Çinin Kommunist Partiyası 70 ildir hakimiyyətdədir, keçmiş Sovet İttifaqındakı yoldaşlarını da geridə qoyaraq dəyişən dünyaya adaptasiya edib. “Frans Pres” agentliyi Çin Xalq Respublikasının keçdiyi yola nəzər salır.
Təxminən 30 il ərzində Çin maoizm idarəçiliyinə sadiq qaldı. Respublikanın qurucusu Mao Zedong rejimi dövründə dövlət sənaye sahələrini ələ keçirdi, fermerlər kollektiv təsərrüfatlarda birləşdirildi.
Mao-nun ölümündən iki il sonra isə partiya maoizmdən əl çəkdi, 1978-ci il ildə yeni lider Deng Xiaoping-in rəhbərliyi altında “islahat və açılım” siyasətini başlatdı. Özəl kapital və xarici sərmayəyə icazə verən bazar-oriyentasiyalı siyasət nəticəsində iqtisadiyyat çiçəkləndi.
Çində milyonlarla adam səfalətdən qurtulub, indi ölkədə yüzlərlə milyarder, Alibaba və Tencent kimi internet nəhəngləri var.
Böyük şəhərlərdə Ferrari-lər şütüyür, sakinlər Gucci kimi dəbdəbəli mağazalarda alış-veriş edirlər.
Di gəl, bir şey dəyişməz qalıb – Kommunist Partiyası iqtisadiyyatı məngənədə saxlamaqdadır.
Ölkə lideri Xi Jinping ötən həftəki çıxışında deyib ki, ölkənin tarixi uğurları “Çinə yalnız Kommunist Partiyasının rəhbərlik edə bildiyini tam nümayiş etdirir”.
Özəl şirkətlərdə partiya “özəkləri” var, dövlət şirkətləri iqtisadiyyatda əsas oyunçulardır.
Jack Ma da partiya üzvüdür
Hətta Alibaba şirkətinin qurucusu, milyarder Jack Ma da partiyanın 90,6 milyonluq üzvləri sırasındadır.
Görəsən, Karl Marx bugünkü Çinə getsəydi, nə deyərdi?
“Marx qayıtsaydı, məncə, deyərdi ki, bu, ‘sosializm’ deyil. Yəni, ‘kommunizm’ istiqamətində getmir, güclü avtoritar elementləri olan ‘dövlət kapitalizmi’nə çevrilib”, – ABŞ-dakı Williams Kollecinin Çin siyasəti üzrə ixtisaslaşmış professoru Sam Crane deyir.
Mao-dan sonra ölkədə tək adamın idarəçiliyinə son qoyulmuşdu. Deng “kollektiv” rəhbərlik sistemini dəstəkləyirdi. Ancaq agentlik Xi-nin Mao-dan sonra ən güclü liderə çevrildiyini yazır.
Xi korrupsiya ilə mübarizəyə nəzarət edib, bu kampaniya çərçivəsində 1,5 milyondan çox partiya rəsmisi cəzalandırılıb. Bu addımı sıravi vətəndaşlar alqışlasalar da, müşahidəçiləri onu rəqiblərinin təmizlənməsi kimi dəyərləndiriblər.
Üstəlik, iqtisadiyyatın acılımı siyasi islahatlarla müşayiət olunmayıb. Hökumət cəmiyyətə sərt nəzarət edir, fəallar saxlanır, internet senzurası gücləndirilir. Nobel sülh mükafatı laureatı Liu Xiaobo xərçəngdən əziyyət çəkməsinə baxmayaraq həbsdən buraxılmadı, 2017-ci ildə vəfat etdi.