Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:40

Zelensky: Xalqın qulluqçusu, yoxsa Millətin atası? – Qərb mediası


Volodymyr Zelensky
Volodymyr Zelensky

Ukraynanın yeni prezidenti Volodymyr Zelensky-nin hakimiyyəti dövründə qərarvermə mərkəzi prezidentə və yaxın ətrafına yol açmaq üçün dəyişdirilir. Hökumətin rolu sırf texniki icraetməyə çevrilə bilər. Təkpartiyalı çoxluqdan ibarət, zəif müxalifətli parlament isə keçmiş nüfuzunun böyük hissəsini itirəcək. Bu idarəetmə üsulu daha çox super-prezidentlik modelinə yaxındır, nəinki Ukrayna üçün xarakterik parlament-prezident modelinə. Bu haqda “Carnegie.ru” portalında Konstantin Skorkin yazır.

Müəllif qeyd edir ki, Zelensky-nin andiçmə mərasimi cəmi 100 gün öncə həyata keçirildiyindən ölkədə real dəyişiklik baş verib-vermədiyini bilmək üçün çox tezdir. Di gəl, yeni prezidentin idarəetmə üsulundakı dəyişikliklər aydın görünür. “Seçkiöncəsi narahatlıqlar var idi ki, təcrübəsiz Zelensky zəif lider ola, oliqarx Ihor Kolomoisky-nin nəzarət etdiyi oyuncağa çevrilə bilər. İndi isə məxməri diktatura əndişəsi və gözləntiləri sürətlə artmaqdadır”, – məqalədə deyilir.

Parlamentdəki təkpatiyalı çoxluq prezidentə özünə sadiq hökumət formalaşdırmaq imkanı verəcək. Gələn ilin yerli seçkilərində isə o, böyük şəhərlərin merləri, region şuraları üzərində nəzarəti ələ ala bilər. “Belə bir şəraitdə hakimiyyətin tamamilə qəsb olunmamasını bircə prezidentin xoş niyyəti önləyə bilər. Yeni nəslin təmsilçisi kimi Zelensky-nin demokratik idarəçilik yolunu seçəcəyinə ümid qalır”, – müəllif vurğulayır. Ancaq onu da qeyd edir ki, ölkənin müxtəlif yerlərinə ziyarətlər zamanı Zelensky bir millət atası kimi avtoritar münasibət sərgiləyib, rəsmiləri ictimai şəkildə cəzalandırıb, təhlükəsizlik xidməti əməkdaşlarını canlı efirdə işdən çıxarıb. Eyni zamanda sıravi ukraynalılarla demokratik davranıb, Odessa dənizində üzüb, Mariupol fontanlarında atılıb-düşüb.

Təəccüblü deyil ki, Zelensky-nin bir qəsbkar imicini keçmiş prezident Petro Poroshenko-nun komandasının işdən çıxarılmış məmurları həvəslə yayırlar. Müəllif bu qorxuların tamamilə əsassız olmadığını vurğulayır. Belə ki, Zelensky-ni özünün Kvartal 95 televiziya şirkətindən tanıyanlar keçmiş aktyoru sərt, avtokratik boss kimi xarakterizə edirlər.

“Əlbəttə, indiyədək Ukrayna siyasətində mövcud olmuş balanslaşdırma sistemi sadəcə, korrupsioner oliqarx dərin dövlətin sipərinə çevrilib. Bu baxımdan Zelensky-nin qurduğu şaquli hakimiyyət həmin sistemin dağıdılmasında səmərəli alət ola bilər. Di gəl, postsovet məkanındakı avtokratlar nadir hallarda hakimiyyətdən könüllü gedirlər, hətta ən xoş niyyətləri olanlar belə. Zelensky-nin beşillik hakimiyyəti sona çatarkən Ukrayna demokratiyası təhlükədə imiş kimi görünərsə, ikinci müddətə prezident seçilmək arzusu ona qalib gələ bilər”, – müəllif yazır.

XS
SM
MD
LG