Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Rusiyadakı ermənistanlılar nədən qorxur – Qərb mediası


Yerevanda etirazlar, 8 may, 2018-ci il
Yerevanda etirazlar, 8 may, 2018-ci il

Ermənistan Rusiyanın başçılıq etdiyi xarici siyasət trayektoriyasından kənara çıxarsa Rusiyadakı ermənistanlı miqrantların sərt rəftarla üzləşə biləcəyi əndişələri vardı. Bu güman Gürcüstan AB və NATO-ya yaxınlaşandan sonra Rusiyadakı gürcüstanlılara kütləvi divantutmaya əsaslanırdı. “New Eastern Europe” portalında Aram Terzyan yazır ki, məxməri inqilabdan sonra Ermənistanın Rusiyaya sarsılmaz sədaqətini niyə yenidən nəzərdən keçirməməsi qızğın siyasi müzakirələrə yol açıb. Amma ortada qızılgül inqilabından sonrakı Gürcüstan təcrübəsi var. O zaman ölkənin Avropaya fundamental yaxınlaşması yolundakı əngəllər Rusiyanın təsirindən çıxmağın əzablı çətinliklərinə işıq salır.

Onda Kreml nəinki Gürcüstana iqtisadi sanksiyalara, siyasi cəza tədbirlərinə əl atdı, həmçinin Rusiyadakı gürcü icmasıyla pis rəftar olundu.

Ermənistanlı maqnatlara təzyiq olunur

Ermənistanda 2018-ci ilin mayında müxalifət lideri Nikol Pashinian dinc küçə etirazları nəticəsində hakimiyyətə gəldi, 10 ildən çox ölkəni idarə etmiş Serzh Sarkisian baş nazir postundan getməyə məcbur oldu.

Məqalədə deyilir ki, Ermənistandan kənardakı ermənistanlıların böyük hissəsi Rusiyada yaşayır. Bu ölkədə 2,5 milyon ermənistanlının olduğu, Rusiyanın isə Ermənistandan əmək miqrasiyası üçün əsas ölkə olduğu qeyd edilir. Müxtəlif hesablamalara görə, Ermənistandan Rusiyaya pul göndərişləri bu ölkənin ÜDM-nin 10 faizindən artığını təşkil edir.

“Rusiyadakı güclü erməni maqnatların Ermənistanda iqtisadi mövcudluğu genişləndirməkdən ötrü Rusiyanın təzyiqinə məruz qalmasının əlamətləri görünür. Məqsəd Kremlin Ermənistan iqtisadiyyatına təsirini artırmaqdır. Ermənistanda doğulmuş milyarder Samvel Karapetyan-ın bu ölkədə iqtisadi iştirakını gücləndirməsi də Rusiyanın siyasətinə bağlı ola bilər. Karapetyan-ın Tashir Group-u 2015-ci ildə Ermənistanın elektrikpaylayıcı şəbəkəsini alıb. 2017-ci ildə isə Ermənistan hökuməti elan elədi ki, milli elektrik paylayıcı şirkət də Tashir tərəfindən idarə olunacaq”, – məqalədə vurğulanır.

“Gürcü dərsi”

Müəllif Ermənistan rəhbərliyinin və Rusiyadakı ermənistanlıların “gürcü dərsi”ndən yaxşı nəticə çıxardığını qeyd edir. 2006-cı ilin oktyabr-noyabrında “qanunsuz miqrasiya və mütəşəkkil cinayətkarlıqla mübarizə” adı altında Rusiyada minlərlə gürcüstanlı saxlandı, onların 2300 nəfəri qovuldu. Bu şəxslərin içində Rusiyada qanuni yaşayan gürcüstanlılar da vardı. Bu kampaniya Gürcüstanın Rusiyayla münasibətlərinə yenidən baxmaq, ölkəni Rusiyanın avtoritar təzyiqindən çəkib çıxartmaq cəhdləri ilə eyni vaxta düşürdü.

Müəllif Rusiyanın Ermənistanda vətəndaş cəmiyyəti fəallığına, Yerevanın AB ilə tərəfdaşlıq razılaşmasına qarşı kampaniya apardığını yada salır. “Bəzi təbliğatçılar Ermənistanın davranışını başqa kişiylə eşqbazlığa başlayan xəyanətkar arvadla müqayisə edirdilər. Əslində isə bu bəyanatların məqsədi Ermənistana təzyiq göstərmək idi”, – yazan müəllif Rusiya hökumətinin ölkədə nifrət cinayətləri ilə mübarizədə effektiv nəticələr ortaya qoymadığını vurğulayır.

“Rusiyadakı ermənistanlılar da bu nifrət qarşısında özlərini təhlükəsiz saymırlar... Bütün bunlar Ermənistan hökumətini Rusiyanı qəzəbləndirməkdən çəkinməyə sövq edir. Elə təəccüblü deyil ki, Pashinyan “qırmızı xətt”i keçmədi, hökumətin başına keçən kimi ölkəsinin Rusiyaya sədaqətini təsdiqlədi”, – məqalədə deyilir.

XS
SM
MD
LG