Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:44

Rusiya Səudiyyəyə hücumlardan necə faydalandı – Qərb mediası


Vladimir Putin (sağda) və Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi Mohammed bin Salman, arxiv fotosu
Vladimir Putin (sağda) və Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi Mohammed bin Salman, arxiv fotosu

Səudiyyə Ərəbistanının neft hasilatını yarısını dayandırmış raket və dron hücumlarından iki həftə keçir. Ölkənin əsas neft obyektlərinə hücumlara görə ABŞ və bəzi ölkələr İranı ittiham etsə də, İran iddiaları rədd elədi. Hücuma görə məsuliyyəti Yəməndəki husi üsyançılar üzərinə götürüb. “Reuters” agentliyinin təhlilçisi Luke Baker bu durumdan ən çox fayda götürən ölkənin Rusiya olduğunu yazır.

Belə ki, hücumlardan sonra Moskvanın dövlət silah ixracatçısı bildirib ki, Yaxın Şərq ölkələri ilə danışıqlar aparacaq, onlara yeni antidron silah sistemləri satacaq. Prezident Vladimir Putin gələn həftə Səudiyyə və Körfəzə səfər etməlidir. Bu səfər enerji və neft sektorlarında əməkdaşlığı dərinləşdirmək, investisiya cəlbini gücləndirmək baxımından vacib sayılır.

“Hər şeyə müdaxilə etmək istəyirlər”

Müəllif yazır ki, Moskvanın manevrləri fürsətcilliyi əks etdirir – axı, Putin nadir hallarda ABŞ-ın hansısa nöqsanını ifşa etmək, yaxud rəqiblərini qıcıqlandırmaq fürsətini əldən verər. Digər tərəfdən, son hərəkətlər Putinin regionda nüfuzunu möhkəmləndirmək əminliyinin gücləndiyini göstərir.

“Rusiya Yaxın Şərqdə sistematik oyunçu mövqeyini möhkəmləndirir… Onlar hər yerdə olmaq, hər şeyə müdaxilə etmək istəyirlər”, – Londondakı Beynəlxalq Məsələlər üzrə Kral İnstitutundan Mathieu Boulegue deyib.

Bu günlərdə Putin Türkiyə və İrandan həmkarları ilə də bir araya gəlmişdi.

Birləşmiş Ştatlar Səudiyyəyə hücumlarda İranı ittiham eləsə də, ər-Riyadın müdafiəsindən ötrü hərbi gücə əl atacağı bəlli deyil. Müəllifin fikrincə, məhz elə bu amil Rusiyanın əlinə oynaya bilər.

“Mən səudiyyəlilərin yerinə olsaydım, Moskvaya, Pekinə ayaq döyər, Birləşmiş Ştatlardan daha etibarlı birisini tapardım”, – bunu isə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun direktor müavini Kori Schake deyib.

Təhlilçilərin fikrincə, Trump administrasiyası enerjisini daha çox Çinlə ticarət mübahisəsinə yönəldib və dünyanın bir çox yerlərində maraqlarına təhlükə yaranıb.

“Rusiyanın elədikləri özündən sonra boşluq buraxmağın bədəlini göstərir”, – Vaşinqton İnstitutundan Anna Borshchevskaya Suriyada yaranmış durumla bağlı belə düşünür.

XS
SM
MD
LG