Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:56

Qarabağ danışıqları Pashinian-ı niyə ‘həddən artıq məyus’ edir


Nikol Pashinian Ermənistan diplomatlarının forumunda, 27 avqust, 2019-cu il
Nikol Pashinian Ermənistan diplomatlarının forumunda, 27 avqust, 2019-cu il

Azərbaycan XİN Ermənistan baş nazirinə cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Pashinian-ın açıqlamasına münasibət bildirib.

XİN sözçüsü hesab edir ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan SSR-dən zor gücü ilə ayrılmasını Azərbaycanın SSRİ-dən çıxması prosesi ilə əsaslandırmaq cəhdi onun hüquqi savadsızlığının və ya yalana əl atmasının sübutudur: «Ermənistanın baş naziri əgər xalqını barmağına dolamaq istəyirsə, bu onun öz işidir. Lakin o, dünya birliyini aldatmağa müvəffəq olmayacaq, xüsusilə də məsələnin hüquqi tərəfinə gəldikdə».

Mətbuat katibi qeyd edib ki, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit edilib, üstəlik, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi: «Beləliklə, Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdləri SSRİ Konstitusiyasının açıq şəkildə pozulması ilə müşayiət olunurdu və buna görə də heç bir hüquqi nəticə doğurmadı».

XİN sözçüsü əlavə edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan BMT-yə, eləcə də digər beynəlxalq təşkilatlara SSRİ dövründəki öz inzibati sərhədləri çərçivəsində daxil olub: «Seçicilərinə qızıl dağlar vəd edən Ermənistan baş nazirinin iddiaları mövcud vəziyyətdən konkret çıxış yollarının göstərilməməsi səbəbindən daha çox iflasa uğrayır. Çünki bu vəziyyətin düzəldilməsi qonşu Azərbaycanla münasibətlər normallaşdırılmadan mümkün deyil. Burada həmçinin, iqtisadiyyat, demoqrafiya, hərbi və digər faktorları nəzərə almaq lazımdır...».

+++

Ermənistanın Baş naziri Nikol Pashinian ölkəsinin səfirləri və diplomatik missiyalarının illik konfransında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara da toxunub.

“Baş nazir kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesində miras aldığım durum, ümumiyyətlə, Qarabağ məsələsinin dünyada qavranılması məni həddən artıq məyus edir”, – Pashinian çıxışında deyib. Məlumatı AzadlıqRadiosu-nun erməni xidməti yayıb.

Baş nazir Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ münaqişələrinin beynəlxalq dairələrdə eyni cür qəbul edilməsindən təəccübləndiyini vurğulayıb.

Pashinian nədən narazıdır

“Biz aydın şəkildə deyirik ki, Cənubi Osetiya və Abxaziya sakinləri hətta bu gün də sakit şəkildə Gürcüstanın paytaxtı Tbilisiyə gedir, orada bazarda kənd təsərrüfatı məhsullarını satır, özlərinə gərəkən malları alırlar. Ancaq Rusiya vətəndaşını yalnız erməni soyadı daşıdığına görə Bakı aeroportundan qaytarırlar. Bunun özü belə Qarabağ məsələsinin mahiyyəti barədə tam təsəvvür yaradır, nəinki bir neçə saatlıq mühazirə”, – Pashinian deyib.

Nikol Pashinian (solda) və Zohrab Mnatsakanian
Nikol Pashinian (solda) və Zohrab Mnatsakanian

Rusiya Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarını 2008-ci ildə tutub və onların müstəqilliyini tanıyıb.

Pashinian Qarabağın danışıqlarda tərəf olması məsələsinin daha bir unudulmuş həqiqət olduğunu qeyd edib. “Ta əvvəldən münaqişə üzrə danışıqlarda üç tərəf vardı və mahiyyətcə, bu danışıqların beynəlxalq səviyyədə tanınmış formatıdır. Azərbaycan SSRİ-dən çıxanda bunda heç kəs qəribə bir şey görmədi, eləcə də Dağlıq Qarabağ Muxtar Vilayətinin sovet Azərbaycanının tərkibindən çıxması qəribə sayılmamalıdır”, – o vurğulayıb.

Qeyd edək ki, Ermənistan tərəf bundan əvvəl də danışıqlarda Dağlıq Qarabağın iştirakını təklif edib. Azərbaycan isə bunu düzgün saymır. Rəsmi Bakı hesab edir ki, Dağlıq Qarabağdakı mövcud qurumlar separatçı qüvvələrdir. Azərbaycanın mövqeyinə görə, danışıqlara Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları bərabər tərəf kimi qatıla bilərlər.

Hazırda Dağlıq Qarabağ danışıqları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

“'Dağlıq Qarabağ xalqı' anlayışı yoxdur”

Ermənistanın Xarici işlər nazir Zohrab Mnatsakanian dünənki konfransda çıxışında deyib ki, “Azərbaycan Ermənistana qarşı dəyişməz nifrət siyasəti ilə Artsax (Qarabağ) xalqının təhlükəsizliyinə təhdid yaradır”. Nazir sülhün alternativi olmadığını, Ermənistan və Qarabağın sülhü təmin etməyə yetərincə gücü olduğunu vurğulayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) elə dünən Zohrab Mnatsakanian-ın açıqlamasına münasibət bildirib. «Avqustun 27-də Ermənistan xarici işlər naziri bu ölkə XİN-in mərkəzi aparatının, habelə diplomatik və konsulluq nümayəndəliklərinin rəhbərləri qarşısında çıxış edərək, Azərbaycanın ünvanına tamamilə reallıqdan uzaq, danışıqların mahiyyətinə uyğun olmayan iddialar səsləndirib», - açıqlamada deyilir.

Azərbaycan XİN isə hesab edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olub, hazırda onun ayrılmaz hissəsidir və bu gələcəkdə də belə olacaq: ««Dağlıq Qarabağ xalqı» anlayışı yoxdur, Azərbaycanın bu bölgəsinin erməni və azərbaycanlı icmaları var».

«Ermənistan artıq müəyyən etməlidir, o sülh istəyir, yoxsa vəziyyətin gərginləşməsini?!.. Təəssüflə qeyd olunmalıdır ki, bu gün rəsmi Yerevan reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqedən çıxış edir. Lakin istənilən halda aydındır ki, Azərbaycan heç vaxt işğala əsaslanan status-kvo vəziyyəti ilə barışmayacaq. Bizim səbrimiz tükənməz deyil», - XİN-dən bildirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG