Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Noyabr, bazar, Bakı vaxtı 19:56

Dörd ildə 3 min 500 əfqan uşaq ölüb


Heratda xəstəxanada yaralı əfqan uşaq

Son dörd ildə Əfqanıstanda təhlükəsizlik durumunun pisləşməsi 14 mindən artıq uşağa qarşı “ağır pozuntular”a səbəb olub, 3 min 500-dək uşaq həlak olub. Bunu BMT yeni hesabatında bildirir.

BMT-nin Baş katibi Antonio Guterres bütün tərəflərin yol verdiyi ağır pozuntuların “təlaşlandırıcı səviyyəyə çatmasını” pisləyib, uşaqların “silahlı münaqişənin ağırlığını daşımaqda olduğunu” deyib.

Bu müddət ərzində 9 mindən çox uşaq xəsarət alıb.

Guterres-in sözlərinə görə, ciddi narahatlıq yaradan odur ki, 2015-2018-ci illərdə öldüyü, yaxud yaralandığı təsdiqlənən uşaqlar bütün dinc itkilərin üçdə birinə yaxınını təşkil edir. “Bu, əvvəlki dörd illə müqayisədə uşaq itkilərinin 82 faiz artmasıdır”, – o yazıb.


Səbəblər

Əfqanıstandakı uşaqlar və silahlı münaqişə haqda sayca dördüncü hesabatda deyilir ki, artım “quru əməliyyatları, müharibədən qalan partlayıcılar, raket zərbələrindən dolayı uşaq ölümlərinin artmasıyla” bağlıdır.

Sənədə görə, raket zərbələrindən uşaq ölümləri “2015-ci ildən bəri ciddi şəkildə artıb”. Ondan öncəki dörd ildə azalma qeydı alınmışdı.

BMT 2015-2018-ci illərdə hava zərbələrindən 1049 uşağın ziyan gördüyünü bildirir, onlardan 464-ü öldürülüb.

Guterres hava zərbələrindən öldürülən, yaxud xəsarət alan uşaqların sayının yüksək olmasından “həddən artıq narahat olduğunu” söyləyib. Hava əməliyyatlarını hökumət və hökumətyönlü qüvvələr aparır.

Silahlı qruplaşmalar uşaq itkilərinin 43 faizinə görə cavabdehdir. Ümumilikdə 3 min 450 uşaq öldürülüb, 9 min 149 uşaq yaralanıb. Hökumət və hökumətpərəst qüvvələr bu hücumların 30 faizinə görə məsuliyyət daşıyır.

BMT 274 uşağın silahlı qruplaşmalar və hökumət qüvvələrinə cəlb olunduğunu təsdiqləyib, ancaq əslində bu rəqəmin “daha böyük olduğunu” bildirir. Bəzi məlumatlara görə, 2016-cı ildə silahlı qruplar 3 mindən artıq uşağı sıralarına cəlb ediblər.

Hesabatda 13 oğlan və 4 qıza qarşı cinsi zorakılıq sənədləşdirilib, amma Guterres real rəqəmin daha böyük olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG