«Sosial şəbəkələr monoloq yeri deyil»
Yenisabah.az-da «Hakimiyyət virtual məkanı fəth edə biləcəkmi? – politoloq şərh edir» sərlövhəli yazı oxumaq olar.
Müəllif son zamanlar hakimiyyət nümayəndələrinin sosial şəbəkələrdə fəallaşması mövzusunda politoloq Elxan Şahinoğlu ilə söhbətləşib.
«Hakimiyyət təmsilçilərinin sosial şəbəkələrə gəlişi və fəallıq göstərmələri polemika mühitinin yaranması baxımından önəmlidir», - «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.
Müəllif vurğulayıb ki, indi sosial şəbəkələr ictimai rəyi formalaşdıran ciddi vasitələrdən biridir, hakimiyyətin virtual məkanda mövqelərini bərkitmək siyasəti başadüşüləndir: «Lakin məsələ burasındadır ki, sosial şəbəkələr heç də iqtidarın nəzarətində olan televiziya və yaxud media orqanı deyil. Burada sadə vətəndaşların birbaşa sual vermək, fikir bildirmək imkanı var».
E.Şahinoğlu da deyib ki, iqtidar nümayəndələri bu amili nəzərə almalıdır: «Sosial şəbəkələr monoloq yeri deyil. Ona görə də burada birtərəfli çıxışların daha çox zərəri ola bilər. Ümumiyyətlə, hazırda Azərbaycanda polemika mühiti yoxdur. İqtidar da, müxalifət də öz meydanında birtərəfli qaydada fikirlərini ifadə edirlər. Amma iqtidar təmsilçilərinin sosial şəbəkələrə gəlişi polemika mühitinin yaranmasına səbəb ola bilər».
E.Şahinoğlu qeyd edib ki, bütün hallarda onların sosial şəbəkələrə gəlişini və fəallıq etmələrini dəstəkləyir: «Lakin yenə də deyirəm ki, bu fəallıq yalnız təbliğat xarakteri daşımamalıdır. Burada onlara suallar verilə, barələrində tənqidlər səsləndirilə bilər. Buna hazır olmaq, verilən sualları cavablandırmaq, tənqidlərə münasibət bildirmək lazımdır. Bu halda vətəndaş özü müəyyən edəcək ki, kim doğru danışır, kim yalan».
Büdcədə kəsirin rəsmi izahı
Marja.az-da «Dollar alınmadığından büdcədə kəsir yaranır» sərlövhəli yazı yer alır.
«2019-cu ilin 1-ci yarısında dövlət büdcəsinin gəlirləri üzrə ümumi proqnozun icrasında 7.2 faiz səviyyəsində kəsirin yaranması, əsasən, Dövlət Neft Fondundan daxilolmalar üzrə proqnozun 77.7 faiz səviyyəsində və ya 1 milyard 269.2 milyon manat az yerinə yetirilməsi ilə əlaqədar olub».
Saytın məlumatına görə, bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. O qeyd edib ki, 2019-cu ilin 6 ayında dövlət büdcəsinin gəlirləri 10 milyard 496.1 milyon manat, xərcləri isə 10 milyard 951 milyon manat icra edilib: «454.9 milyon manat kəsir yaranıb. Yarımillik proqnoza görə, 2019-cu ilin yanvar-iyun dövründə dövlət büdcəsinin gəlirləri 11 milyard 314.6 milyon manat icra olunmalı idi».
Yazıda habelə qeyd edilənə görə, o, Dövlət Neft Fondunun transfertlərinin tam icra edilməməsinin səbəbini belə çatdırıb: «Hesabat dövründə Mərkəzi Bankın (MB) məlumatlarından aydın olur ki, Dövlət Neft Fondunun transfertlərinin tam icra edilməməsinin səbəbi bazarda dollara tələbin kifayət qədər olmaması və Mərkəzi Bankda artıq qalan vəsaiti almamasıdır. Lakin dollar təklifinin ona olan tələbi üstələməsinə və məzənnənin keçirilən valyuta hərraclarında müəyyənləşməsinə baxmayaraq, manatın məzənnəsində möhkəmlənmə meylləri müşahidə edilməyib».
V.Gülməmmədov habelə vurğulayıb ki, bank sistemində manatla pul kütləsinin artıqlığı müşahidə olunmaqdadır.
«Kənd təsərrüfatında yüksək göstəricilər»
«Azərbaycan» qəzetində «Kənd təsərrüfatında yüksək göstəricilər əldə edilir» sərlövhəli yazı dərc edilib.
Müəllif yazıb ki, ölkədə əldə olunan iqtisadi uğurlarda həyata keçirilən islahatlar mühüm rol oynayır. Yazıda vurğulandığına görə, həmin islahatlar əhatə dairəsinə görə genişdir: «Kənd təsərrüfatında aparılan islahatlar daha böyük əhəmiyyət kəsb edir. Belə ki, burada həyata keçirilən islahatlar məhsul istehsalının artması ilə yanaşı, bölgədə yaşayan əhalinin məşğulluğunun və rifah halının yaxşılaşmasına müsbət təsir göstərir».
Müəllifin fikrincə, fermerlərin torpaq vergisindən savayı bütün növ vergilərdən azad edilməsi, istifadə etdikləri yanacağın, toxum və gübrələrin büdcədən subsidiyalaşdırılması məhsul istehsalının artırılmasına geniş imkanlar yaradır: «Bunun nəticəsidir ki, cari ilin 6 ayında taxıl istehsalı 40 faiz artıb. Taxılçılıqda məhsuldarlıq da kifayət qədər yüksəkdir. Belə ki, əvvəllər taxıl istehsalında məhsuldarlıq 20 sentner idisə, indi bu rəqəm 30 sentnerdən çoxdur. Elit aqrar müəssisə olan iri fermer təsərrüfatlarında məhsuldarlıq 60 sentnerdən də yüksəkdir».
Müəllif yazının sonlarına doğru da bu sahədə mənzərəni belə çatdırır: «Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 453.7 milyon manat təşkil edib. Bunun da 2 milyard 230.4 milyon manatı heyvandarlıq, 2 milyard 223.3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 6.3 faiz... artıb».