Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

'Olimpiada qaliblərinin nəticələri belə qəbulda aşağıdır'-Media icmalı


Sizcə, gənclər arasında işsizlik neçə faizdi
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Sizcə, gənclər arasında işsizlik neçə faizdi

Aqrar sahədə vəziyyət, işsizliklə bağlı statistik rəqəmlərə şübhə, məktəbdaxili qiymətləndirmə və başqa məsələlər medianın diqqət ayırdığı mövzulardandır...

«İşsizliyin səviyyəsini müəyyən etmək çətindir»

«Yeni Müsavat» qəzetində «İşsizlərin statistikası real vəziyyəti əks etdirirmi?» sərlövhəli yazı oxumaq olar.

Müəllif Azərbaycanda işsizliklə bağlı rəsmi statistikanın reallığa uyğun olub-olmamasını iqtisadçı Pərviz Heydərovla müzakirə edib.

Yazıda Dövlət Statistika Komitəsinə (DSK) istinadən bildirilir ki, bu il sentyabrın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5191.2 min nəfər olub. Onlardan 4939.1 min nəfərini məşğul əhali təşkil edib.

Yazıda habelə qeyd edilib ki, məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 70.9 min nəfər olub. İşsizlərin cəmi 0.9 faizinə və ya 638 nəfərinə işsizlikdən sığorta ödənişi verilib. Müəllif habelə vurğulayıb ki, işsizlikdən sığorta ödənişinin orta məbləği 233.5 manat olub.

İqtisadçı Pərviz Heydərov isə qəzetə açıqlamasında işsizlərin sayı ilə bağlı rəqəmə şübhə ilə yanaşıb: «...İşsizliyin səviyyəsini dəqiq müəyyən etmək çətindir. Çünki işsizliyin bir neçə növü var. Bu növlər üzrə işsizliyin ümumi vəziyyətini konkret rəqəmlə əks etdirmək əslində praktik olaraq mümkün deyil. Burada qeyri-adi nə isə yoxdur. Bundan əlavə, son vaxtlar əmək müqavilələrinin bağlanması, məşğulluğun təmin edilməsi və kölgə iqtisadiyyatına qarşı aparılan mübarizənin əsas elementlərindən birini təşkil edən qeyri-leqal işçilərin,... üzə çıxarılması istiqamətində aparılan işlər nəticəsində xeyli müsbət nailiyyətlər əldə edilib».

Ekspertin sözlərinə görə, kölgə iqtisadiyyatına qarşı atılan addımlar həm də əmək bazarının öyrənilməsi, real vəziyyətin üzə çıxarılması baxımından müsbətdir: «...Bu addımlar bir qədər də ciddi və davamlı atılarsa, o zaman biz real işsizlik səviyyəsini müəyyən edə bilərik».

K.Əsədov
K.Əsədov

«Məktəbdaxili qiymətləndirmə şəffaf aparılmır»

Lent.az-da «Məktəbdaxili qiymətləndirmə şəffaf aparılmır – problem» sərlövhəli yazı yer alır.

Yazıda məktəbdaxili qiymətləndirmə mövzusunda təhsil üzrə ekspert Kamran Əsədovla söhbət təqdim edilib.

«Keyfiyyətli təhsilin ən mühüm meyarlarından biri də təhsil alanın bilik və bacarığının obyektiv və ədalətli qiymətləndirilməsindən, eləcə də subyektiv təsirlərin aradan qaldırılmasından ibarətdir», - o bildirib.

K.Əsədov əlavə edib ki, indiyədək tətbiq edilən qiymətləndirilmə üsulları - sorğu şəklində aparılan və yazılı imtahanlar heç də bütün hallarda obyektiv qiymətləndirilməni təmin etmir: «Qiymətləndirmənin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən ən yaxşı vasitə son illərdə dünya ölkələrinin əksəriyyətində daha geniş tətbiq edilən test üsulundan istifadədir. Test qiymətləndirmənin daha ədalətli üsulu olub, qiymətləndirmə zamanı bütün tələbələr qarşısında bərabər şərt qoymaqla subyektivliyi praktik olaraq aradan qaldırır».

K.Əsədov daha sonra da deyib ki, ali məktəblərə qəbul və buraxılış imtahanları nəticələrinin elmi-statistik təhlili üzrə araşdırma aparıb: «...Orta məktəbi bütün fənlərdən «3» qiymətlə başa vuran məzunların 95.36 faizinin qəbul imtahanlarındakı nəticələrinin çox zəif – 0-199 bal intervalında olduğu göstərilib. «5» qiymətlə bitirən məzunların isə yalnız 52.03 faizi attestat qiymətlərini doğrulda bilib».

Ekspert iddia edib ki, orta məktəblərdə bəzən formal xarakterli qiymətlər yazırlar: «Qəbul imtahanlarında orta məktəblərdə verilən qiymətlərin öz təsdiqini tapmaması məktəbdaxili qiymətləndirmənin standartlara uyğun keçirilmədiyini, qiymətləndirmə zamanı kənar müdaxilənin olduğunu göstərir. Kimsə bacarığından yüksək bal alırsa, bu, mütləq şəkildə hər hansı bir kənar təsir nəticəsində baş verir. «5» qiymət alanlar da bunu daha çox digər yollarla həyata keçirirlər. Hətta görürük ki, olimpiada qaliblərinin nəticələri belə qəbul imtahanlarında çox aşağı səviyyədədir».

Əkin
Əkin

Kənd təsərrüfatı

«Azərbaycan» qəzetində «Kənd təsərrüfatında məhsul istehsalının dinamikası yüksəkdir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar aqrar sektorun inkişafında mühüm rol oynayır. Yazıda vurğulandığına görə, kənd təsərrüfatında aparılan islahatlar genişmiqyaslıdır: «Bu, məhsul istehsalının artması ilə yanaşı, bölgədə yaşayan əhalinin məşğulluğunun və rifah halının yaxşılaşmasına da öz müsbət təsirini göstərir. Aqrar sektorda çalışanlara dövlət tərəfindən edilən güzəştlər, fermerlərin torpaq vergisindən savayı, bütün növ vergilərdən azad edilməsi, istifadə olunan yanacaq və sürtkü yağlarının,... büdcədən subsidiyalaşdırılması kəndliyə məhsul istehsalının artırılması üçün geniş imkanlar yaradır».

Müəllif qeyd edib ki, cari ilin 6 ayında taxıl istehsalı 40 faiz artıb: «Taxılçılıqda məhsuldarlıq da kifayət qədər yüksəkdir. Belə ki, əvvəllər taxıl istehsalında məhsuldarlıq hər hektardan 20 sentner idisə, indi bu rəqəm 30 sentnerdən çoxdur. İri fermer təsərrüfatlarında məhsuldarlıq 60 sentnerdən də yüksəkdir».

Müəllifin yazmasına görə, ilin birinci yarısında kənd təsərrüfatının digər sahələrində də yüksək nailiyyətlər qazanılıb: «...Bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, barama 25, tərəvəz 14 faiz artıb. Sözsüz ki, aqrar sektorda məhsul istehsalının artması kənd təsərrüfatı məhsullarının ixracını da stimullaşdırır».

Yazının sonunda isə heyvandarlıqdan bəhs edilir: «Keçən ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 3, süd istehsalı 1.7, yumurta istehsalı 6.9, yun istehsalı 1.5 faiz çoxalıb. Bundan başqa, ölkədə 643.2 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir».

XS
SM
MD
LG