Facebook sosial şəbəkəsinin 400 milyondan çox istifadəçisinin telefon nömrələrinə onlayn çıxış mümkün olub. Bu haqda TechCrunch nəşri yazıb.
Parolla qorunmayan serverdə yüzmilyonlarla qeyd saxlanır. Buraya istifadəçilərin unikal Facebook nömrələri, eləcə də telefonları daxildir. Birincilərə ümumi çıxış olsa da, Facebook telefon nömrələrinə çıxışı məhdudlaşdırmışdı.
TechCrunch yazır ki, bəzi qeydlərdə istifadəçilərin adları, cinsləri və yaşadığı ölkə haqda məlumatlar olub. Bazada ABŞ-dan 133 milyon, Vyetnamdan 50 milyon, Böyük Britaniyadan 18 milyon hesab haqda bilgi varmış.
Nəşr qeyd edir ki, bu məlumatlara açıq çıxışın olması istifadəçilərin spem və dələduzluq qurbanına çevriləcəyini istisna eləmir.
ABŞ-ın Federal Ticarət Komissiyası istifadəçilər haqda məlumatın yayılmasına görə Facebook şirkətini 5 milyard dollar cərimələmişdi. Sosial şəbəkə daha 100 milyon dollar cəriməni isə qiymətli kağızlar komissiyasının iddiasına görə ödəməlidir. Hökumətlə əldə olunmuş razılaşmaya görə, Faceook təsisçisi Mark Zuckerberg konfidensiallıq tələblərinin qorunmasına görə şəxsən məsuliyyət daşıyacaq.
ABŞ hakimiyyəti sosial şəbəkəni araşdırmağa ötən ilin martında başlayıb. O zaman Cambridge Analytica şirkətinin Donald Trump-ın seçki kampaniyası zamanı Facebook istifadəçilərin məlumatından qanunsuz istifadə etdiyi üzə çıxmışdı. Həmin məlumatlardan bütün dünyada seçkilərin nəticələrinə təsir göstərmək üçün istifadə oluna bilərdi – Breksit səsverməsində, Fransada "Milli cəbhə" millətçi partiyasının maraqlarından ötrü və sairə. Bunu 2016-cı ildə “Das Magazine” İsveçrə dərgisi yazırdı.