Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:24

T.Yaqublu prokurorluğa çağrılmasını özünə təzyiq sayır


T.Yaqublu

DİN və Baş Prokurorluğun T.Yaqublu ilə bağlı açıqlaması

Avqustun 22-də Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun mətbuat xidmətləri Tofiq Yaqublu ilə bağlı birgə açıqlama yayıblar.

Bu açıqlamada da T.Yaqublunun, əsasən, Facebook-dakı fəaliyyətindən bəhs edilir. Həmin açıqlamada T.Yaqublu vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaqda günahlandırılır. «...İnsanların hakimiyyət əleyhinə qanunsuz hərəkətlərə sövq edilməsinə,... habelə ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat xarakterli cəhdlər etməsi müəyyən edilmişdir», - rəsmi açıqlamada habelə yazılıb.

Birgə açıqlamada o da bildirilib ki, qeyd edilənlərlə əlaqədar T.Yaqublu Baş Prokurorluğa dəvət edilib. Açıqlamaya görə, ona o tip məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq olunub.

+++

Müsavat Partiyası və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş məhbus Tofiq Yaqublu avqustun 22-də Baş Prokurorluğa dəvət edilib.

Bu barədə AzadlıqRadiosuna T.Yaqublu özü bildirib.

T.Yaqublu vurğulayıb ki, onu Baş prokurorun müavini Namiq Əsgərov və Daxili İşlər nazirinin müavini Seyfulla Əzimov qəbul ediblər: «Guya mən hakimiyyəti tənqid edərkən qanunsuz hərəkətlərə yol verirəm və buna görə qanun qarşısında cavab verməli olacam».

T.Yaqublunun əlavə etməsinə görə, söhbət onun müsahibələri, sosial şəbəkədəki statusları barədə olub: «Mənə dövlətçilik əleyhinə çağırışlar etdiyimi dedilər. Mən də istər stasuslarımda, istərsə də müsahibələrimdə belə hallara yol vermədiyimi bildirdim. Konkret olaraq hansısa bir yazı göstərmədilər, elə ümumi şəkildə dedilər ki, dövlətçilik əleyhinə çağırışlar edirəm. Mən də dedim ki heç bir belə hala yol verməmişəm. Xəbərdarlıq etdilər ki, belə davam etsə, barəmdə cinayət işi qaldırılacaq».

T.Yaqublu vurğulayıb ki, prokurorluğa çağrılması və belə xəbərdarlıq alması siyasi fəaliyyətinə görə təzyiqdir: «Həm də ölkədə demokratiyanın olmamasının daha bir göstəricisidir».

T.Yaqublunun bu açıqlamasına Baş Prokurorluqdan, hələlik, münasibət almaq mümkün olmayıb. Amma müxalifətçiyə göndərilən çağırış vərəqində bunun Baş Prokurorluğun icraatında olan bir araşdırma materialı üzrə yaranmış zərurətlə izah edildiyi bildirir. Üstəlik, Azərbaycan rəsmiləri, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə bütün fundamental azadlıqlar qorunur, heç kimə dinc, siyasi fəaliyyətinə görə təzyiq edilmir.

Xatırlatma

T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş hadisələrlə bağlı həbs edilmişdi. O zaman ona qarşı iğtişaşları təşkil etmə və qanunsuz aksiyalarda iştirak etmə ittihamları irəli sürülmüşdü. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilmişdi. Ona qarşı ittihamı qurama sayan T.Yaqublu 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

2013-cü ilin yanvarında İsmayıllı rayonunda əhali kütləvi etiraz aksiyası keçirmişdi. Bu zaman icra başçısının yaxın qohumlarına məxsus olduğu bildirilən «Çıraq» hoteli yandırılmışdı. Həmin hadisələrlə bağlı onlarla rayon sakini həbs edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG