik Qüvvələrinin (SDQ) 8 döyüşçüsünün həlak olduğu da xəbər verilir. SDQ-nin özəyini kürd döyüşçülər təşkil edirlər.

SDQ-nin sözçüsü Mustefa Bali Türkiyəni oktyabrın 17-də ABŞ vise-prezidenti Mike Pence-in vasitəçiliyi ilə əldə olunmuş atəşkəs sazişini pozmaqda ittiham edib:

“Hava və artilleriya zərbələri döyüş mövqelərini, dinc sakinləri və Ras əl-Ayn şəhərindəki hospitalı hədəfləməkdə davam edib”.

Ankarada əldə olunmuş atəşkəs razılaşmasına görə döyüş əməliyyatları 5 gün müddətində dayandırılmalı və həmin müddətdə ABŞ Türkiyənin təhlükəsiz zona yaratmaq istədiyi ərazidəki kürd döyüşçülərin oradan çıxarılmasını təşkil etməliydi.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan İstanbulda bəyan edib ki, atəşkəs razılaşmasına əməl edilir və hələlik heç bir pozuntu olmayıb.

O xəbərdarlıq edib ki, kürd qüvvələri oktyabrın 22-dək həmin ərazidən çıxarılmasa Türkiyənin hücumları bərpa olunacaq.

Erdoğan habelə deyib ki, Türkiyə silahlı qüvvələrinin əsgərləri “təhlükəsizlik mülahizələri ilə” bölgədə qalmaqda davam edəcək.

Erdogan: Atəşkəsin şərtlərinə əməl edilməsə Türkiyə ordusu qaldığı yerdən davam edəcək
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Türkiyə Suriyanın şimal-şərqinə qurudan və havadan zərbələrə ötən həftə başlayıb.

Ankara bildirir ki, onun məqsədi bu bölgəni terrorçulardan təmizləməkdir. Türkiyə kürdlərin YPG qüvvələrini də terrorçu hesab edir.

Türkiyənin hücumlarından az əvvəl ABŞ hərbçiləri Suriyanı tərk etməyə başlayıblar.

***

Kürdlərin əlində olan şəhərdə döyüş getdiyi bildirilir

Oktyabrın 18-də Suriyanın şimal-şərqində yerləşən sərhəd Ras əl-Ayn şəhərində atışma davam edib. Ötən gecədən ABŞ-ın vasitəçiliyi ilə ərazidə atəşkəs elan olunmuşdu.

Bu şəhər Türkiyə və kürd qüvvələrinin toqquşmalarının mərkəzində durur. Sərhəd boyunca sakitlik hökm sürsə də, şəhərdən tüstü qalxdığı xəbərləri gəlir.

Britaniyada mənzillənən Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı Ras əl-Aynda ara-sıra toqquşmalar baş verdiyini, ümumilikdə isə regionda nisbi sakitlik olduğunu bildirir.

Ankara və Vaşinqtonun əldə etdiyi beşgünlük atəşkəs razılaşmasına görə, kürd döyüşçülər Suriyada Türkiyəylə sərhəd boyunca yerləşən ərazini boşaltmalıdırlar. Razılaşma oktyabrın 17-də Ankarada Türkiyə Prezidenti Recep Tayyip Erdogan-la ABŞ-ın Vitse-prezidenti Mike Pence arasında əldə olunub. Razılıq həyata keçirilərsə, Türkiyənin bir neçə günlük döyüşdən sonra əldə etdiyi mövqeyi möhkəmləndirə bilər.

Kürd qüvvələr təxminən 100 km-lik ərazinin böyük hissəsindən çıxarılıblar. Söhbət Ras əl-Ayn və Təl Abyad şəhərləri arasındakı ərazidən gedir.

Ras əl-Ayn şəhərinə sığınmış kürd qüvvələr Türkiyənin dəstəklədiyi suriyalı döyüşçülərlə savaşırlar.

ABŞ Prezidenti Donald Trump Suriyadakı qüvvələri çıxarmağı qəfil elan edəndən iki gün sonra Türkiyə və Suriyadakı müttəfiq döyüşçülər hücuma başlayıb.

Kürdlər İslam Dövləti qruplaşmasına qarşı mübarizədə ABŞ-ın müttəfiqi olub, ancaq Türkiyə onları terrorçu sayır, öz ərazisində 1980-ci ildən bəri muxtariyyət uğrunda savaşan kürd üsyançılarla bağlı olduğunu deyir.

ABŞ senatorları da Trump-ın hərbçiləri Suriyadan çıxarmaq qərarını tənqid edir.

Türkiyə mediası isə rəsmilərə istinadla yazır ki, Ankara ABŞ ilə danışıqlardan “məhz istədiyini alıb”.

Xarici işlər naziri Mevlut Cavusoglu razılaşmanı kürd döyüşçülərin geri çəkilməsi üçün verilən fasilə kimi qələmə verib.

O, razılaşmanı “atəşkəs” adlandırmaqdan imtina edib, deyib ki, atəşkəs qanuni tərəflər arasında elan oluna bilər, kürd yaraqlıları isə Türkiyə terrorçu qrup sayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG