Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 09:57

Sayt bloklanmaya görə nazirliyi məhkəməyə verib


arqument.az

Bugün, sentyabrın 27-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Elçin Məmmədovun sədrliyi ilə arqument.az saytının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib. Redaksiya saytın bu ilin aprelində iki gün bloklandığını bildirərək, bunu qanunsuz hesab edir.

Saytın redaktoru Şəmşəd Ağanın AzadlıqRadiosuna verdiyi məlumata görə, sayt Cəlilabad rayonunda yerli sakinlərin kütləvi etiraz aksiyası haqqında məqalə və videomaterialın dərc edilməsindən sonra bloklanıb. «Saytı blokladılar və bizdən materialları silməyi tələb etdilər. Biz imtina etdik. İki gün sonra saytı açdılar», - redaktor bildirib.

İndi redaksiya üzləşdiklərini bildirdikləri halların qanunsuz sayılmasını xahiş edir.

Redaktorun bildirməsinə görə, məhkəmədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri bu qurumun saytın bloklanması ilə əlaqəsi olmadığını söyləyiblər.

Redaktor vurğulayıb ki, sayt 2 dəfə, hər birində də 2 gün bloklanıb. Hələ 2018-ci il avqustun 8-də Səbail rayon Məhkəməsi saytın bloklanması haqqında qərar çıxarmışdı. Qərarı Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iddia ərizəsi əsasında hakim Elmar Rəhimov vermişdi. Nazir arqument.az-ın orada yerləşdirilmiş iki materiala görə bloklanmasını istəmişdi. Saytın rəhbəri isə demişdi ki, hər iki material başqa saytdan götürülüb, istinadla verilib, üstəlik, yazıda bütün tərəflərin fikirləri də əks olunub.

«Materiallardan biri Lerik rayonunun üç kəndində susuz qalan vətəndaşların prezidentə şikayətidir. Lerikin icra başçısının müavini, «Azərsu» ASC-nin mətbuat xidməti də öz rəyini bildirib. Tam obyektiv materialdır», - redaktor ilk məhkəmədən öncə vurğulamışdı.

Amma avqustun 10-da Apellyasiya Məhkəməsi bu qərarı ləğv etmişdi.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində redaksiyanın hazırki şikayəti üzrə dinləmələr isə oktyabrın 22-də keçirilməlidir.

Xatırlatma

Azərbaycanda saytların bloklanması 2017-ci ilin martından başlanıb. Heç bir xəbərdarlıq edilmədən AzadlıqRadiosunun azadliq.org, «Azadlıq» qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və «Azərbaycan saatı» televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.

Yalnız 2017-ci il mayın 12-də Səbail rayon Məhkəməsi bu saytlara girişin bloklanması ilə bağlı qərar qəbul edib.

Həmin saytlar dövlətin maraq və təhlükəsizliyinə zidd bir sıra materiallar yaymaqda günahlandırılırdı. Hərçənd, müdafiə tərəfi məhkəmədə iddianın əsassız olduğunu bəyan edərək onları yalanlamışdı. Sonradan daha bir çox saytlar bloklanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG