Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:26

'Atamın vəziyyəti pisdir'-məhkumun məhkum oğlu


Həbs

Hazırda həbsdə olan Azərbaycan İslam Partiyasının Astara rayon təşkilatının sədri Ruhulla Axundzadənin səhhətinin ağırlaşdığı bildirilir.

Bu barədə onun oğlu, hazırda həbsdə olan Məhəmmədəli Axundzadənin yazdığı məktubda bildirilir. O, atasının vəziyyətinin ağır olduğunu, ona lazımı tibbi yardımın göstərilmədiyini iddia edib. «Atama normal tibbi xidmət göstərilməyib. Hətta həkimlərin onun müalicəsi üçün müəyyən etdiyi dərmanları özümüz göndərsək də, həmin dərmanlar ya ona verilməyib, ya da çox gec verilib. Bu da onun səhhətinin daha da ağırlaşmasına səbəb olub. Bundan əlavə, atam artıq üç ildir ki, müayinədən keçirilmir», - M.Axundzadə bildirib.

Onun söyləməsinə görə, Avropa Penitensiar Qaydalarına əsasən, xüsusi müalicə tələb edən xəstə məhbuslar penitensiar müəssisəyə, bu, mümkün olmadıqda xüsusiləşdirilmiş və yaxud mülki xəstəxanaya köçürülməlidir.

M.Axundzadənin sözlərinə görə, 2016-cı ildə atasının vəziyyəti kritik olduğundan onu Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdiriblər. Lakin onun qeyd etməsinə görə, onunla pis rəftar ediblər və o, etirazını bildirdikdə atasını geri qaytarıblar.

M.Axundzadə hesab edir ki, atası ağır vəziyyətdədir, Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə, ya da mülki xəstəxanaya köçürülməlidir.

M.Axundzadənin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma bu qurumdan əvvəl oxşar şikayətlərlə bağlı bildirilib ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrində məhkumlara lazımı tibbi xidmətlər göstərilir.

Xatırlatma

Ruhulla Axundzadə 2011-ci ildə həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib. R.Axundzadə Cinayət Məcəlləsinin 5 maddəsi ilə təqsirli bilinib. Bura qanunsuz silah saxlama, hakimiyyəti zorla ələ keçirməyə cəhd və başqa ağır cinayətlər daxildir. O, ittihamı qəbul etmir. R.Axundzadənin 2013-cü ilin mayında infarkt keçirdiyi bildirilir.

R.Axundazdənin oğlu Məhəmmədəli Axundzadə isə 2016-cı ildə Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O da ittihamı qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG