Keçmiş Sovet İttifaqından olan iki biznesmen iddia edildiyinə görə ABŞ seçki kampaniyasının maliyyələşdirilməsi qanununu pozduqlarına görə Nyu Yorkda həbs ediliblər.
Manhattan prokurorluğu oktyabrın 10-da Ukraynada doğulmuş Lev Parnasın və Belarusda doğulmuş Igor Frumanın prezident Donald Trump-ın şəxsi vəkili Rudy Giuliani ilə bağlı olduqlarını bildirib.
Nyu York məhkəməsinin sənədlərindən məlum olur ki, bu iki şəxs “xarici pulları federal və ştat səviyyəsində vəzifə tutmağa namizəd olanlara ötürüblər”.
Reuters agentliyi bu iki şəxsin vəkili kimi təqdim edilən John Dowd-un şərh verməkdən imtina etdiyini bildirib.
The Wall Street Journal qəzeti xəbər verir ki, iki şübhəli Virciniyada məhkəmə qarşısına oktyabrın 10-da çıxarılacaq.
Bu iki nəfərin Giuliani-ni Ukraynanın vəzifəli rəsmiləri ilə calaşdırdığı iddia olunur.
Bu həbslər demokratların çoxluğa malik olduğu Nümayəndələr Palatasında prezident Trump-a qarşı impiçment araşdırmasının davam etdiyi vaxta təsadüf edir.
Trump-a qarşı impiçment araşdırması onun iyulun 25-də Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə telefon söhbətindən qaynaqlanıb.
Demokratlar Trump-ı ABŞ-ın keçmiş vise-prezidenti Joe Biden və onun oğluna qarşı cinayət təhqiqatına başlanması üçün Zelenskiyə təzyiq göstərməkdə ittiham edirlər.
Joe Biden 2020-ci il ABŞ prezident seçkisində Trump-ın əsas rəqibi ola bilər.