Son üç ayda təkcə Ağdaş, Şəki və İsmayıllıda üst-üstə 104 nəfər şadlıq sarayında qidadan zəhərlənib. Buna qədər Bakıda da bənzər hadisələr baş verib.
Mütəxəssislər qida zəhərlənmələrinə müxtəlif səbəblər göstərirlər.
İxtisasca kulinar olar Məhəmməd Abdullayev 2016-cı ilə qədər Bakıda restoranlarda aşpaz işləyib. Hazırda, Almaniya şəhərlərinin birində aşpaz kimi çalışır.
Kulinar deyir ki, Bakıda işlədiyi müddətdə ərzağa nəzarət etməli olan dövlət işçilərinin yoxlamaya biganə olduqlarının şahid olub:
“Məsələn, işçilər gəlirlər şadlıq saraylarına və ya digər iaşə obyektlərinə. Hər ət nümunəsindən bir kq götürürlər, məsələn, 1 kq ət, 1 ədəd toyuq, bir bütöv balıq. Bunları götürürlər, özlərinin xüsusi maşınlarına yükləyirlər, aparırlar ki, laborator analizə aparırıq. Amma bunların heç biri analizə getmirdi, hamısı gedirdi evə”.
Məhəmməd Abdullayev deyir ki, beləcə analiz aparılmadan, qida məhsullarının istifadəsinə icazə verilirdi.
Kulinar bildirir ki, zəhərlənməyə səbəblər müxtəlif ola bilər. Məsələn, restorana gələn məhsul özü keyfiyyətsiz olur və ya gətirildikdən sonra uyğunsuz şəraitdə saxlanılır və xarab olur.
Onun sözlərinə görə, zəhərlənmə ehtiyatsızlıq və ya məsuliyyətsizlikdən də baş verə bilər. Məsələn, yeni alınmış boşqablar yuyulmadan, üzərində zərərli maddələr qala-qala servis edilə, bu da zəhərlənmə verə bilər. Kulinar deyir ki, dövlət qurumları bu işlərə nəzarət etməlidir.
Qida təhlükəsizliyi
2017-ci ildən bəri bu sahəyə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Qurum vaxtaşırı ictimai-iaşə obyektlərindən nümunələr götürərək yeməklərin tərkibini, keyfiyyətini yoxlamalıdır.
Təndiqlərlə bağlı Agentliyə sorğu göndərsək də aldığımız cavab bundan ibarət oldu:
“Əhalinin kütləvi qidalandığı məkanlar, ictimai-iaşə obyektləri, kafe və restoranlar da qida zəncirinin mühüm tərkib hissəsi olduğundan bu kimi yerlərdə də Agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə AzadlıqRadiosuna deyir ki, bu qurum həm yoxlama aparır, həm də sertifikat verir, iki funksiyanın bir əldə cəmləşməsi ciddi problemdir, maraqlar toqquşmasına gətirib çıxarır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda deyilir ki, Şəkidə son zəhərlənmədən sonra dərhal hadisə yerinə baxış keçirilib, toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr qablaşdırılaraq götürülüb və zəruri istintaq hərəkətləri yerinə yetirilib. Hələlik bu araşdırmaların rəsmi nəticəsi elan edilməyib.
AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin d fikrilərini öyrənib:
Tibb professoru Adil Qeybulla bildirir ki, onun müşahidəsinə görə, təqsirkarlar lazımi cəzanı almırlar. Ona görə də belə hallar davam edir:
“Nəzarət bizdə daha çox korporativ maraqlara xidmət edir. Hansısa korporativ maraqlar çərçivəsində hansısa formal möhür vurulur, razılaşma əldə edilir və çıxıb gedir. Bu da bu cür zəhərlənmə hallarının baş verməsinə gətirib çıxarır. İstintaq araşdıranda yaxşı olar ki, bunun gəlib son mənbəyinə çıxsın. Təəssüflər olsun ki, istintaq bu məsələlərin araşdırılmasında çox maraqlı olmur. Çünki bu şadlıq və iaşə mərkəzlərinin də himayədarları kifayət qədər nüfuzlu şəxslər olduqları üçün bəzən hüquq mühafizə orqanları bu işi tam araşdırıb axıra çatdıra bilmirlər. Çatdırsalar da, qərarlar səmimi olmur. Bu məsələləri biz açıq etiraf etməliyik”.
Adil Qeybulla bildirir ki, sanitariya genefond üçün də o qədər mühüm məsələdir ki, Qərbdə restoran və sair kimi obyektlərdə bu işlərə yüksək tələb var.
Bəs Almaniyada restoranlarda qidaya nəzarət necədir?
Kulinar Məhəmməd Abdullayev deyir k, Almaniyada cərimələr restoran sahibi üçün əhəmiyyətli dərəcədə yüksək məbləğdir, ona görə də, sanitariya qaydalarına maksimum əməl etməyə çalışırlar.