Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 09:37

NYT: Avropadakı hücumlar üçün Rusiyanın gizli şöbəsi ‘məsuliyyət daşıyır’


Sergei Skripal-ın Solsberidəki keçmiş evi

Xarici ölkələrdə sui-qəsd və sabitsizlik yaratmağı hədəfləyən əməliyyatlara Rusiyanın gizli kəşfiyyat şöbəsi cəhd göstərib. “The New York Times” qəzeti Qərbin kəşfiyyat əməkdaşlarının belə bir qənaətə gəldiyini yazır.

Qəzetin oktyabrın 8-də yazmasına görə, rəsmilər həmin şöbəni yaxın aylarda müəyyənləşdiriblər, ancaq azı son 10 ildə gizli fəaliyyət göstərdiyinə inanırlar.

“Bulvar ədəbiyyatı”?

29155 saylı şöbənin Moskvada yerləşdiyi, Müdafiə Nazirliyinin hərbi kəşfiyyat agentliyi olan GRU-nun tərkibində olduğu bildirilir. Qərb kəşfiyyatçıları inanırlar ki, bu şöbə 2015-ci ildə bolqarıstanlı silah dileri Emilan Gebrev-i iki dəfə zəhərləmək cəhdinin, 2016-cı ildə Monteneqroda Baş nazir Milo Djukanovic-ə sui-qəsd cəhdinin, 2018-ci ildə GRU-nun keçmiş zabiti Sergei Skripal-a qarşı İngiltərənin Solsberi şəhərində sui-qəsd cəhdinin arxasında dayanır.

Bu insidentlərin hamısı indiyədək Rusiyanın təhlükəsizlik qüvvələrinin ayağına yazılıb. Ancaq indi Qərb rəsmiləri onları Rusiyanın bir hərbi-kəşfiyyat şöbəsi tərəfindən həyata keçirildiyinə inanır.

Kremlin sözçüsü Dmitry Peskov isə oktyabrın 9-da jurnalistlərə açıqlamasında bu hesabatı “bulvar ədəbiyyatı” adlandırıb, deyib ki, Moskva Avropa ölkələrində sabitsizlik yaratmaqda “heç cür” maraqlı deyil. Xəbəri TASS yayıb.

Kreml bir qayda olaraq sui-qəsd cəhdləri, başqa ölkələrin daxili işlərinə müdaxiləylə bağlı deyilənləri təkzib edir. Ancaq Qərbin kəşfiyyat agentlikləri, təhqiqatçılar, jurnalistlər Rusiyanın dəfələrlə belə cəhdlərə baş vurmasına dair dəlil ortaya qoyub.

“Sanki killer qrupudur”

Rusiyanın “Novaya Gazeta” nəşrinin jurnalisti Sergei Kanev Skripal-ın zəhərlənməsini arxasında duran şöbənin iki əməkdaşını müəyyənləşdirməyə kömək edib. O, oktyabrın 9-da Facebook-da yazıb ki, 29155 saylı şöbə Rusiyada təhlükəsizlik analitikləri arasında məşhurdur, həm onun, həm də komandiri, general Andrei Averyanov barədə informasiya açıq mənbələrdə mövcuddur.

Rusiya üzrə təhlilçi Mark Galeotti isə Twitter-də yazır ki, qəzetin yazdığı “maraqlıdır”, ancaq təsvir olunan şöbə “sanki ixtisaslaşmış GRU-dur… killer qrupudur, nəinki daha geniş strateji sabitsizlik yaradan qüvvə”.


Qəzetə danışan bəzi avropalı kəşfiyyatçılar 29155 saylı şöbənin işinin keyfiyyətsizliyindən heyrətləndiklərini deyiblər. Belə ki, Skripal və Gebrev sui-qəsddən salamat çıxıb, Monteneqroda çevriliş cəhdi isə alınmayıb.

Estoniya kəşfiyyatının keçmiş başçısı Eerik-Niiles Kross qəzetə deyib ki, ola bilsin, “onlar özlərini hiss elətdirmək istəyirlər” və bu Qərbə qarşı “psixoloji müharibənin bir hissəsidir”.

“Bu, oyunun bir hissəsidir”, – o deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG