İyulun 13-də Prezident Donald Trump-ın şəxsi vəkili Rudi Giuliani Albaniyada İranın Xalq Mücahidləri (Mujahedin e-Khalq - MEK) müxalifət qrupunun tədbirində çıxış edib. “The Newsweek” dərgisində Jonathan Broder oraya yığışmış 3 min 400-dək adamın Tehranda dini rejimin devirməyə hazırlaşdığını yazır. Giuliani MEK-i İranın “mühacirət hökuməti” adlandırıb, deyib ki, Trump administrasiyası bu qrupu hazırkı rejimin yerində görür.
“Bu bizə inam verir ki, bu dəhşətli rejimi devirməyə cəhd göstərsək, gec, ya tez, təkcə həyatları xilas etməyəcəyik, həm də İranın keçidini çox məsuliyyətli adamlar qrupuna həvalə edə biləcəyik”, – Nyu York şəhərinin keçmiş meri çıxışında deyib.
Giuliani kimi ABŞ-ın Milli Təhlükəsizlik müşaviri John Bolton da MEK-in tədbirlərində son illər tez-tez çıxış edib və yüksək qonorar alıb. Boltonun bu çıxışlardan 180 min dollar qazandığı bildirilir. O, təkcə bir çıxışına görə 40 min dollar əldə edib.
Müəllif yazır ki, rejim dəyişikliyindən asılı olmayaraq, İranın müxalifət qrupları dərindən parçalanmış durumdadır və bu da onların hakimiyyətə gəlmək şanslarına zərbə vurur. İllərdir bir neçə müxalifət qrupu Tehrana qarşı vahid cəbhə formalaşdırmağa cəhd göstərib, ancaq ziddiyyətli tarixçələri, siyasi gündəm və şəxsiyyətlərdən dolayı bu alınmayıb.
“1979-cu ilin islam inqilabından bəri İranda ruhani rejimə küçə etirazları, hökumət rəsmilərinə silahlı hücumlar formasında etirazlar olub. Ancaq indi durum fərqlidir. Son etirazları 2009, 2017 və 2018-ci illərdəkindən fərqləndirən İranın iqtisadi problemlərinin kəskinləşməsi, rejimin daha bir inqilabdan çəkinərək nümayişçilərə qarşı sərt davranmaq istəməməsidir”, – müəllif yazır.
“Bu günlər onlar ehtiyatlı davranırlar. Sistemin necə kövrək olduğunu bilirlər”, – İran kürdləririn Komala Partiyasının lideriAbdullah Mohtadi deyib.
Məqalədə MEK-in illərboyu İslam Respublikasına qarşı aparıcı müxalif səsə çevrildiyi vurğulanır. Son on ildə MEK liderləri və tərəfdarları qrupu dünyəvi, demokratik, qeyri-zorakı təşkilat kimi qələmə verir, İranda xalq arasında geniş dəstəyi olduğunu vurğulayırlar.
“Ancaq eyni zamanda o, ən ziddiyyətli qrupdur. Birləşmiş Ştatların bir sıra keçmiş rəsmiləri və İran üzrə ekspertlər MEK-in demokratikliyi, İranda dəstəyinin dərinliyini sual altına alırlar. Həqiqətən də MEK-in səsləndirdiyi hər bir iddia ya təkzib olunur, ya da ona əks arqument gətirilir”, – müəllif yazır.