Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Sentyabr, bazar, Bakı vaxtı 09:34

Əli Kərimlinin mühafizəçisinə 30 sutka verilib


R.Əmirli

Bugün, sentyabrın 11-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə AXCP fəalı Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verilib.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat veriblər. Partiyadan bildirildiyinə görə, cəbhəçi xırda xuliqanlıqla, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda günahlandırılıb.

AXCP-dən ittihamı qurama sayırlar. Bu açıqlamaya, hələlik, Yasamal Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

Yeri bilinməyən cəbhəçidən xəbər var

Sentyabrın 10-da Milli Onkologiya Mərkəzinin qarşısında saxlanaraq naməlum istiqamətə aparıldığı deyilən AXCP üzvü Ruslan Əmirlidən xəbər var.

AXCP-dən verilən məlumata görə, o, sentyabrın 10-dan 11-nə keçən gecəni Yasamal Rayon Polis İdarəsinin 29 saylı Polis Bölməsində keçirib.

Partiyadan bildirildiyinə görə, hazırda R.Əmirli Yasamal Rayon Məhkəməsinə gətirilib. «Amma məhkəmədə iştirak etmək istəyən, binanın qarşısına toplaşan insanları burdan uzaqlaşdırırlar», - AXCP-dən vurğulayıblar.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Yasamal rayon Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb.

R.Əmirlinin AXCP sədri Əli Kərimlini ictimai əsaslarla mühafizə etdiyi söylənir.

AXCP fəalının saxlandığı güman edilir

Bugün, sentyabrın 10-da saat 17.30 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Əmirlinin Bakıda Milli Onkologiya Mərkəzinin qarşısında saxlanıb, naməlum istiqamətə aparıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat veriblər.

Partiyadan qeyd edildiyinə görə, 5-6 nəfər mülkigeyimli şəxs onu zorla avtomobilə əyləşdirərək naməlum istiqamətə aparıblar. «R.Əmirliyə qarşı baş verəcək hər hansı hadisəyə görə hakimiyyət strukturları məsuliyyət daşıyır. Hüquq-mühafizə orqanlarından cavab gözləyirik. R.Əmirli bir neçə gün öncə ölümlə təhdid edilmişdi», - AXCP-dən vurğulayıblar.

Bu açıqlamaya, hələlik, hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

AXCP-dən bildirildiyinə görə, bu il onların 80-dən çox fəalları inzibati qaydada cəzalandırılıb. Onların 60-dan çoxunun inzibati qaydada həbs edildiyi bildirilir. Partiya həmin fəalların müxtəlif ittihamlarla şərlənərək məhz siyasi fəaliyyətlərinə görə cəzalandırıldığını açıqlayıb. Amma açıqlanan bu rəqəmləri də rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Rəsmilər, bir qayda olaraq, ölkədə fundamental azadlıqların qorunduğunu vurğulayırlar. Onların deməsinə görə, bu ölkədə heç kim dinc siyasi fəaliyyətinə görə təqib və təzyiqlərlə üzləşmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG