Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Noyabr, bazar, Bakı vaxtı 21:34

Akif Çovdarov yenə şikayətini geri götürdü


A.Çovdarov

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarov yenə fikrini dəyişib. O, ikinci dəfə Ali Məhkəməyə şikayətini geri götürüb. Sentyabrın 26-da Ali Məhkəmədə keçirilən iclasda hakim Əziz Seyidov bu barədə məlumat verib. Bildirib ki, Çovdarov Ali Məhkəməyə şikayətindən imtina barədə ərizə göndərib. Ona görə də kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb.

Keçmiş MTN generalı bu addımı birinci dəfə ötən ilin dekabrında atmışdı. O zaman da Ali Məhkəməyə ərizə göndərmişdi ki, şikayətindən imtina edir. Lakin sonra - aprel ayında fikrini dəyişib yenidən kassasiya şikayəti vermişdi.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib.

Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. Bakı Apellyasiya Məhkəməsi keçmiş müstəntiq V.Ələkbərovun cəzasını 5 ilə endirib.

Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum olunub.

Nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova və daha yeddi nəfər isə birlikdə mühakimə olunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünə, o cümlədən N.Mürvətovaya şərti cəza, qalanlarına isə 3 ildən 14 ilədək həbs verilib.

A.Çovdarov nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, digər üç nəfərə isə 4 ildən 11 ilə qədər həbs cəzası verilmişdi.

Bakı Hərbi Məhkəməsinin bu hökmündən A.Çovdarovun özüylə yanaşı, ailə üzvləri - həyat yoldaşı, iki qızı və oğlu Ruslan Çovdarov da apellyasiya şikayəti vermişdi. Onlar əmlaklarının müsadirəsinə görə hökmdən narazı qalmışdılar. Amma Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib.

Bakı Hərbi Məhkəməsinin hökmündə MTN-çilərin rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var.

Onlardan təxminən iki il sonra – 2017-ci ilin noyabrında sabiq nazir Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov da həbs olunub. Hazırda onun məhkəməsi gedir.

Həbs olunan sabiq MTN-çilərdən bir qismi artıq azadlığa buraxılıb.

2015-ci ilin dekabrında MTN ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG