Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Azərbaycan müxalifəti iqtidarı ədalətli seçki keçirməyə məcbur edə bilərmi?


YAP hansı xarici müdaxilədən narahatdır?
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

YAP hansı xarici müdaxilədən narahatdır?

Qonşu Türkiyədə bələdiyyə seçkisinin qalmaqalı, həyacanı unudulmamış, Azərbaycanda da bələdiyyə seçkisi müzakirələri başlayıb. Seçki dekabrın 27-də keçiriləcək.

Bəs Azərbaycanda bələdiyyə seçkinin siyasi mənzərəsi necə olacaq?

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin fikirlərini öyrənib:

Bələdiyyələrin fəaliyyəti sizi qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Müsavat Partiyasının başqanı Arif Hacılı deyir ki, son 10 ildə partiya üzvlərinin bələdiyyə seçkilərində iştirak etməyə marağı olmayıb.

Onun sözlərinə görə, sonuncu dəfə 1999-cu ildə bələdiyyə seçkisində iki minə qədər Müsavat üzvü seçilmişdi, o vaxt ümid edirdilər ki, bələdiyyələr yerli idarəetməni təşkil edə biləcəklər və bələdiyyələrin nüfuzu getdikcə artacaq. Arif Hacılı bildirir ki, sonradan bu ümidlər özünü doğrultmadı və seçkiyə maraq azaldı:

“Sonuncu bələdiyyə seçkisində Müsavat Partiyası ümumuyyətlə iştirak etmədi, üzvlərimiz seçkilərə qatılmadı. Bu, iki səbəblə bağlıdır. Bir tərəfdən bələdiyyələrin real hakimiyyəti və səlahiyyətləri yoxdur. Digər tərəfdən, keçirilən seçkilərin saxta olması müxalifətçilərin parlamentə daxil olması və ya bələdiyyələrin tərkibinə daxil olma imkanlarını minimuma endirir, ona görə də partiya strukturlarında bu seçkilərdə iştiraka maraq yoxdur. Ancaq biz hələ bu barədə qərar qəbul etməmişik. Müsavat Partiyası bu məsələləri müzakirə edəcək və qərar qəbul edəcək”.

Hakimiyyətə təkliflər hazırlanıb

Arif Hacılı bildirir ki, bu günlərdə Müsavat Partiyası, Xalq Cəbhəsi və ReAL partiyası bələdiyyə seçkiləri ilə bağlı dəyirmi masa keçirib və hakimiyyətə təkliflər hazırlayıblar. Onlar bələdiyyələrin nüfuzunun artmasını, Seçki Məcəlləsinin dəyişməsini tələb edirlər.

Arif Hacılı deyir ki, təklifləri qəbul olunmasa və vəziyyət indiki kimi saxlanılsa, bələdiyyə seçkisinə qatılmaq ehtimalları azdır.

Bu ayın 6-da keçirilən müxalifətin həmin toplantısında Xalq Cəbhəsi Partiyasının Məclis sədri Nurəddin Məmmədli deyib ki, partiyası ölkədə demokratik mühit yaratmaq üçün digər siyasi qüvvələrlə birgə hərəkət etməyə hazırdır.

O bildirib ki, mövcud qanunvericilik və təcrübə, seçki komissiyalarının tərkibləri demokratik seçkilər keçirməyə imkan vermir.

"Biz birləşməli və hakimiyyəti ədalətli seçkilər keçirməyə məcbur etməliyik, Gürcüstan, Ukrayna, Tunis və Ermənistandakı demokratların etdiyi kimi".

Nurəddin Məmmədli AXCP-nin seçkiləri boykot etməyə çağırdığı haqqında iddiaları təkzib edib.

Əli Əhmədov, Siyavuş Novruzov...

Amma hakim Yeni Azərbaycan Partiyasının sədrinin müavini Əli Əhmədov tənqidlərlə razı deyil. AzərTac sentyabrın 7-də yazdığına görə, Əli Əhmədov bildirib ki, müxalifət bələdiyyə seçkisini gözdən salmağa çalışır:

“Onların apardıqları siyasi kampaniya əslində siyasi müxalifət anlayışının mahiyyətinin ciddi şəkildə tənəzzülü ilə müşayiət olunmaqdadır. Xüsusi qeyd olunmalıdır ki, müxalifətin müəyyən kəsiminin apardığı “siyasi kampaniya” mənəvi terror, yalan məlumatlar yaymaq, böhtan atmaq üzərində qurulub”.

ReAL partiyasının məclis başqanı Azər Qasımlı deyir ki, partiyada seçkidə iştirakla bağlı müzakirə gedir, durumu araşdırmaq üçün məruzəçi təyin olunub. Onun sözlərinə görə, hazırda partiya daxilində iki fikir var. Birinci fikri müdafiə edənlər deyirlər ki, bələdiyyə seçkisində iştirak lazımdır, digər fikir isə belədir ki, onsuz da bələdiyyə seçkisinin önəmi yoxdur, bura resurs xərcləməkdənsə, parlament seçkisinə hazırlaşmaq lazımdır.

Azər Qasımlı
Azər Qasımlı

Azər Qasımlı deyir ki, hələlik müzakirə gedir, onun şəxsi fikri isə belədir ki, bələdiyyə seçkisi acınacaqlı durumdadır:

“Bələdiyyələrin bizim həyatımıza o qədər də təsiri, əhəmiyyəti olmadığına görə, insanlar buna önəm vermirlər. Digər tərəfdən də seçkilər saxtalaşdırılır. Təbii ki, insanların da seçkilərə marağı itir. Siyasi təşkilatlar da seçkiləri boykot etdiyi zaman, seçkilərdə iştirak etmədikləri zaman bizim indi gördüyümüz mənzərə yaranır. İnsanlar seçkiyə getmirlər və seçkiyə maraq itir. Parlament seçkilərində belə vəziyyət o qədər yaxşı deyil, bələdiyyə seçkilərində isə vəziyyət ümumiyyətlə acınacaqlıdır”.

Azər Qasımlı deyir ki, seçkidə iştirakla bağlı yaxın günlərdə qərar verəcəklər.

Azərbaycan seçkilərin azad və ədalətli keçirilməməsinə görə, beynəlxalq insan haqları qurumları və institutları tərəfindən də tənqid olunur.

Keçən seçkidə partiyalar arasında ən çox yerləri hakim YAP tutub. Bələdiyyələrin səlahiyyət müddəti beş ildir.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov mətbuata müsahibəsində deyib ki, Azərbaycanda hazırda 20 minə yaxın bələdiyyə üzvü var.

Onun sözlərinə görə, bələdiyyələrin yetərincə səlahiyyəti var, onlar işlərini düzgün qurmalıdırlar.

Təndiqçilərsə bildirirlər ki, bələdiyyələr daha çox yerli icra hakimiyyəti orqanlarının nəzarəti altındadır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG