Son 3 ildə
Trend.az-da «Uşaqsız ailələrdə boşanma halları artıb» sərlövhəli yazı oxumaq olar.
Yazıda bildirilib ki, Azərbaycanda son üç il ərzində uşaqsız ailələrdə boşanma halları artıb. «2016-cı ildə ölkədə boşanmış 13114 nəfərin 6146-ı uşağı olmayanlar olduğu halda, 2017-ci ildə 14514 boşanma halının 6444-ü bu şəxslərin payına düşüb», - yazıda qeyd edilir.
Müəllif habelə vurğulayıb ki, 2018-ci ildə Azərbaycanda 14857 boşanma halı qeydə alınıb ki, bunun da böyük hissəsi (6559) yenə də sonsuz ailələrin payına düşüb: «Uşağı olmayan ailələr arasında ən çox boşanma halı 1990-cı ildə, ən az boşanma halı 2002-ci ildə qeydə alınıb. 1990-cı ildə 8853, 2002-ci ildə 3371 uşaqsız ailədə boşanma qeydə alınıb».
Amma yazıda qeyd edilib ki, ötən illər ərzində ölkədə iki və daha çox uşağı olan ailələrdə də boşanma halları artıb: «Keçən il belə ailələrdə qeydə alınan boşanma halları hətta ən yüksək həddə çatıb. 2018-ci ildə belə ailələrdə 4404 boşanma halı qeydə alınıb ki, bu da 2017-ci ildəki (4124) göstəricidən də çoxdur».
Yazıda bildirildiyinə görə, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova da sayta deyib ki, Azərbaycanda ailələr ən çox xarakter uyğunsuzluğu, sonsuzluq və kənar müdaxilələr səbəbindən dağılır.
«Bizim üçün narahatlıq doğuran budur ki..»
«Yeni Müsavat» qəzetində «Hətta bir neçə Paşinyan olsa belə...» sərlövhəli yazı yer alır.
Yazıda Ermənistandakı siyasi vəziyyət və bunun Qarabağ münaqişəsinə mümkün təsirləri dəyərləndirilir.
Müəllif Hüseynbala Səlimovun fikrincə, ilk baxışda belə təəssürat yarana bilər ki, Ermənistanın siyasətçilərinin və diplomatlarının arasında əsl xaos hökm sürür: «Ayrı-ayrı dövlət təmsilçilərinin bəyanat və çıxışları ilkin razılaşdırma və uyğunlaşdırma olmadan edilir».
Müəllifə görə, habelə belə görünə bilər ki, Ermənistanda Qarabağ məsələsi kimi incə, həssas problemdə hamı öz siyasətini həyata keçirir və bunun siyasi-diplomatik, hətta hərbi nəticələri haqqında düşünmürlər.
Yazıda Ermənistandakı siyasi mühitdə xaos və qarşıdurmanın olması istisna edilmir: «Amma bununla belə daha çox nəzərə bir əsas tendensiya çarpır: ölkədə mərkəzi erməni elitası ilə Qarabağ siyasi klanı arasında siyasi savaş gedir. Hətta yeni siyasi trendlər və ya tendensiyalar, xüsusən də yeni hakimiyyət ölkənin bütün siyasi coğrafiyasını əhatə etməyəndə, ölkədə əvvəlki hakimiyyətin siyasi ocaqları qalanda belə, ümumi və uzlaşdırılmış siyasəti həyata keçirmək çətin olur».
Müəllifin fikrincə, baş nazir N.Paşinyan əslində Dağlıq Qarabağı separatçıların nəzarətindən çıxarmağa çalışır və məhz bu ziddiyyət Ermənistandakı bütün məsələlər arasında ən təhlükəli, inkişaf edən problemdir: «... Diqqət çəkən detallardan biri budur ki, Kreml politoloqlarının əksəriyyəti Paşinyana müxalif mövqedədir, onlar isə yalnız öz mövqelərini ifadə etmirlər, həm də Kremlin mesajlarını dilə gətirirlər».
Yazıda daha sonra da Azərbaycanın narahatlığından bəhs edilir: «Əlbəttə, bizim üçün narahatlıq doğuran budur ki, Kreml diplomatları Ermənistandakı son özfəaliyyətə münasibət bildirməyə tələsmirlər. Amma bizə elə gəlir ki, Kremldə də belə ciddi məsələdə birmənalı seçim etməyə tələsmir və proseslərin təbii sonluğunu, N.Paşinyanın reytinqinin tamamilə aşağı düşməsini və onu daha sayıq bir adamın əvəz etməsini gözləyirlər».
Məşğulluğun təminatı
«Azərbaycan» qəzetində «Məşğulluğun təminatı sosial müdafiənin ilkin və əsas şərtidir» sərlövhəli yazı dərc edilib.
Müəllif yazıb ki, ölkədə həyata keçirilən sosial islahatlar çoxşaxəlidir. Yazıda vurğulandığına görə, bura əmək haqlarının, pensiyaların, sosial müavinətlərin, həmçinin müxtəlif kateqoriyadan olan təqaüdlərin artırılması daxildir: «Bununla yanaşı, aparılan sosial siyasətin əsas məqsədi əməkqabiliyyətli əhalinin işlə təmin olunmasıdır. İşləyən hər bir vətəndaş özünün sosial rifahını yaxşılaşdırmağa qadirdir. Beləliklə, vətəndaş nəinki dövlətdən müxtəlif müavinətlər alır, həm də dövlət büdcəsinə və sosial müdafiə fonduna ödənişlər etməklə ümumi inkişafa da töhfə verir».
Yazıda Dövlət Statistika Komitəsinə istinadən qeyd edilib ki, bu ilin birinci yarısında ölkədə 92 min yeni iş yeri açılıb: «Həmin dövrdə iş yerlərinin 28.9 faizi qeyri-dövlət sektorunda yaradılıb. Bu da ölkədə sahibkarlığın inkişafından xəbər verir. Həmin dövrdə açılan yeni iş yerlərinin 43.8 faizi təzə yaradılmış, 28.5 faizi mövcud, 0.3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 27.4 faizi isə digər tədbirlər üzrə reallaşmışdır».
Müəllifin qeyd etməsinə görə, hesabat dövründə 5.6 min iş yeri də bağlanıb: «Bağlanan iş yerlərinin 41.3 faizi müəssisə və təşkilatların fəaliyyətinin dayandırılması, 58.7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar olub. Müsbət hal odur ki, yeni yaradılan iş yerləri bağlanan iş yerlərindən dəfələrlə çoxdur».
Yazının sonlarına doğru da qeyd edilib ki, əhalinin sosial təminatı daim dövlətin diqqət mərkəzindədir: «Ardıcıl həyata keçirilən sosial islahatların məqsədi ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3.4 faiz artırılaraq 1854.8 milyon manata çatdırılmışdır...».