Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 18:51

Mərkəzi Bank yenə uçot dərəcəsini endirdi


AMB

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8.25 faizdən 8 faizə endirilməsi haqqında qərar qəbul edib.

Bu barədə məlumat bugün, sentyabrın 13-də açıqlanıb.

Faiz dəhlizinin aşağı həddi 6.25, yuxarı həddi isə 9.75 faiz (uçot dərəcəsinə ±1.75 faizlik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərar sentyabrın 13-dən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin paramentlərinə növbəti dəfə oktyabrın 25-də baxacaq.

Mərkəzi Bank bildirir ki, faktiki inflyasiya hədəf diapazonunun ortasından aşağıda qalır, qısamüddətli inflyasiya gözləntilərinin dinamikasında əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. «Yenilənmiş proqnozlara görə, 2019-cu ilin sonuna inflyasiya dəhlizin orta səviyyəsindən bir qədər yuxarı olmaqla, hədəf diapazonu (4±2 faiz) daxilində qalacaq», - Mərkəzi Bank hesab edir.

Bununla belə, Mərkəzi Bankın açıqlamasına görə, risklər balansının təhlili göstərir ki, xarici amillər daxili amillərə nisbətən ortamüddətli perspektivdə inflyasiya üçün daha böyük təhdid potensialı daşıyır: «Mərkəzi Bank bu risklərin monitorinqini davam etdirəcək və inflyasiyanı hədəfdə saxlamaq üçün sərəncamındakı alətlərdən adekvat istifadə edəcək».

Qurum habelə hesab edir ki, monetar (pul-kredit) şərait neytrallığa yaxınlaşmaqda davam edir. İlin əvvəlindən manatla pul bazası 6.6 faiz artıb.

Mərkəzi Bankın açıqlamasına görə, 2019-cu ilin yanvar-iyul aylarında ümumi daxili məhsul real olaraq 2.5 faiz artıb: «Neft qiymətlərinin cari səviyyəsi (ilin ötən dövründə 65 ABŞ dolları) şəraitində xarici ticarət balansı profisitli olub. İlkin məlumata görə, 8 ayda ixrac 5.1 faiz, o cümlədən, qeyri-neft ixracı 15.4 faiz artıb. Monetar qızıl nəzərə alınmadan qeyri-neft idxalının artım tempi 11.7 faiz təşkil edib».

Mərkəzi Bank vurğulayıb ki, ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 10.5 faiz və ya 4.7 mlrd. dollar artaraq 49.4 mlrd. dollara çatıb.

Xatırlatma

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini bundan öncə, iyulun 26-da endirmişdi. Onda uçot dərəcəsinin 8.5 faizdən 8.25 faizə endirilməsi haqqında qərar verilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG