Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:09

Müsavatçı gənc prokurorluğa çağırılıb


Ə.Sadıqbəyli

Sentyabrın 17-də Müsavat Partiyasının üzvü Əbülfəz Sadıqbəyli Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırıldığını bildirir.

Onun AzadlıqRadiosuna verdiyi məlumata görə, idarədə 2 saatdan çox ifadə verib.

Ə.Sadıqbəylinin sözlərinə görə, onu idarəyə bugün, sentyabrın 17-də səhər saat 8-də zəng vuraraq çağırıblar: «Mənə aidiyyəti olmayan cinayət işi üzrə şahid qismində ifadə verdim. İltizam verdiyimə görə işin detallarını açıqlaya bilmərəm».

Ə.Sadıqbəyli vurğulayıb ki, bundan əvvəl də bir cinayət işi üzrə şahid qismində dəvət olunsa da, sonra təqsirləndirilən şəxsə çevrilib və həbs olunub. «İndi da belə variant istisna etmirəm, hər şey ola bilər», - Ə.Sadıqbəyli əlavə edib

Baş Prokurorluğun mətbuat xidmətindən «Turan» agentliyinə bildiriblər ki, Ə.Sadıqbəyli istintaq zəruriyyəti yarandığına görə dəvət olunub. Məsələ ilə bağlı qurumdan əlavə məlumat almaq mümkün olmayıb.

Xatırlatma

2018-ci il noyabrın 21-də Səbail rayon Məhkəməsi Ə.Sadıqbəyli barəsində həbs-qətimkan tədbiri seçib. Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə ittiham verilib. O, «Nikoilbank»ın adından saxta sənəd hazırlayıb istifadə etməkdə suçlanıb. İttihama görə, gənc fəal bankın krediti ilə aldığı «Niva» markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı Yol polisinə təqdim edərək avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edib. Ə.Sadıqbəyli isə ittihamla razılaşmır.

Bu il martın 6-da Qaradağ rayon Məhkəməsi ona 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verib. Onun həbsdə saxlandığı 3 ay 15 günün hər günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulub. Ona görə də cəzasından 7 ay çıxılıb. Üzərində 1 il 11 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanan Ə.Sadıqbəyli məhkəmə zalından azadlığa buraxılıb. Onun üzərində şərti məhkumluq qalıb.

Müsavat Partiyası həbsi siyasi motivli sayırdı. Amma rəsmi qurumlar ölkədə siyasi motivli həbslərin olmasi ilə bağlı iddiaları qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG