Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 06:58

Honq Konq etirazlarının 100-cü günüdür


Honq Konqun mərkəzi, 15 sentyabr, 2019-cu il
Honq Konqun mərkəzi, 15 sentyabr, 2019-cu il

Sentyabrın 16-da Honq Konq etirazlarının 100-cü günü tamam olur. Bu, 1997-ci ildən – Britaniya bu keçmiş koloniyasını Çinə transfer edəndən yarımmuxtar regionda ən ağır böhran sayılır.

Ötən həftəsonu zorakı toqquşma və etirazlardan sonra şirkətlər, metrostansiyaları işini bərpa edib. Xəbəri “Reuters” yayıb.

Vətəndaş Hüquqları Cəbhəsi 15 sentyabr yürüşünə icazə ala bilməyib, ancaq sentyabrın 28-nə və oktyabrın 1-nə yeni yürüşlər planlaşdırır.

Oktyabrın 1-də həm də Çinin hakim Kommunist Partiyasının hakimiyyətə gəlişinin 70 illiyidir.

Sentyabrın 15-də, etirazların 99-cu günündə onminlərlə adam icazəsiz aksiyaya çıxıb.

Molotov kokteyllərinə qarşı su şırnaqları

Honq Konqun mərkəzindəki hökumət binaları kompleksinin qarşısında Molotov kokteylləri atan etirazçılara qarşı polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

Etirazçılardan bəziləri ABŞ və Britaniya bayraqlarını qaldırıb, iqtisadi islahatlara çağırıb.

Yürüş nəticəsində nəqliyyatın işi pozulub, mərkəzdəki mağazaların çoxu qapılarını bağlamalı olub.

Britaniya Konsulluğu qarşısında dayanan etirazçılar Britaniyanın bayraqlarını qaldırıb, “İlahi, kraliçanı hifz et!” (“God Save The Queen”) himnini oxuyublar. Etirazçıların məqsədi daha çox beynəlxalq dəstək əldə etməkdir.

Yüzlərlə etirazçı hökumət binalarını hədəfə alıb, polis baryerlərinə kərpic, Molotov kokteylləri atıb.

Xəsarət alanlar, yaxud həbslər barədə hələlik, məlumat yoxdur.

Honq Konqda etirazlar ilkin olaraq iyunda, şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinə qarşı başlanıb. Sonradan hökumət layihəni geri çəkdi, ancaq etirazçılar tələblərini genişləndirdilər, birbaşa seçki, daha böyük polis hesabatlılığı tələb etməyə başladılar.

Etirazların əvvəlindən 1300-dən çox adam həbs olunub.

XS
SM
MD
LG