Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 16:28

‘Demokratiyada son nöqtə yoxdur’- Lökbatanda mitinq təklifinə deputatın münasibəti


Elman Nəsirov

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın sentyabrın 28-də mitinq keçirmək üçün istədiyi mərkəzi meydanları vermədi, onlara Lökbatan qəsəbəsini göstərdi. Bu, Milli Şuranın bu il yanvarın 19-da keçirilən aksiyasından sonra onların müraciətlərinə ilk razılıq idi.

Amma Milli Şura Lökbatan qəsəbəsində aksiya keçirməyəcəyini bəyan etdi. İcra hakimiyyəti bundan əvvəl isə “Məhsul” stadionunun ( hazırda təmir gedir) ətrafında yaşayan, çalışan insanların şikayətlərini və son mitinqdə qanunvercilyin tələblərinin pozulduğunu iddia edərək orada aksiyaların keçirilməsinə razılıq vermirdi.

Başa çatan həftə Azərbaycanda sərbəst toplaşmaq azadlığı məsələsi Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) də gündəmə gəldi. Məhkəmə hələ 2011-ci il aprelin 2-də Bakıda icra hakimiyyəti ilə razıılaşdırlmayan aksiyada saxlanan müxalifətçilərin şikayətini əsaslı sayaraq hökuməti üst-üstə təqribən 130 min (təqribən 260 min manat )avroya yaxın cərimələdi. Bəs görək hazırda ölkədə baş verənlər illər öncə qəbul edilən “ Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla nə dərəcədə uyğunluq təşkil edir?
AzadliqRadiosu bu suala cavab tapmaq məqsədi ilə fərqli mövqeli siysatəçilərə və hüquqşünasa üz tutub.

Deputat Elman Nəsirov bildirib ki, Azərbaycan demokratik inkişaf yolunu seçib və demokratiyada son nöqtə yoxdur:

“ Hansı dövlət demokratiyanın zirvəsində olduğunu söyləyirsə, tükənib. Azərbaycan müstəqilliyinin 28-ci illiyini qeyd edəcək, amma bizi bir çox hallarda XVIII əsrdə müstəqil olan ABŞ ilə müqayisə edirlər. Halbuki, ABŞ-da iki əsr sonra,1963-cü ildə Konstitusiyaya dəyişiklik edib hamını bərabər elan etdilər. Əsas odur ki, Azərbaycan demokratik inkişaf yoluyla gedir, bu yolun əsasını da ulu öndər Heydər Əliyev qoyub. O, mətbuata senzuranı, ölüm hökmünü ləğv etdi. Mətbuat üzərində senzura yoxdursa, insanların fikirlərini azad şəkildə ifadə etmək imkanları var. Yəni Azərbaycana 200 il lazım olmadı ki, hamını qanun qarşısında bərabər etsin. Ölkə başçısı İlham Əliyevin apardığı siyasət ondan ibarətdir ki, ilk növbədə insan hüquq və azadlıqları təmin edilir. Əhalinin 80 faizindən çoxu internet istifadəçisidir, 3 milyondan artıq insan sosial şəbəkədədir, deməli, insanlar öz fikirlərini sərbəst ifadə edə bilir”.

“Sadəcə, radikal müxalifətdə 19 yanvar mitinqindən sonra eyforiya yarandı”

Müxalifətin mitinqi, 19 yanvar 2019
Müxalifətin mitinqi, 19 yanvar 2019

Demokratiyanın ən mühüm elementlərindən birinin sərbəst toplaşmaq azadlığı olduğunu söyləyən Elman Nəsirov vurğulayıb ki, Azərbaycanda bu azadlıq tam təmin edilib:

“Müxalifətə mitinqlərini keçirmək üçün “Məhsul” stadionunda yer ayrılırdı, sadəcə, radikal müxalifətdə 19 yanvar mitinqindən sonra eyforiya yarandı. Onlara elə gəldi ki, çox güclü sosial bazaları var və başladılar antikonstitusion şüarlar səsləndirməyə, eyni zamanda, ictimai asayişin pozulması ilə bağlı konkret addmlar atdılar”.

Deputat daha sonra da deyib:

“ Qorxulu tərəf odur ki, üçüncü qüvvə sabitliyi pozmaq üçün həmin vəziyyətdən istifadə edə bilər. Bu gümanlar ümumxalq matəm günündə -20 yanvarda ( 1990-cı il yanvarın 20-də SSRİ qoşunları Bakıda kütləvi qırğın törədib) təsdiqini tapdı, belə bir gündə radikal müxalifət dövlət əleyhinə aksiyalar keçirməyə cəhd göstərdi. Bütün bu reallıqlar hakimiyyətin mitinqlərin məhdudlaşdırılması barədə qərarı ilə nəticələndi. Bir neçə gün əvvəl isə Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə müsbət yanaşıb Lökbatan qəsəbəsində müvafiq yer ayırdı”.

“Yəqin bilirsiniz,...”

Elman Nəsirov AİHM-nin 2011-ci il aksiyası ilə bağlı şikayətləri təmin etməsi barədə isə bildirib ki, Ermənistan bu məhkəmənin qərarlarını ayaq altına atıb:

“Yəqin bilirsiniz, məhkəmə Ermənistanın Laçın rayonundan olan məcburi köçkünlərə kompensasiya ödənməsi barədə qərar çıxarıb, amma riayət olunmur. Əgər Avropa İnsan Hüquqları Məhkəməsi bir insanın hüququnu qorumaq məsuliyyətini üzərinə götürürsə, bir milyondan çox məcburi köçkünlə, Ermənistanın etnik təmizləmə siyasəti ilə bağlı niyə müvafiq sənəd qəbul etmir? Bu gün iki azərbaycanlı girovluqdadır (Dilqəm ƏsgərovŞahbaz Quliyev) və onların barəsində qanunsuz qərar qəbul edilib. Bununla bağlı AİHM heç bir qətnaməsi yoxdur. Təəssüf ki, siyasi sifariş yerinə yetirilməsi görünür. O halda insanlarda AİHM-ə inam, etimad olacaq ki, bir milyon məcburi köçkün barədə qətnamə qəbul ediləcək. Bunlar olmayacağı təqdirdə, 2011-ci il aksiyasında tutulanlar barədə qərarın siyasi məzmun olduğu təsdiqlənir”.

Nurəddin Məmmədli: “Azərbaycanda sərbəst toplaşmaq azadlığı faktiki ləğv olunub”

Nurəddin Məmmədli, 31 avqust 2010
Nurəddin Məmmədli, 31 avqust 2010

Ancaq Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Nurəddin Məmmədli Azərbaycanda sərbəst toplaşmaq azadlığının faktiki olaraq ləğv olunduğunu deyir:

“Hətta beynəlxalq insan hüquqlarına dair Azərbaycan hökumətinin imzaladığı konvensiyaları nəzərdə tutmuram. Məsələ ondadır ki, hakimiyyət Milli Məclisin qəbul etdiyi “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun-un müddəalarına əməl etmir. Faktiki olaraq, Azərbaycan xalqı sərbəst toplaşmaq azadlığından məhrum edilib”.

Nurəddin Məmmədli deyib ki, qanunvericilikdə sərbəst toplaşmaq azadlığı üçün ayrılan yerlər ölkənin mövcud ərazi bölgüsü üzrə aparılıb:

“Yəni Azərbaycanda rayon sistemi tətbiq olunduğundan rayonlarda, şəhərlərdə piketlərin, mitinqlərin keçirilməsi üçün müəyyən yerlər ayrılmalıdır. İkinci tələb ondan ibarətdir ki, icra orqanları sərbəst toplaşmaq azadlığına qadağa qoya bilməz. Yalnız 3 halda sərbəst toplaşmaq azadlığı məhdudlaşdırıla bilər: hərbi, fövqəladə vəziyyətlərdə və bayram günləri. Qalan hallarda icra hakimiyyətləri aksiyalara icazə vermək hüququna sahib deyil. Digər tərəfdən, aksiyanı keçirənlərin icra hakimiyyətlərinə müraciəti icazə üçün nəzərdə tutulmur”.

“Guya, aksiya keçirilən ərazidə vətəndaşların istirahət hüququ pozulur”

Müxalif siyasətçi daha sonra da deyib:

“Təbii ki, mən həmin müraciəti imzalayanlardan biriyəm, bizim müraciət müvafiq orqanlara xəbərdarlıq xarakteri daşıyır ki, onlar aksiyaçıların təhlükəsizliyini təmin etsin. Hakimiyyət isə bunu süni surətdə icazə mexanizminə çevirib. Guya, aksiya keçirilən ərazidə vətəndaşların istirahət hüququ pozulur. Qanunda o da nəzərdə tutulub ki, nəqliyyatın fəaliyyətinin əngəllənməsi, vətəndaşların istirahət hüququnun pozulması və digər hallar aksiyaya icazə verilməməsi üçün əsas ola bilməz. Çünki sərbəst toplaşmaq azadlığı həmin azadlıqlardan fərqli olaraq fundamental azadlıqlar sırasına daxildir. Bu gün Bakıdan kənarda Lökbatan qəsəbəsinə adamları göndərmək cəmiyyəti ələ salmaqdır”.

“Mitinqdən sonra kimsə gedib evdə arvadına döyürsə,...”

Nurəddin Məmmədli deputat Elman Nəsirovun bəzi fikirlərinə də cavab verib:

“Mən 19 yanvar mitinqinin təşkilatçısı kimi Daxili İşlər Nazirliyinə, paytaxt polis idarəsinə və Respublika Prokurorluğuna dəvət olunmuşam. Hər üç orqanda sübut etmişəm ki, irəli sürdüyünüz iddianın heç bir əsası yoxdur. Siz bizə deyirsiniz ki, mitinqdən sonra küçə və meydanlara səpələnən insanlar müəyyən şüarlar səsləndirib. Qanuna görə biz aksiyanın keçirildiyi müddətdə baş verənlərə cavabdehik. İnsanlar küçəyə çıxandan sonra qanunu pozursa, bu, polisin səlahiyyətinə aid məsələdir, qanunu pozanı polis cəzalandırmalıdır. Mitinqdən sonra kimsə gedib evdə arvadına döyürsə, buna görə aksiya təşkilatçıları cavabdeh ola bilməz. Bu cür bəhanələr aksiyalara icazə verilməməsi üçün heç bir əsas olmamalıdır”.

“Mitinqlərin birində iki nəfər İŞID-ın simvollarını qaldırdılar,...”

N.Məmmədli deyir ki, onların aksiyaları nümunəvi qaydada keçirilir:

“ Biz zorakılığa aid çağırışlara yol vermirik... Mitinqlərin birində iki nəfər İŞID-ın simvollarını qaldırdılar, bizim mühafizəçilər onların tutub mənim iştirakımla polisə təhvil verdi. Daxili İşlər Nazirliyində, paytaxt polis idarəsində və Respublika Prokurorluğunda sual verdim ki, niyə ictimaiyyətə onların kim olması barədə informasiya vermədiniz? Çünki İŞID dünyada terror törədən təşkilat olduğundan təqib olunur, bununla bağlı İnterpolun xüsusi şəbəkəsi fəaliyyət göstərir, bəs hüquq-mühafizə orqanları olaraq niyə onları cəzalandırmadınız? Bu cür suallarımıza cavab verə bilmirlər. İkinci, mitinqlərdə nə zamandan istefa şüarları səsləndirmək qanunla qadağan olunub? 20 ildən çoxdur ölkədə seçmək-seçilmək hüququ ləğv olunub. Biz heç vaxt üsyan yoluyla hakimiyyəti dəyişmək istəməmişik. Əksinə, zorakılığa qarşı mübarizə aparırıq. Biz normal şəkildə, qanunlar çərçivəsində mübarizə aparmaq istəyirik. Mövcud qarşıdurma yaxşı heç nə vəd etmir, çünki əhalinin əksər hissəsi səfalət səbəbindən psixoz durumdadır”.


AXCP Ali Məclis sədrinin səsləndirdiyi bu fikirlərə, hələlik, hüquq mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

Hüquqşünas rəyi

Hafiz Həsənov, 22 iyun 2010
Hafiz Həsənov, 22 iyun 2010

“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri, hüquqşünas Hafiz Həsənov da Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin edilmədiyini düşünür. Onun fikrincə, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu və sərbəst toplaşmaq hüququnun həyata keçirilməsi problemli haldır, real olaraq qanun həyata keçirilmir:

“ Deyirlər ki, pis qanunla da yaxşı seçkilər keçirmək olar. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun pis olsa da, onunla hüquqları daha yaxşı təmin etmək olar. Ancaq gerçəklik göstərir ki, həmin pis qanundan pis qaydada da istifadə olunur. Ümumiyyətlə, qanunda aksiyaların keçirilməsi ilə bağlı qadağalar tapmaq olar. Həm predmeti, həm yer, həm məsafə ilə bağlı. Bu baxımdan sərbəst toplaşmaq hüququ ilə əlaqədar həm qanunvericilik, həm də praktika ciddi şəkildə dəyişməlidir. Çünki “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinə imkan vermir. Digər tərəfdən, hakimiyyət də bu hüquqların gerçəkləşməsinə imkan vermir. Ona görə ümumi mənzərə odur ki, nə qanunumuz zəruri hüquqları təmin edir, nə də praktik olaraq sərbəst toplaşmaq azadlığı həyata keçirilir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG