Alphabet Inc-in Google şirkəti dünən – avqustun 22-də elan edib ki, YouTube videopaylaşım şəbəkəsi Honq Konq etirazları ətrafında koordinasiyalı təsirgöstərmə əməliyyatı aparan 210 kanalı bağlayıb. Bir neçə gün öncə Twitter və Facebook Çindən qaynaqlanan oxşar kampaniyanı önlədiyini bildirmişdi.
“Bu hal Facebook və Twitter-in açıqladığı, Çinlə əlaqələndirilən son müşahidə və hərəkətlərə uyğundur”, – Google şirkətinin təhlükəsizlik liderlərindən olan Shane Huntley bloq yazısında qeyd edib. Ancaq o, kanalların haradan qaynaqlandığını deməyib.
Çin də sosial şəbəkələri suçlayır
Twitter Inc və Facebook Inc avqustun 19-da bəyan etdilər ki, Çin tərəfindən dövlətin dəstəklədiyi, Honq Konq etirazlarına zərbə vurmağı hədəfləyən kanalları siliblər. Həmin kanallarda etirazçılar və “alçaq” ekstremistlər adlandırılıblar.
İyunun əvvəlindən başlanmış etirazlar Çin Prezidenti Xi Jinping-ə 2012-ci ildə hakimiyyət başına keçəndən ən böyük problemlərdən birini yaradıb. Nümayişə çıxanlar ilkin olaraq şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinə etiraz edirdilər, sonradan demokratiyaya çağırışlar səslənməyə başladı.
“Çinin Honq Konqdakı durumla bağlı dezinformasiya yaymaqla ictimai fikirlə manipulyasiya etmək cəhdlərindən dərin narahatlıq keçiririk”, – ABŞ Dövlət Departamentinin sözçüsü “Reuters” agentliyinə deyib.
Agentlik Vaşinqtondakı Çin səfirliyindən şərh ala bilməyib. Çinin BMT-dəki missiyası isə agentliyə hakim Kommunist Partiyasının orqanı olan “People’s Daily” qəzetində bir məqalənin linkini göndərib. Həmin məqalədə deyilir ki, etirazlardakı zorakılığı ortaya qoyan hesabları bağlamaqla Twitter və Facebook media azadlığından “sui-istifadə edib”.
Sosial şəbəkələrə ittihamlar
Twitter, Facebook və YouTube Çində qadağan olunsa da, Honq Konqda əlçatandırlar. Bu üç şirkət Çində dövlət mediası və rəsmiləri dəstəklədiyinə, qazanc əldə etdiyinə görə istifadəçilər tərəfindən tənqid olunub.
Honq Konqda bir sıra sosial media istifadəçilərinin son iki həftə ərzində paylaşdıqları skrinşotlarda Çin Mərkəzi Televiziyası (CCTV) kimi media orqanlarının etirazlara qarşı paylaşdığı kontent yer alıb. Honq Konqdakı etirazçıların tənqid olunduğu postlar Twitter və YouTube-da yerləşdirilib.
Twitter bazar ertəsi bildirib ki, daha dövlətin nəzarətində olan xəbər mediasından reklam qəbul etməyəcək. Facebook-un sözçüsü Andy Stone deyib ki, “dövlətə məxsus mediaya dair siyasət nəzərdən keçirilməkdədir”.
YouTube isə reklam siyasətinə dəyişiklik planlaşdırılmadığını vurğulayıb. Ancaq agentliyə onu da bildiriblər ki, regionda dövlətin dəstəklədiyi media orqanlarını yarlıqla fərqləndirməyi genişləndirəcək.