Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:02

Trump Qrenlandiyanı niyə ala bilmir


Qrenlandiya sakini, arxiv fotosu
Qrenlandiya sakini, arxiv fotosu

Prezident Donald Trump-ın Danimarkaya Qrenlandiyanı ABŞ üçün almaq təklifi kəskin reaksiya yaradıb. Danimarkanın Baş naziri Mette Frederiksen ideyanı “absurd” adlandırıb.

Trump isə cavabında NATO müttəfiqi olan Danimarkaya sentyabrın 2-3-nə planlaşdırılan səfərini təxirə salmaq qərarı verib.

“Reuters” agentliyi Qrenlandiyanın Birləşmiş Ştatlar və böyük rəqiblərdən ötrü cəzbedici tərəflərindən yazır.

Əvvəla, Qrenlandiya ABŞ ordusu və onun ballistik raketlərinin ilkin xəbərdarlıq sistemi üçün strateji əhəmiyyət daşıyır. Çünki Avropadan Şimali Amerikaya kəsə yol bu Arktik adadan keçir. 1951-ci ildə Danimarkayla bağlanmış sazişə uyğun olaraq Birləşmiş Ştatlar Danimarkanın şimal-qərbindəki Tuleyə hava bazası yerləşdirib.

Paytaxtı Nuuk olan bu ada Nyu Yorka Danimarkanın paytaxtı Kopenhagendən daha yaxındır. Ada mineral, neft, təbii qaz ehtiyatları ilə zəngindir. Ancaq inkişafı ləng getdiyindən iqtisadiyyatı balıqçılıqdan və Danimarkanın illik subsidiyalarından asılıdır.

Danimarkanın “yükü”

“Bu, Danimarkanı çox incidir, ilə təxminən 700 milyon dollar itirirlər, yəni Qrenlandiyanı böyük itki hesabına daşıyırlar”, – Trump vurğulayıb.

Qrenlandiyanın 56 minlik əhalisi üçün təməl infrastrukturu, 17 şəhərini birləşdirən yolları yoxdur, bircə kommersiya aeroportu var, əhalisi dəniz, yaxud havayla səyahət edir.

Qrenlandiyanın 50 milyard barrel həcmində dəyərləndirilən ofşor neft və qaz ehtiyatları tədqiq olunmayıb.

Ancaq Qrenlandiyanın satışı yolunda hüquqi əngəllər mövcuddur. 1953-cü ildə Danimarkanın rəsmi ərazisinə çevrilmiş bu adaya geniş özünüidarə hüququ verilib. Satış üçün Danimarkanın konstitusiyasına düzəliş olunmalı, Qrenlandiyanın hüquqi status dəyişməlidir.

Bəs Trump-ın Qrenlandiyaya marağı birdən-birə niyə artdı? Arktik regionda Çin, Rusiya və Birləşmiş Ştatlar arasında rəqabət yenilənir. Buz örtüyü əriməyə başladığından iqlim dəyişikliyinin artan təsirinin ən böyük simvolu sayılır.

Rusiya da regionda mövqeyini gücləndirir, həm də ümid edir ki, buz qatı geri çəkildikcə Rusiyanın şimalında gəmiçilik yolu açılacaq və Asiyadan Avropaya malların daşınması üçün alternativ marşruta çevriləcək.

Vaşinqton isə Qrenlandiyada hərbi iştirakını gücləndirməklə Tule Hava Bazasını daha yaxşı müdafiə etmək, adayla Avropa qitəsi arasında sulara nəzarəti artırmağa çalışır.

XS
SM
MD
LG