Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:41

İranın neft tankeri vurulub


Sabiti tankeri
Sabiti tankeri

İranın Xarici İşlər Nazirliyi neft tankerinə Qırmızı Dənizdə “hücum” zamanı ziyan dəydiyini bildirir.

“Hücumun arxasında duranlar bu təhlükəli hadisənin fəsadları üçün məsuliyyət daşıyırlar, təhlükəli səviyyədə ətraf mühit çirklənməsi də baş verib”, – nazirliyin sözçüsü Abbas Musavi oktyabrın 11-də deyib.

Musavi-nin sözlərinə görə, gəmiyə yarım saat ərzində iki dəfə hücum olunub və təhqiqat gedir.

Milli İran Neft Şirkəti Sabiti neft tankerində 1 milyon barrel neft olduğunu bildirib.

***

Səudiyyə Ərəbistanı yaxınlığında İranın neft tankerinin raketlə vurulduğu bildirilir. Gəminin sahibi Qırmızı Dənizə neft sızması baş verdiyini deyir.

Səudiyyənin Ciddə limanının 100 kilometrliyində Sabiti gəmisinin korpusuna iki zərbə endirilib. Məlumatı dövlətə məxsus Milli İran Tanker Şirkəti oktyabrın 11-də yayıb.

Bəyanatda partlayışların “çox güman raket hücumları ilə törədildiyi” qeyd olunur.

Dövlət televiziyası isə Milli İran Neft Şirkətinə istinadla gəminin iki raketlə vurulduğunu xəbər verir.

Səudiyyə rəsmiləri bu insidentlə bağlı hər hansı açıqlama verməyiblər.

“Yanğın baş verməyib”

“Gəminin heyəti salamatdır, gəminin də durumu sabitdir”, – tanker şirkəti gəmidəkilərin ziyanı azaltmağa çalışdığını bildirib.

“Gəminin göyərtəsində yanğın baş verməyib”, – bəyanatda deyilir və tankerin “tamamilə sabit” olduğu vurğulanır.

İran mediası daha öncə partlayışın neft tankerində yanğına səbəb olduğunu yazırdı.

Yarırəsmi ISNA xəbər agentliyinin bildirməsinə görə, partlayış tankerə ağır ziyan vurub.

Agentlik adını çəkmədiyi mənbələrə istinadla yazıb ki, göyərtədəki ekspertlər bunun “terror hücumu” olmasından şübhələnirlər.

ABŞ-ın Bəhreyndəki 5-ci Donanmasının sözçüsü hakimiyyətin “insidentlə bağlı məlumatlardan xəbərdar” olduğunu bildirib, əlavə şərh verməyib.

Sentyabrın 14-də Səudiyyə Ərəbistanında iki neft obyektinə raket və dron hücumları qlobal neft təchizatının 5 faizindən artığına təsirini göstərdi.

Bu hücuma görə Yəməndəki İranın dəstəklədiyi şiəməzhəb husi yaraqlıları məsuliyyəti götürsə də, Səudiyyə Ərəbistanı, Birləşmiş Ştatlar və Qərbi Avropa ölkələri İranı ittiham elədi. İran isə iddiaları rədd etdi.

İyunda və iyulda Fars Körfəzində iki neft tankerinə, eləcə də mayda dörd tankerə hücumlara görə də ABŞ rəsmiləri Tehranı ittiham edib.

Birləşmiş Ştatlar ötən il İranla 2015-ci il nüvə sazişindən çıxandan sonra tərəflər arasında gərginlik daha da artıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG