Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:19

Gürcüstanda ifrat sağçıların dövranı


Gürcüstanda Beynəlxalq Homofobiyaya qarşı Gün münasibətilə yürüş, arxiv fotosu
Gürcüstanda Beynəlxalq Homofobiyaya qarşı Gün münasibətilə yürüş, arxiv fotosu

Son illər Gürcüstanda ifrat-sağçı hərəkat vüsət alıb və bu da yəhudi, LGBT və digər qeyri-gürcü pravoslav icmalara təhlükə yaradır. “Stratfor” təhlil mərkəzinin portalında dərc olunmuş məqalədə qeyd edilir ki, yüksək səviyyəli qətl və qorxutma kampaniyalarına baxmayaraq, hökumət ifrat-sağçı radikallaşmanın yayılmasını önləməkdən ötrü az iş görüb.

Üstəlik, proporsional seçki sisteminin tətbiqi ifrat-sağçı partiyaların parlamentdə möhkəmlənməsinə yol aça bilər, məqalədə vurğulanır.

Ötən ilin sentyabrında 25 yaşlı insan haqları fəalı Vitali Safarov iki neo-nasist banda üzvüylə mübahisədə öldürülüb. Ona 10-dan artıq bıçaq zərbəsi vurulub.

Məhkəmə Avtandil Kandelakishvili Giorgi Sokhadze-ni qətldə təqsirli bilərək hərəsinə 15 il həbs cəzası kəsib. Ancaq qurbanın anası Marina Alanakyan apelyasiya şikayəti verəcəyini deyir. O, oğlunun niyə öldürüldüyünü anlamaq, Gürcüstanda nifrət cinayətlərinin cəzalandırılması üçün mühüm presedent yaratmaq istəyir.

“Vətəndaş cəmiyyətinin digər üzvləri isə hökumətin və polisin ölkədə ifrat-sağçı radikallaşma problemini yoluna qoya bilməməsindən narahatdır. Əslində, hakimiyyət ifrat-sağçı və neo-nasist fəaliyyətə göz yumur, getdikcə populyarlığı azalan hökumətsə parlamentə daha ultra-mühafizəkar qrupların daxil olmasına yol açır. Bununla da Gürcüstanın ifrata doğru dəyişikliyin qırağındadır”, – məqalədə vurğulanır.

İndiyədək Gürcüstanda zorakı ekstremizm Suriyadakı İslam Dövləti qruplaşması kontekstinə sıxışdırılıb. Ölkədə zorakı ekstremizmə qarşı azsaylı səmərəli layihələr var.

Tolerantlıq və Müxtəlif İnstitutu Safarov-un qətlindən iki həftə sonra mətbuat üçün açıqlamasında yazırdı ki, azı bir ildir neo-nasist qruplar Tbilisinin Azadlıq Meydanında turistləri və digər əcnəbiləri hədəfə alırlar. Ancaq qurum polisin şikayətlərə davamlı olaraq cavab vermədiyini bildirirdi.

“Bu, ətrafımızda cəzasız qalmış nifrət cinayətlərinin faciəvi sonluğu idi. Son dörd-beş ildə ifrat-sağçı radikallaşmanın təhlükələri haqda sistematik danışırıq, ancaq nə ictimaiyyət, nə də hökumət bu narahatlığımıza adekvat cavab verib”, – Safarov-un çalışdığı İştirakçılıq və Demokratiya Mərkəzindən Agit Mirzoev deyib.

Gürcüstanda son etirazlardan sonra seçkidə proporsional sistemin tətbiq ediləcəyi elan olunub. “Bu halda ifrat-sağçıların parlamentdə yer qazanmaqdan ötrü yetərli sayda tərəfdarları var, onlar legitimlik qazanıb parlamentdə nifrət və ksenofobiya yaymaq üçün istifadə edə bilərlər... Bu əndişələr əsassız deyil. Hətta indiki seçki sistemi çərçivəsində çoxlarının rusiyapərəst saydığı ultramühafizəkar populist Vətənpərvərlər Alyansı 2016-cı ildə altı yer qazanaraq parlamentə girib”, – məqalədə deyilir.

XS
SM
MD
LG