Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:20

Almaniya Rusiyanın G7 sammitinə dəvət olunmasına qarşıdır


G7 liderləri 2018-ci ildə La Malbada keçirilən sammit zamanı - Kansler Merkel ABŞ prezidenti Donald Trump-la danışır
G7 liderləri 2018-ci ildə La Malbada keçirilən sammit zamanı - Kansler Merkel ABŞ prezidenti Donald Trump-la danışır

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, Almaniya hökuməti Rusiyanın 2020-ci ildə Böyük yeddiliyin (G7) sammitinə dəvət edilməsinə dair Fransa və ABŞ-ın təklifini rədd edib.

Almaniya hökumətinin rəsmi nümayəndəsi Steffen Seibert deyib ki, Rusiya bu məclisə dəvət olunmaq üçün Ukraynanın şərqində gedən münaqişəyə münasibətinin dəyişdiyini nümayiş etdirməlidir.

Seibert əlavə edib ki, yalnız bundan sonra Böyük yeddilik Rusiyanın dəvət olunması məsələsini müzakirə edə bilər.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Fransa prezidenti Emmanuel Macron və ABŞ lideri Donald Trump Rusiyanın 2020-ci ildə Nyu Yorkda keçirləcək G7 sammitinə dəvət olunmasına dair razılıq əldə ediblər.

Trump Rusiyanın G7 formatına qaytarılmasını istədiyini dəfələrlə bəyan edib.

Lakin Macron bu həftə Rusiya prezidenti Vladimir Putini Fransada qəbul edərkən deyib ki, G8 formatının qaytarılması Ukraynadakı situasiyadan asılı olacaq.

Reuters agentliyi xəbər verir ki, bu məsələdə Parisin mövqeyi dəyişməyib.

Fransa bu il G7 qrupunun rotasiyalı sədridir. Bu qrupa Fransadan başqa Britaniya, Kanada, ABŞ, Almaniya, İtaliya və Yaponiya daxildir.

Rusiya əvvəllər bu qrupun üzvü idi və qurum G8 adlanırdı, lakin Moskva Krımın ilhaqı ilə bağlı təşkilatdan xaric edilib.

Fort Breqanson görüşündə Putin deyib ki, Rusiya əvvəlki G8 formatında işləməkdən “imtina etməzdi”.

Lakin Macron qəti şəkildə bildirib ki, Rusiyanın G8 formatına qayıtması yalnız Ukrayna böhranının çözümündən sonra mümkün ola bilər.

G7-nin avqustun 24-26-da Fransada keçiriləcək sammitində də Rusiya iştirak etməyəcək.

Prezident Macron bildirib ki, keçən sammitdə olduğu kimi bu dəfə də birgə bəyannamə qəbul edilməyəck. Buna səbəb yeddilər arasında bir sıra məsələlərə dair fikir ixtilafının olmasıdır.

Vladimir Putin (solda) və Donald Trump Osakada, G20 sammitində, 28 iyun, 2019-cu il
Vladimir Putin (solda) və Donald Trump Osakada, G20 sammitində, 28 iyun, 2019-cu il

Trump Rusiyanı G7-yə qaytarmaq istəyir

ABŞ Prezidenti Donald Trump deyir ki, gələn il ölkəsində keçiriləcək Böyük Yeddilik (G7) toplantısı zamanı Rusiyanın bu qrupun xüsusi formatına qaytarılmasına tərəfdardır.

Trump bunu avqustun 20-də Vaşinqtonda Rumıniya Prezidenti Klaus Iohannis-lə görüşündən öncə deyib. Dörd gün sonrasa Fransanın cənubundakı Biarritz kurort şəhərində G7 sammiti keçiriləcək.

“Tamamilə buna tərəfdaram. Rusiyanın burada olması daha uyğun olardı. Bu, G8 olmalıdır, çünki danışdığımız bir çox məsələlərin Rusiyaya aidiyyatı var”, – Trump Ağ evdə jurnalistlərə söyləyib.

Donald Trump və Klaus Iohannis Ağ evdə
Donald Trump və Klaus Iohannis Ağ evdə

“Bu məsələni qaldıran olarsa...”

Trump deyib ki, “bu məsələni qaldıran olarsa, buna müsbət yanaşaram”.

Rusiya əvvəlki G8 formatından 2014-cü ildə, Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra çıxarılıb. Bundan başqa, ABŞ-ın kəşfiyyat agentlikləri Moskvanı 2016-cı ilə ABŞ-da prezident seçkisinə müdaxilədə ittiham ediblər.

Rusiya lideri Vladimir Putin həmçinin ölkədə və kənarda opponentlərinin qətlinin sifarişində suçlanır. Özü isə iddiaları rədd edir.

Ancaq Trump deyir ki, Rusiya klubdan keçmiş prezident Barack Obama Putinə “uduzduğu” üçün çıxarılıb.

Trump əvvəllər Obama-nı Rusiyaya Krımı ələ keçirməyə “icazə verməkdə” suçlayırdı.

1975-ci ildə yaradılmış G7-yə Birləşmiş Ştatlar, Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya daxildir.

Builki tədbirə ev sahibliyi edən Fransa Prezidenti Emmanuel Macron toplantıda qlobal bərabərsizliyin müzakirə olunmasını istəyir. “AFP” agentliyi yazır ki, Fransa iqlim dəyişikliyinin iqtisadi və sosial bərabərsiz yaradan əsas faktor olduğunu düşünür.

Üç il öncə Trump Birləşmiş Ştatları 2015-ci il Paris iqlim sazişindən çıxarıb.

Ötən il Kanadada keçirilən sammitdə, Trump qrupun yekun bəyanatını imzalamaqdan imtina edib, tədbiri qəzəbli şəkildə tərk edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG