Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Dekabr, şənbə, Bakı vaxtı 18:15

İran Astarasından ucalan mərsiyə səsi...


Qum məscidi

Sentyabrın 10-da səhər saatlarında İranla sərhəd Astara keçid məntəqəsində sakitlik idi. Arabir İrandan gələnlər gözə dəyirdi. Sərhədyanı mağazalar isə bağlanmışdı.

Bunu Aşura günü ilə izah edirdilər. Bir yerli sakin deyirdi ki, Aşura günü ilə bağlı İran Astarasında da alış-veriş dayanır. «Buna görə də İrana gedən yoxdur», - deyə o qeyd edib...

İran Astarasında ucalan mərsiyə səsi Azərbaycanın qonşu eyniadlı rayonunun ərazisində aydın eşidilirdi. Astara rayonundakı Qum məscidində isə qələbəlik var idi. Məscidin içərisində adamlar mərsiyə deyir, sinələrinə döyürdülər. Onlara məscidin ərazisində buna imkan verilmədiyi söylənirdi. Məscidin ətrafında polislər durmuşdu...

Gəzəndaş türbəsi
Gəzəndaş türbəsi

Astara rayonunun Ərçivan qəsəbəsinin Məhəmməd Hənəfiyə məscidinə də baş çəkdik. Bu məscid Bakı-Astara yolun üstündə yerləşir. Orada da polisləri gördük. Məscidin həyəti adamlarla dolu idi. Əvvəlki illər Aşura günü məsciddən 3-4 kilometr uzaqda olan Gəzəndaş deyilən türbəyə dindarlar yürüş edirdilər. Bu dəfə onların yürüş keçirilməsinə razılıq verilmədiyi bildirilir.

Gəzəndaş türbəsi...

Gəzəndaş türbəsində yüzlərlə adam toplaşmışdı. Orada açıq havada mərsiyə deyir, sinələrinə döyür və zəncir vururdular. Mərasimi aparan deyirdi ki, hamı bura könüllü toplaşıb, heç kimi zorla bura gətirməyiblər.

İranla sərhəddə yerləşən Astara rayonunda 50-dən yuxarı məscid var.

Xatırlatma

Məhərrəm ayının 1-i miladi təqvimlə bu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edir. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura fətva verib.

QMİ mərasimlərdə bədənə zəncir vurmağı və başqa oxşar halları düzgün hesab etmir. Üstəlik, yerli hakimiyyət orqanları ilə razılaşdırılmayan yerlərdə mərasimlərin keçirilməsi də məqbul sayılmır.

Sentyabrın 10-da Aşura günü ilə bağlı ölkənin bir sıra yerlərində hemofiliyalı və talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirildiyi açıqlanıb.

Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ilində Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir («Aşura» ərəb dilindən tərcümədə «10-cu gün» deməkdir). Hüseyn və onun tərəfdarları Məhərrəm ayının məhz 10-da qətlə yetiriliblər.

XS
SM
MD
LG