Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:56

'Qiymətlərin bahalaşacağı qaçılmazdır...'-Media icmalı


Yanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi

Azərbaycanla Gürcüstanın turizm imkanlarının müqayisəsi, avtomobil benzini istehsalında vəziyyət, ana südü ilə qidalanmada yetərsizlik və başqa məsələlər medianın diqqət verdiyi mövzulardandır...

«Aİ-92 üzrə də idxalsız keçinmək mümkün deyil»

«Yeni Müsavat» qəzetində «Azərbaycan xaricdən Aİ-92 benzini alacaq - səbəb» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, gələn aydan Azərbaycan xaricdən Aİ-92 markalı benzin idxalına başlayacaq. Müəllifin vurğulamasına görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərar bundan xəbər verir. Yazıda xatırladılır ki, qurum 90 gün ərzində 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzinini 15 faiz gömrük rüsumundan azad edib. Qərar sentyabrın 1-dən qüvvədə olacaq: «SOCAR-dan «İnterfaks»a verilən məlumata görə, şirkət bu ilin oktyabrından zavoddakı təmirlə əlaqədar benzin istehsalını yenidən dayandıracaq. Təmir müddətində nə qədər benzinin idxal olunacağı... daxili tələbatdan asılı olacaq».

Nazirlər Kabinetinin qərarını qəzetə şərh edən iqtisadçı-ekspert Pərviz Heydərovun dediyinə görə, bu addım Aİ-92 və Aİ-95 markalı benzinlərin qiymətlərinin bahalaşmasının qarşısını almaq məqsədilə atılıb: «...Aİ-95 markalı benzin ümumiyyətlə, kənardan gətirilirdi, yəni daxildə istehsal olunmur. Aİ-92-yə gəldikdə isə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu təmirdə, başqa sözlə desəm, modernləşdirilmədə olduğundan həm faktiki istehsal dayanıb, həm də mövcud ehtiyatlar azalır. Yəni, Aİ-92 üzrə də idxalsız keçinmək mümkün deyil. Və bu, getdikcə dayanıqlı hal alır...».

Ekspertin sözlərinə görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu tam gücü ilə işə düşsə belə, hər iki markada benzin həm də kənardan idxal olunacaq: «Bunu, yuxarıda qeyd etdiklərimə əsasən bazar diktə edir. İkincisi, bu sahədə qiymətləri gömrük rüsumlarını və yaxud aksiz vergi dərəcəsini minimuma endirməklə uzun müddət sabit saxlamaq mümkün deyil. Belə ki, qiymətlərin nə vaxtsa bahalaşacağı qaçılmazdır...».

Ana və körpə
Ana və körpə

Körpələrin ana südü

Oxu.az-da «Azərbaycanda 10 il 1 yaşından sonra uşaqlara ana südü verilməyib - acınacaqlı rəqəmlər» sərlövhəli yazı diqqət çəkir.

Səhiyyə Nazirliyi ana südünün körpələrə verilməsinin vacibliyi ilə bağlı valideynlərə xəbərdarlıq edib. Nazirlik analara müraciət edib ki, doğum evlərində olarkən körpələrinin yalnız ana südü ilə qidalandırılmasını qətiyyətlə tələb etsinlər. «Yeni doğulmuş körpənizi həyatının ilk saatından başlayaraq altı ay ərzində yalnız ana südü ilə qidalandırın. Ana südü ilə qidalandırmanı dayandırmaq barədə uşağın bir-iki yaşından tez düşünməyin», - müraciətdə yazılıb.

Oxu.az Azərbaycanda ana südü ilə qidalanan körpələrin sayını yaş kateqoriyasına görə araşdırıb: «Statistik göstəricilərə görə, 2000-ci ildə 38.5 min körpə üç ayına qədər, 33.4 min körpə isə altı ayına qədər ana südü ilə qidalanıb.

2005-ci ildə üç ayına qədər ana südü ilə qidalanan körpələrin sayı 30.5 min təşkil edib. Həmin il altı aya qədər ana südü ilə qidalananların sayı isə 31.1 min olub. 2000-ci ildən 2010-cu ilə qədər 1-2 yaş arasında olan körpələrin ana südü ilə qidalanması qeydə alınmayıb... Sonrakı illərdə isə bu yaş kateqoriyasında olan körpələrin ana südü içməsi halları kəskin çoxalıb».

Batumi
Batumi

Azərbaycan və Gürcüstanın müqayisəsi

«Azərbaycan» qəzetində «Dost dosta tən gərək» sərlövhəli yazı dərc edilib. Yazıda Azərbaycan və Gürcüstanda turizm imkanları sahəsində oxşar və fərqli cəhətlər dəyərləndirilib.

Müəllif yazıb ki, 2018-ci ildə Gürcüstana 8.7 milyon, Azərbaycana isə 2.7 milyon şəxs gəlib: «Azərbaycanın əhalisinin 10 milyon, Gürcüstanın isə 3.7 milyon nəfər olduğunu nəzərə alsaq, onda riyazi məntiqlə belə çıxır ki, biz gürcülərdən daha çox turist qəbul edə bilərdik. Amma statistik rəqəmlər bizim xeyrimizə deyil. Ona görə də bu suallara müxbirimiz Tbilisidə cavab axtarmağa çalışdı».

Müəllif iki ölkəni müqayisə edərkən əvvəlcə yollardan başlayır: «...Köhnə sovet dönəmindən miras qalan yollarını bizim müasir şose yolları ilə müqayisə etmək qeyri-mümkündür. Ona görə ki, fərq yerlə-göy arasındakı qədərdir».

Yazıda Azərbaycan paytaxtı Bakı və Gürcüstan paytaxtı Tbilisi memarlıq baxımından da müqayisə edilir. Daha sonra da qiymət amilinə keçilir:... «Biz Tbilisinin bir neçə restoranına baş çəkdik. Qiymətlər o qədər də baha deyildi. Yəni, istədiyini yeyib ayağa duranda Bakıdakı kimi tərləmirsən, gözlərin alacalanmır, yediyin də burnundan gəlmir. İki bir, üç bir bizim pulla 25-50 manat arasında sayılan xərclə restoranlarda nahar etdik, şam yeməyinə oturduq. 20 manata Bakı bulvarında yalnız çay süfrəsinə əyləşə bilərsən».

Müəllif daha sonra da yazıb: «...Gözə görünən odur ki, Tbilisi qiymətlərini tənzimləyir, büdcəsi zəif turist də az pula yaxşı dincələ bilir. Ona görə də buraya gələn turistlərin əksəriyyəti üçün qiymətlər vacibdir. Və bəzən hətta deyirlər ki, Gürcüstan kiçik büdcəsi olan turistlər üçündür...».

XS
SM
MD
LG