Ölkədə sənaye məhəllələrinin fəaliyyəti, Bakının Alatava qəsəbəsini su basması, MİQ-29-un qəzaya düşməsinin səbəbləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...
«Təyyarənin vurulma ehtimalı var»
Demokrat.az-da «Təyyarənin vurulma ehtimalı var-qəzaya uğrayan MİQ-29-la bağlı AZAL-ın eks-prezidentindən sensasion aşıqlamalar» sərlövhəli yazı diqqət çəkir.
Müəllif bu il iyulun 24-də ölkənin MİQ-29 təyyarəsinin qəzaya uğramasının (pilot da həlak olub) səbəbləri barədə «Azərbaycan Hava Yolları» (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Ədalət Əliyevlə söhbət edib.
Ə.Əliyev sayta müsahibəsində rəsmi açıqlamada sözügedən təyyarənin qəzasına səbəb kimi quş dəstəsiylə toqquşmasının qeyd edilməsini reallığa uyğun saymayıb: «İndi Xəzər dənizinin üzərində quş dəstəsi qətiyyən ola bilməz. Xəzərdə quşlar, əsasən, payız aylarında köç edən zaman görünürlər... Köç edən zaman isə quşlar təqribən 10 min metr hündürlükdə uçurlar. Ona görə də MİQ-29-un quş dəstəsiylə toqquşması inandırıcı deyil».
AZAL-ın keçmiş prezidenti ehtimal edir ki, MİQ-29 təlim uçuşları həyata keçirən zaman kənar müdaxilə ilə üzləşib: «Bu hadisə ilə bağlı düşünürəm ki, təyyarənin həm vurulma ehtimalı, həm də köhnə olma ehtimalı ola bilər. Hətta qəza təyyarənin mühərrikinin partlamasından da baş verə bilərdi. Təyyarənin qəzaya uğraması üçün ciddi texniki səbəb olmalıdır».
Onun fikrincə, hətta quşla toqquşaraq təyyarənin mühərriki sıradan çıxsaydı belə, pilotun katapultdan istifadə edərək xilas olmaq imkanı var idi: «Tutalım ki, təyyarə havada uçan zaman onun mühərriki qəfil xarab olur. Bu zaman pilot dərhal xəbər verir ki, «təyyarənin mühərriki çalışmır və mən katapultdan istifadə edirəm...»».
Alatavanı su basdı...
«Yeni Müsavat» qəzetində «Alatavanı su basdı, «Azərsu» səbəbini açıqladı: Texniki nasazlıq yaranıb...» sərlövhəli yazı oxumaq olar.
Müəllif avqustun 24-də Bakının Yasamal rayonundakı II Alatava qəsəbəsində su anbarının daşmasından bəhs edir: «Gecə saatlarında anbarın daşması məhəlləni su altında qoyub, evləri, həyətləri su basıb, mənzillər palçıqla dolub, bərbad vəziyyətə düşüb və vətəndaşların elektron avadanlıqlarına ciddi şəkildə ziyan dəyib».
Yazıda hadisə barədə danışan sakinlərə istinadən qeyd edilir ki, anbarla evləri ayıran istinad divarı uçmaq təhlükəsi ilə üzləşib, çəpər zədələnib, divarın bəzi hissələri ovularaq tökülüb və güclü su şırnağı evləri vurub: «Su anbarının daşması iki səbəbdən ola bilər: ya «Azərsu» ASC-nin əməkdaşları səhlənkarlıq edərək anbara gələn suyu bağlamağı yaddan çıxarıblar, ya da anbarda sızma olub».
Yazıda qeyd edildiyinə görə, zərər çəkən sakinlər «Azərsu» ASC-nin ərazidəki məsul şəxslərini günahlandırırlar. Sakinlər vurğulayıblar ki, yalnız gecə saat 3 radələrində suyun həyətlərə, evlərə dolmasının qarşısını almaq mümkün olub: «Nəticədə onlarla ev ziyan görüb, həyətlər indiyə qədər palçıq içindədir, məişət avadanlıqları sıradan çıxıb. Sakinlər «Azərsu» ASC-dən kompensasiya tələb edirlər».
Yazıda bir sakinin dili ilə isə vəziyyət belə təqdim edilir: «Hamam, tualetin divarı çöküb, otaqların hamısı palçıq içindədir. Əgər 5-10 dəqiqə gec gəlsəydilər, evlər gedəcəkdi».
«Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı musavat.com-a bildirib ki, hadisə gecə saat 00:30-da olub, su qəbulu zamanı xətdə texniki nasazlıq yaranıb, amma qısa müddətdə texniki nasazlıq aradan qalxıb.
Sənaye məhəllələri
«Azərbaycan» qəzetində «Sənaye məhəllələri yerli sahibkarlara geniş imkan yaradır» sərlövhəli yazı dərc edilib.
Müəllif yazıb ki, sənayeni inkişaf etdirmək məqsədilə ölkədə yüzlərlə kiçik, orta və iri müəssisə yaradılıb. Yazıda vurğulandığına görə, bununla yanaşı, nəhəng sənaye istehsalı sahələri olan texnoparklar da fəaliyyət göstərir: «Texnoparklar həm ərazisinə, həm də burada yerləşən müəssisələrin sayına və istehsal etdiyi məhsulların növünə görə sənaye nəhəngidir. Digər sənaye birlikləri - sənaye məhəllələri texnoparklardan fərqli olaraq kiçik və yığcamdır. Burada əsasən yerli xammaldan istifadəyə üstünlük verilir. Lakin texnoparklardakı kimi, sənaye məhəllələrində də yüksək texnologiyalardan istifadə edilərək keyfiyyətli məhsul istehsal olunur».
Yazıda bildirilir ki, regionlarda yaradılan 9 sənaye parkı və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb: «Nəzərdə tutulan 6.4 milyard manat sərmayədən artıq 5.7 milyard manatı faktiki olaraq qoyulub. Həmin layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyətə başlaması sayəsində həmin müəssisələrdə 1.5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlığı xarici bazara göndərilib».
Yazıda daha sonra ayrı-ayrı sənaye məhəllələri haqqında bilgi verilib. Sonda da 2016-cı ildə yaradılan Masallı Sənaye Məhəlləsindən bəhs edilir: «İlk mərhələdə burada mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsal olunur. Ümumiyyətlə, bu sənaye məhəlləsində sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri açılıb».