Dünən – sentyabrın 10-da İraqın müqəddəs Kərbəla şəhərində Aşura mərasimi zamanı İmam Hüseyn məbədində basabas yaranıb, azı 31 nəfər həlak olub, 102 nəfər yaralanıb.
İraqın Səhiyyə Nazirliyinin açıqladığı ölü sayının artacağı xəbər verilir, çünki azı 9 nəfərin vəziyyəti ağırdır. 30 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada vəfat edib.
Nazirlik onların necə öldüyünü açıqlamasa da, məbəddə çalışanlar “Reuters” agentliyinə qarışıqlığın mərasimin sonuna doğru yarandığını deyiblər. Minlərlə zəvvar Tuvairic (Tuwairij) yürüşü kimi tanınan mərasim zamanı məbədə doğru gedirmiş.
“Zəvvarlar bir-birinin üstünə yıxıldı və onları çəkib çıxarda bilmədik”, – zəvvar Abdel Mahdi agentliyə deyib.
Sosial mediada yayılmış fotlarda onlarla adamın qan içində yerə yıxıldığı, digər zəvvarların onlara kömək etməyə çalışdığını görmək olur.
Baş nazir Adel Abdul Mahdi ölənlərin ailələrinə başsağlığı verib, Səhiyyə naziri isə xəstəxanada yaralılara baş çəkib.
Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.
Hər il milyonlarla insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ilində Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.
Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir («Aşura» ərəb dilindən tərcümədə «10-cu gün» deməkdir). Hüseyn və onun tərəfdarları Məhərrəm ayının məhz 10-da qətlə yetiriliblər.
Aşura mərasimlərində bundan öncə də qarışıqlıq baş verib.
2004-cü ildə Aşura vaxtı Kərbəla və Bağdadda məbədlərdə eyni vaxtda partlayışlar törədilmiş, 140-dan çox zəvvar həlak olmuşdu.
Bir il sonra isə Bağdadda Dəclə çayı üzərində körpüdə basabasda azı 965 zəvvar ölmüşdü.