Rusiya prezidenti Vladimir Putin oktyabrın 14-də Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanının kralı və vəliəhd şahzadəsi ilə danışıqlar aparıb.
Putin və kral Salman iki ölkə arasında aerofəza, mədəniyyət, səhiyyə və yüksək texnologiyalar sahəsinə aid bir neçə müqavilənin imzalanması mərasiminə başçılıq ediblər.
Bu müqavilələrdən biri də OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsinə aid idi.
Rusiya OPEC üzvü deyil, lakin neft qiymətlərinin düşməsinin qarşısını almaq məqsədilə dəfələrlə OPEC ölkələri ilə razılaşmalar imzalayıb. Həm Səudiyyə, həm də Rusiyanın iqtisadiyyatları neft ixracından son dərəcə asılıdır.
83 yaşlı kral Putinə deyib ki, onun ölkəsi təhlükəsizlik, sabitlik və sülh gətirən bütün sahələrdə Moskva ilə əməkdaşlığa hazırdır.
Vəliəhd şahzadə Mohammad bin Salmanla görüşü zamanı Putin bildirib ki, iki ölkə arasında əməkdaşlıqdan məqsəd “Yaxın Şərqdə sabitliyin təmin edilməsi və qlobal enerji bazarındakı vəziyyətin sabitləşdirilməsidir”.
Putin bundan əvvəl Səudiyyədə 2007-ci ildə olub. Rusiya bu il üçün proqnozlaşdırılan 3 faizlik ÜDM artımına nail ola bilməyib. Bunun ən ümdə səbəbi Qərbin sanksiyalarıdır.
Bu arada Yaxın Şərq və Fars körfəzi regionundakı vəziyyət də gərgin olaraq qalır. Ötən ay Səudiyyənin neft qurğularına raket və dron zərbələri endirilib. Bir sıra Qərb ölkələri və ABŞ bu hücuma görə İranı ittiham edirlər.
Kral Salman özünün Rusiyaya ilk səfərini 2017-ci ildə edib.
Rusiya prezidenti Səudiyyədən sonra Birləşmiş Ərəb Əmirliklərinə səfər etməlidir.
***
Oktyabrın 14-də Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanına səfər edəcək. Kreml bir sıra neft razılaşmalarının imzalanacağını bildirir.
Putin-in səfəri zamanı Rusiya iqtisadiyyatına sərmayə cəlbi də gözlənir. Bu səfər Moskvanın 3 faizlik artıma nail ola bilmədiyi bir dönəmə düşür.
Siyasi təhlilçi Fyodor Lukyanov “AFP”yə deyib ki, neft Putin-lə Səudiyyə Kralı Salman və Vəliəhd Şahzadə Mohammad bin Salman arasında “əsas müzakirə mövzusu” olacaq.
Rusiya Səudiyyənin başçılıq etdiyi OPEC-lə sıx əməkdaşlıq edir. OPEC hasilatı məhdudlaşdırmaqla neftin qiymətini yüksəltməyə çalışır. 2014-cü ildə neft ucuzlaşması Rusiya iqtisadiyyatına mənfi təsir göstərib.
Səfərdən öncə Al Arabiya, Sky News Arabia və RT Arabic telekanalarına müsahibəsində Putin deyib ki, o, Səudiyyə kralı və şahzadəsiylə yaxşı münasibətlər tərəfdarıdır.
Siyasi təhlilçi Lukyanov-un fikrincə, Putin nüfuzundan istifadə edərək Tehranla ər-Riyad arasında gərginliyi azaltmağa çalışa bilər. Ötən ay Səudiyyədən neft obyektlərinə hücuma görə İran ittiham olunsa da, Tehran ittihamları rədd edib.
Putin oktyabrın 15-də Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.