Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:55

Əfqanıstanda prezident seçkisinə kim necə gedir


Abdullah Abdullah (solda) və Gulbuddin Hekmatyar teledebatda
Abdullah Abdullah (solda) və Gulbuddin Hekmatyar teledebatda

Sentyabrın 28-də Əfqanıstanda prezident seçkisi keçiriləcək. Əsas namizədlər indiki prezident Ashraf Ghani və onun birlik hökumətindəki tərəfdaşı, seçkidə əsas rəqibi Abdullah Abdullah-dır. İkinci dərəcəli namizədlər içində dərin mühafizəkar keçmiş səhra komandiri Gulbuddin Hekmatyar da var. O da Ghani kimi paştundur, namizədlər içində paştunları təmsil edən başqaları da var. Bu da Ghani-nin seçici bazasını zəiflədə, seçkinin ikinci raunduna səbəb ola bilər.

Seçki kampaniyası tələm-tələsik keçirilib. Çünki ABŞ Taliban silahlı qruplaşması ilə sülh danışıqlarını sentyabrın 7-də, seçkiyə üç həftə qalmış dayandırdı. Danışıqlarda sülh sazişinin əldə olunması aralıq hökumətin formalaşması demək idi və bu səbəbdən bəzi namizədlər seçki tədbiri keçirmirdi. Abdullah və Ghani ölkənin müxtəlif yerlərində bəzən bir günə 2-3 tədbir keçiriblər. Seçki kampaniyası çərşənbə günü başa çatıb.

Ashraf Ghani (ortada)
Ashraf Ghani (ortada)

Əfqanıstanın Müstəqil Seçki Komissiyası ölkədə 9,6 milyon seçicinin olduğunu bildirir. Təhlükəsizlik durumunu, seçkilərin tarixən saxtalaşdırılması səbəbindən seçici laqeydliyini nəzərə alanda, sabahkı seçkiyə elektoratın neçə faizinin gedəcəyi bəlli deyil.

Namizəd səslərin 51%-ni yığırsa, qalibdir. Çoxluğu qazanan olmasa, ən çox səs toplamış iki namizəd ikinci tura keçəcək. İlkin nəticələr oktyabrın 17-nə, yekun nəticə noyabrın 7-nə gözlənir.

İkinci raundun çətinliyi

İkinci raund gərəkərsə, noyabrın 7-dən sonra iki həftə ərzində keçirilmlidir. Ancaq ölkənin sərt relyefini nəzərə alanda təkrar seçki bir sıra logistika problemləri ortaya çıxaracaq.

Məktəblərdə və məscidlərdə təşkil olunan səsvermə məntəqələrində adətən uzun növbələr yaranır. Səsvermə zamanı gender bölgüsü durumu daha çətinləşdirir. Ötənilki parlament seçkisində əfqanlar bəzi yerlərdə 4-5 saat növbəyə dayanandan sonra səs verə bilmişdilər. Belə uzun növbələr terror hücumlarına da məruz qala bilər.

Təhlükəsizliyə görə məntəqələrin 9 faizə qədər açılmayacaq. Seçki komissiyası 5 min 373 məntəqənin təhlükəsizliyinin təmin olunmasını istəyib. Ancaq təhlükəsizlik agentlikləri 410 məntəqəni qorumağın mümkün olmadığını bildirib.

Seçki günü ölkənin 300 min nəfərlik təhlükəsizlik qüvvəsinin üçdə biri səfərbər olunacaq.

Hazırda Taliban Əfqanıstanın təxminən yarısına nəzarət edir, 2001-ci ildə ABŞ tərəfindən hakimiyyətdən uzaqlaşdırılandan ən güclü mövqedə sayılır.

Ölkədə 14 min ABŞ əsgəri xidmət keçir. Son 18 ildə Əfqanıstanda 2 min 400-dən çox ABŞ əsgəri öldürülüb.

Seçkini 110 minədək müşahidəçi izləyəcək. 18 namizəddən 9-u müşahidəçilərini qeydiyyatdan keçirib. Ghani və Abdullah-ın hərəsinin 26 mindən artıq müşahidəçisi qeydiyyata alınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG