Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 10:38

Səudiyyə Ərəbistanı turist vizaları verməyə başlayır


Ər-Riyad Milli Muzeyi

Səudiyyə Ərəbistanı ilk dəfə olaraq 49 ölkəyə turist vizaları təklif edəcəyini bildirir. Məqsəd tətilə gedənləri cəlb etmək, həmçinin iqtisadiyyatı neftdən diversifikasiya etməkdir.

Sentyabrın 27-də açıqlanmış məlumata görə, Səudiyyə xarici şirkətləri turizm sektoruna sərmayə qoymağa çağıracaq. 2030-cu ilədək turizm sektorunun ÜDM-nin 10 faizini təşkil edəcəyi güman edilir.

“Reuters” agentliyi ölkənin turizm şefi Ahmed al-Khateeb-ə istinadla bildirir ki, qadın turistlərin bütün bədəni örtən geyimdə olması tələb edilməyəcək, ancaq təvazökar geyinmələri istəniləcək. Ölkədə ictimai çimərliklər də yaradılacaq. O, spirtli içkiyə qadağanın qalacağını deyib, əlavə edib ki, “Səudiyyə Ərəbistanına digər şeylərdən zövq almağa gələcək yetərincə turistlərimiz olacaq”.

Vizalar onlayn şəkildə 80 dollara verilir, əvvəlki kimi qadınları kişilərin müşayiət etməsi tələb olunmur.

“Viziyon 2030”

Ancaq müsəlmanların müqəddəs Məkkə və Mədinə şəhərlərinə giriş məhdudlaşdırılacaq. Khateeb deyib ki, Səudiyyə ən çox Çin, Yaponiya, Avropa və Birləşmiş Ştatlardan turist cəlb etmək istəyir.

“Frans Pres” agentliyi yazır ki, turizmə təkan vermək Vəliəhd şahzadə Mohammed bin Salman-ın “Viziyon 2030” islahat proqramının əsas sütunudur, məqsəd ən böyük ərəb iqtisadiyyatını postneft erasına hazırlamaqdır.

“Səudiyyə Ərəbistanını beynəlxalq turistlərin üzünə açmaq ölkəmiz üçün tarixi məqamdır”, – Khateeb bəyanatına deyib.

360 gün ərzində etibarlı olacaq vizalarla ölkədə bir dəfəyə 90 günədək, il ərzində isə 180 günədək qalmaq olar.

Turist vizaları üçün sentyabrın 28-dən müraciət etmək olacaq.

Əslində, dini turizm Səudiyyənin gəlirlərində vacib amildir. Dünyanın hər yerindən zəvvarlar müqəddəs Məkkə və Mədinəni ziyarət edirlər. Amma hökumət ölkənin qalan hissəsini də turizm məkanına çevirməyə çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG