Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:36

'Kitabıstan'ın direktorunun saxlandığı və buraxıldığı deyilir


Pünhan Əsgərli

Oktyabrın 1-də gecə saatlarında Gürcüstan-Azərbaycan sərhədində saxlandığı deyilən “Kitabıstan” layihəышnin həmtəsisçisi Pünhan Əsgərlinin sərbəst buraxıldığı bildirilir.

Pünhan Əsgərlinin özü AzadlıqRadiosuna deyib ki, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları onunla sərt davaranıblar:

"Dostumla Türkiyədən şəxsi istafadəmiz üçün 100 ədəd işlənmiş kitab gətirəndə gömrük postunda bizi saxlayıb dedilər ki, sərhəddən cəmi iki kitab keçirə bilərik. Biz etiraz etdik ki, kitablar satış üçün nəzərdə tutulmayıb. Bizə cavab verdilər ki, növbə rəisi gəlib qərar verəcək. 4 saat gözləmədən sonra mən qərar barədə soruşanda bir nəfər gəlib dedi ki, kitablar müsadirə edilərək anbara gedir, mənə isə telefonla danışmağa qadağa qoydular. Yenə etiraz etdim və məsələni ictimailəşdirəcəyimi bildirdim. Onda formalı bir nəfər kobud şəkildə qolumdan tutdu, aparmaq istədi, fiziki güc tətbiq etdi, bundan əlavə "barmaqlarını qıraram" dedi".

Pünhan Əsgərlinin qeyd etməsinə görə, növbə rəisinin otağına gətiriləndən sonra rəis ona bildirib ki, qanunsuz hərəkətləri ilə bağlı akt tərtib ediləcək və polisə veriləcək:

"Kitabları adbaad siyahıya almasını tələb etdim ki, sabah həmin kitabları dəyişdirib, yazmasınlar ki, mən radikallığı təbliğ edən kitabları ölkəyə gətirmək istəyirdim. Əvvəl etiraz etsələr də, sonra razılaşdılar və səhərə qədər kitabları siyahıya aldılar. Sonra isə Qazax Rayon Polis Şöbəsi əməkdaşları məni və dostumu şöbəyə apardılar, tibbi ekspertizadan keçdim. İzahat alandan sonra heç bir protokol tərtib etmədən bizi sərbəst buraxdılar. Sərhəddə tərtib edilən aktı isə şikayətimizlə bir yerdə prokurorluğa göndərəcəklərini bildirdilər".

Pünhan Əsgərli əlavə edib ki, ekspertizanın nəticələrinə uyğun olaraq, Hərbi Prokurorluğa şikayət edəcək.

Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Qazax Rayon Polis Şöbəsindən P. Əsgərlinin dediklərinə, hələlik, münasibət almaq mümkün olmayıb.

***

Oktyabrın 1-də gecə saatlarında «Kitabıstan» layihəsinin həmtəsisçisi Pünhan Əsgərlinin Azərbaycan-Gürcüstan sərhədində saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna etatist.com saytının redaktoru Şəhriyar Məcidzadə məlumat verib. Onun sözlərinə görə, P.Əsgərli bu il Uşak Universitetinin məzunu olmuş Orxan Xudiyevlə bir yerdə Türkiyədən qayıdarkən saxlanıb. Ş.Məcidzadənin bildirməsinə görə, telefonla ona deyilib ki, problem O.Xudiyevin Türkiyədən gətirdiyi kitablara görə yaranıb.

«Sərhəd Xidmətinin əməkdaşı gömrük postuna gələrək, işlənmiş kitablar üçün rüsum tələb ediblər, əks təqdirdə kitabların anbara gedəcəyini bildiriblər. Pünhan etirazını bildirib ki, kitablar qadağa olunmuş kitabların siyahısında yoxdur və satış üçün nəzərdə tutulmayıb. Üstəlik, hər biri bir nüsxədədir», - sayt redaktorunun deməsinə görə, ona baş verənlər belə nəql edilib.

Ş Məcidzadənin habelə aldığı məlumata görə, bundan sonra P.Əsgərliyə fiziki güc tətbiq edilib: «Pünhanı hansısa otağa aparıblar, «barmaqlarını qırarıq» deyiblər». Yalnız bu məsələni ictimailəşdirəcəyini deyəndən sonra kitabları aktlaşdırmağa başlayıblar. Sonra Pünhanı başqa otağa aparıb, polis çağırıblar».

Ş.Məcidzadə əlavə edib ki, P.Əsgərlini sərhəd işçilərinin işinə mane olmaqda və xırda xuliqanlıqda ittiham edirlər: «Lakin Pünhanın deməsinə görə, o, ittihamla razılaşmayıb. Hazırda onun mobil telefona zəng çatmır və işin nə yerdə olduğunu bilmirik».

Bu deyilənlərə, hələlik, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

«Kitabıstan» layihəsini gənclər, əsasən, sosial şəbəkələrdə aparırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG