Kremlin tənqidçisi Aleksei Navalny seçiciləri Vahid Rusiyanı məğlub etməyə ən şansı namizədə səs verməyə çağırmışdı. O, Twitter-də yazıb ki, “smart səsvermə” taktikası “fantastic nəticə” verib.
İctimaiyyətin hakim partiyadan narazılığının artmasına baxmayaraq, seçkilər Putin üçün tamamilə pis keçməyib. Sentyabrın 8-də 16 qubernator yerinə seçkidə Kremlin dəstəklədiyi indiki qubernatorlar, yaxud qubernator əvəzləri öndə gedir. Məlumatı “Current Time” yayıb.
Seçki öncəsi Putin yeddi qubernatoru dəyişmişdi, görünür, ötən ilin acı təcrübəsinin yaşanmasını istəmirdi. O zaman Kremlin dəstəklədiyi bir neçə namizəd seçkini uduzmuşdu.
Ölkənin ikinci böyük şəhəri olan Sankt Peterburqda qubernator vəzifəsini icra edən Aleksandr Beglov 64 faizdən çox səs yığıb. Bülletenlərin isə 90 faizdən çoxu sayılıb.
İyulda seçki rəsmiləri onlarla müstəqil namizədi seçkiyə buraxmadı, onların yığdığı imzaları etibarsız saydı. Şərhçilər deyirdilər ki, müstəqil namizədlər seçki vasitəsilə müxalifətin hələ də siyasi qüvvə kimi qalması mesajını ötürməyə çalışırdılar. Qeydiyyata alınmayan namizədlər yerli rəsmiləri onları səsvermədən kənar saxlamağa çalışmaqda ittiham edirdi.
İyuldan bəri Rusiyada keçirilən etirazlarda minlərlə adam qısa müddətə saxlanıb. Avqustun 10-da Moskvada yürüşə 50 minədək etirazçı çıxmışdı.
***
Moskva şəhər şurasına seçkidə hakim partiyanın yerlərinin sayı azalıb. Bu seçkidən öncə ölkədə bir neçə həftə dalbadal etiraz aksiyaları keçirilmişdi.
Prezident Vladimir Putin-in Vahid Rusiya partiyası Moskva Şəhər Dumasındakı 45 yerin 26-na sahiblənib və bu, çoxluğu saxlamağa yetərlidir. “RIA Novosti” sentyabrın 9-da bülletenlərin demək olar hamısının sayıldığını xəbər verir.
“Reuters” yazır ki, 2014-cü ildə keçirilmiş seçkidə hakim partiya 28 yer qazanmışdı, daha 10 müstəqil namizəd isə onu dəstəkləyirdi.
Vahid Rusiya üzvləri seçkiyə “müstəqil” kimi qatılıb, görünür, özlərini getdikcə populyarlığını itirən partiyadan uzaqlaşdırmağa çalışıblar.
“RIA” Kommunist Partiyasını 8 sentyabr seçkisində 13 yer qazandığını xəbər verir. Bu partiya öncəki seçkidə beş yerə sahiblənmişdi.
Yabloko və Ədalətli Rusiya partiyaları isə hərəyə üç yer əldə ediblər.
Bu üç partiya müxalifətdə sayılsa da, daha çox Kremlin təşəbbüslərini dəstəkləyirlər.
Rusiyada yerli və bələdiyyə seçkiləri Putin üçün ciddi sınaq hesab olunurdu.
Diqqət Moskvaya yönəlmişdi, çünki müstəqil namizədlərin seçkiyə buraxılmaması etirazlara səbəb olmuşdu.
Müstəqil seçki monitorinqi mərkəzi olan “Golos” sentyabrın 8-də axşam Rusiyada 1700-dən artıq seçki pozuntusunun qeydə alındığını, bunun 560-dan artığının Moskvada baş verdiyini bildirib.
Sosial mediada seçki fırıldağına dair saysız məlumatlar yerləşdirilsə də, AzadlıqRadiosu (RFE/RL) onları müstəqil təsdiqlədə bilməyib.
Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova-nın sözlərinə görə, indiyədək “istənilən seçkimizin etibarsızlığına dəlalət edəcək informasiya aşkarlanmayıb”.