Rusiya Prezidenti Vladimir Putin orduya Birləşmiş Ştatların son raket sınağına cavab olaraq “hərtərəfli tədbirlər” hazırlamağı tapşırıb. Bu isə Ortamənzilli Raket Qüvvələri (INF) sazişinin iflasından sonra yeni silah yarışının başlanması sarıdan narahatlığı gücləndirib.
Putin avqustun 23-də Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib. Görüşdə prezident deyib ki, ABŞ-ın sazişin iflasından cəmi 16 gün sonra sınaq keçirməsi bunun “planlaşdırıldığını və öncə həyata keçirildiyini” göstərir.
Putin deyib ki, bütün bunları nəzərə alaraq Rusiya təhlükəsizlik aparatının bütün qurumları “Birləşmiş Ştatların qeyd olunan hərəkətlərinin ölkəmizə yaratdığı təhdidin səviyyəsini öyrənməli, simmetrik cavaba hazırlaşmaqdan ötrü hərtərəfli tədbir görməlidir”.
Rusiya silah yarışına “cəlb olunmayacaq”
Birləşmiş Ştatlar illər boyu Rusiyanı paktı pozmaqda ittiham edib və avqustun 2-də ondan rəsmən çıxıb.
1987-ci ildə imzalanmış saziş 500- 5 min 500 kilometri əhatələyən qanadlı və ballistik raketləri qadağan edirdi.
Bu həftənin əvvəlində Pentaqon bildirdi ki, hədəfi 500 km məsafəni qət edəndən sonra vuran raket buraxıb. ABŞ sazişdən çıxandan sonra bu, ilk belə sınaq idi.
Moskva dərhal Vaşinqtonu bu sınaqla hərbi gərginliyi qızışdırmaqda suçlayıb, Pekinlə birlikdə məsələni müzakirə etməkdən ötrü BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.
23 avqust iclasının stenoqramına görə, Putin deyib ki, Rusiya yeni bir “bahalı” silah yarışına cəlb olunmayacaq, hərçənd “hamıya aydındır ki”, Birləşmiş Ştatlar “Vaşinqtonun sənədi pozan fəaliyyətini ört-basdır etmək üçün” ondan çıxıb.
Pentaqonun bildirməsinə görə, avqustun 18-də gerçəkləşmiş sınaqdan toplanan informasiyalardan yararlanaraq Müdafiə Departamentinin “ortamənzilli silah qabiliyyətinin gələcək inkişafı” haqda informasiya veriləcək.