Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

'...qiymətlərin yüksəlməsinə təsir edə bilər'-Media icmalı


AMB
AMB

«Çıraq Neft Layihəsi»nin nəticələri, ölkədə ömürlük cəza çəkən dustaqlar, Mərkəzi Bankdan uçot dərəcəsinə aid gözləntilər və başqa məsələlər medianın yer ayırdığı mövzulardandır...

Mərkəzi Bank yeni qərarını açıqlayacaq

Marja.az-da «Bu həftənin son iş günü Mərkəzi Bank yeni qərarını açıqlayacaq» sərlövhəli yazı oxumaq olar.

Yazıda ehtimal edilir ki, sentyabrdan minimum əməkhaqqının, oktyabrdan isə minimum pensiyanın artırılması qiymətlərin yüksəlməsinə təsir edə bilər. Müəllifin fikrincə, inflyasiyanın sürətlənməsi faizlərin daha da aşağı salınması qarşısında məhdud maneə ola bilər: «Ümumən, iqtisadi artımın davam etdiyini, ölkə daxilində qiymətlərin kəskin yüksəlmədiyini, neftin qiymətinin 60 dollar ətrafında qaldığını,... qlobal ərzaq qiymətlərinin düşdüyünü, dünyada faizlərin aşağı salınması tendensiyasının başladığını nəzərə alsaq, Azərbaycan Mərkəzi Bankının da sentyabr iclasında ən azı 0.25 bənd faiz endirəcəyi ehtimalı böyükdür».

Sayt xatırladıb ki, Mərkəzi Bank bundan əvvəl bəyan etmişdi ki, faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsi, inflyasiya gözləntiləri, xarici mühitin dəyişimi və maliyyə bazarlarının buna reaksiyasından asılı olaraq qəbul ediləcək.

Müəllif habelə nəzərə çatdırıb ki, iyulda Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 8.50 faizdən 8.25 faizə endirilməsi barədə qərar vermişdi. Faiz dəhlizinin yuxarı həddi 10.25, aşağı həddi isə 6.25 faiz (uçot dərəcəsinə ±2 faizlik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdi. Sayt onu da xatırladıb ki, Mərkəzi Bank 2019-cu ildə 5 dəfə faiz endirib.

Həbsxana
Həbsxana

Ömürlük cəza çəkənlər

Modern.az-da «Azərbaycanda 300-dək məhkum ömürlük həbs cəzası alıb» sərlövhəli yazı yer alır.

Müəllif Azərbaycanda ömürlük dustaqlarla bağlı Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquqşünas Əliməmməd Nuriyevlə söhbətləşib. «Hazırda Azərbaycanda 300 nəfərə yaxın ömürlük azadlıqdan məhrum edilən şəxs var», - Ə.Nuriyev sayta bildirib. Onun sözlərinə görə, hər il ölkədə bir neçə nəfər ömürlük azadlıqdan məhrumetmə cəzası alır: «Bu cəzaya layiq görülənlər ağır, xüsusilə ağır cinayət törətmiş, dövlətə xəyanət edən, terrorçuluq fəaliyyəti ilə məşğul olan şəxslərdir. Ömürlük məhkumların sayı bütün cinayət etmiş şəxslərin sayından çox azdır».

Müəllif rəsmi statistikaya əsasən Azərbaycanda 1998-ci ildən 2017-ci ilə kimi ömürlük cəza alanların statistikasını təqdim edir. Statistikaya əsasən, qeyd edilən illər üzrə ən çox ömürlük cəza alanlar 2000-ci, 2002-ci, 2003-cü illərə təsadüf edir. Ən az ömürlük cəza qərarı isə 2015-ci və 2017-ci illərdə verilib. Açıqlanan rəqəmlərə görə, 2018-ci ildə isə 7 nəfər ömürlük həbsə məhkum edilib: «Məhkəmə… cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq…, ömürlük azadlıqdan məhrumetmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəz və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər».

Xəzərdə neft platforması
Xəzərdə neft platforması

«Çıraq Neft Layihəsi»

«Azərbaycan» qəzetində «Çıraq Neft Layihəsi» bütövlüklə Azərbaycanda həyata keçirildi» sərlövhəli yazı dərc edilib.

Müəllif xatırladıb ki, 2010-cu ilin martında dəyəri 6 milyard dollar olan «Çıraq Neft Layihəsi»nin (ÇNL) işlənməsinə qərar verilib. Yazıda vurğulandığına görə, belə irihəcmli investisiyanın yönəldilməsi «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlarında layların neftveriminin optimallaşdırılmasına xidmət edirdi: «Qarşıya qoyulan məqsəd bu yataqlarda hasilatın sonrakı azalmalarını ləngitmək, çıxarılan neftin həcminin artmasına kömək etmək, başqa sözlə, hasilatın yüksək səviyyəsinin ömrünü uzatmaq idi. ÇNL-in gerçəkləşməsi nəticəsində «Azəri-Çıraq-Günəşli» yataqlarından neft hasilatının həcminin 360 milyon barel artacağı gözlənilirdi».

Yazıda habelə bildirilib ki, layihəyə mövcud «Çıraq» və «Dərinsulu Günəşli» qurğularının arasındakı ərazidə yeni bir platformanın tikintisi daxil edilib: «Bu, «Əsrin müqaviləsi»nin ilkini olan «Çıraq»dan ad almış «Qərbi Çıraq» idi».

Müəllif xatırladıb ki, 2014-cü il yanvarın 28-də platformadan ilk neft alınıb. Yazıda qeyd edildiyinə görə, AÇG-nin digər platformalarında olduğu kimi, «Qərbi Çıraq»da da hasilat öncəqazma quyularından başlayıb.

Yazının sonunda da oxuyuruq: ««Qərbi Çıraq» məhsul verməkdə davam edir. 2014-cü ilin yanvar ayından keçən ilin sonunadək platformadan 151.1 milyon barel (20.4 milyon ton) neft hasil olunub. Keçən il «Qərbi Çıraq» 20.7 milyon barel, yəni 2.8 milyon ton qara qızıl verib. Bu ilin birinci yarısında platformanın gündəlik neft hasilatı 60 min barel təşkil edib».

XS
SM
MD
LG