Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Çin ekstradisiya qanununun ləğvini ‘dəstəkləyir’ – Qərb mediası


Honq Konq, 4 sentyabr, 2019-cu il
Honq Konq, 4 sentyabr, 2019-cu il

Çin Honq Konq hökumətinin ekstradisiya qanununu rəsmən geri çəkməsini “anlayır, sayqı göstərir və dəstəkləyir”. Bunu Honq Konq lideri Carrie Lam bu gün – sentyabrın 5-də keçirdiyi mətbuat konfransında deyib. Lam ümidvar olduğunu bildirib ki, bu addım şəhəri bir neçə aydır gedən iğtişaşlardan “çıxaracaq”.

Mətbuat konfransında Lam-dan dəfələrlə soruşublar ki, şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsini ləğv etmək niyə belə uzun çəkdi. Ancaq o, suallardan yayınıb. “Bunu fikrin dəyişməsi adlandırmaq düzgün deyil”, – deyib.

Lam əlavə edib ki, layihənin rəsmən ləğvi qərarını onun hökuməti Pekinin dəstəyilə verib.

“Mərkəzi Xalq Hökuməti mənim baxışıma hörmət edir, məni dəstəkləyir”, – bir gün öncəki televiziya müraciətində olduğundan daha az gərgin görünən Lam deyib.

Qanun layihəsinin ləğvi dünən elan olunub. Bu açıqlamadan öncə Honq Konqun Hang Seng İndeksi 4%-dən artıq yüksələrək bu ayın ən yüksək səviyyəsinə çatıb.

Lam vətəndaş cəmiyyəti ilə dialoq platformasının açıldığını, dərinə işləmiş iqtisadi, sosial və siyasi problemlərin, eləcə də gənclərin ev məsələsinin müzakirə olunacağını deyib.

“Biz cəmiyyətdəki narazılığın həlli yollarını tapmalı, çıxış yolları axtarmalıyıq”, – o vurğulayıb.

Etirazçıların əsas beş tələbi içərisində bu qanun layihəsinin ləğvi də vardı. Ancaq “Reuters” agentliyi indi bir çox etirazçıların və deputatların bu addımı çox kiçik və gecikmiş saydığını yazır.

Digər dörd tələb bunlardır: yürüşləri təsvir etmək üçün istifadə olunan “iğtişaş” sözü təkzib edilsin; bütün nümayişçilər buraxılsın; polis qəddarlığı müstəqil şəkildə araşdırılsın və Honq Konq əhalisi öz liderlərini seçə bilsin.

Lam isə bu gün deyib ki, müstəqil polis şikayətləri şurası istintaqı aparmaq üçün yetərincə etibarlıdır.

“Hökumətin və polis qüvvələrinin yaratdığı humanitar fəlakətdən hamımız əziyyət çəkmişik. Honq Konqun azad edilməsi zəmanəmizin inqilabıdır”, – Honq Konq Universitetindən etiraz edən 100-dək tibb tələbəsindən biri – Wong deyib. Qaz maskaları taxan tələbələr insan zənciri yaradıblar, “Beş tələb ayrılmazdır” deyə qışqırıblar.

XS
SM
MD
LG