Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:02

Putin Macron-a Rusiyanın G8-ə qayıtmaq istədiyini deyib


Prezident Emmanuel Macron və xanımı Vladimir Putini Fransanın cənubundakı Breqanson qalasında qarşılayırlar
Prezident Emmanuel Macron və xanımı Vladimir Putini Fransanın cənubundakı Breqanson qalasında qarşılayırlar

Fransanın cənubunda keçirilən danışıqlarda prezidentlər Emmanuel Macron və Vladimir Putin Ukrayna silahlı qüvvələri ilə Moskva tərəfindən dəstəklənən separatçılar arasında münaqişənin dayandırılması cəhdlərini müzakirə ediblər.

2017-ci ildə Putini Paris yaxınlığındakı Versal sarayında qonaqlayan Macron, bu dəfə onu Fort Breqansondakı yay iqamətgahında qəbul edirdi.

Xəbər verilir ki, 2 saat yarım davam edən danışıqlar zamanı Suriya münaqişəsi, İran nüvə sazişi, Liviyadakı vəziyyət və Ukrayna böhranının çözümü üçün dördtərəfli sammitin “perspektivləri” məsələlərinə toxunulub.

Bu görüşdən əvvəl keçirilən birgə mətbuat konfransında Macron demişdi ki, o Putinlə danışıqların Ukraynaya dair sammitin keçirilməsi ilə nəticələnəcəyinə inanır. O demişdi ki, bu sülh üçün həqiqətən də “real imkan” ola bilər.

Rusiya prezidenti də Ukraynaya dair aparılan danışıqların Normand formatına bir daha dəstək bildirib. Normand qrupuna Fransa, Almaniya, Ukrayna və Rusiya daxildir.

Putin bunu da deyib ki, onun Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə telefon söhbəti nikbinlik üçün “ehtiyatlı” zəmin yaradır.

Macron habelə bildirmişdi ki, Putinlə danışıqlarında İranın nüvə proqramı ətrafında yaranmış gərginlik, Suriya münaqişəsi və silahlara nəzarət məsələlərinə toxunacaq.

Fransa prezidenti Rusiyada ifadə azadlığına və ədalətli seçkilərə çağırıb.

AzadlıqRadiosu bildirir ki, Putinin Fransaya səfərindən sonra, avqustun 24-26-da Biarritz şəhərində G7 qrupunun liderləri görüşəcəklər.

Fransa bu il G7 qrupunun rotasiyalı sədridir. Bu qrupa Fransadan başqa Britaniya, Kanada, ABŞ, Almaniya, İtaliya və Yaponiya daxildir.

Rusiya əvvəllər bu qrupun üzvü idi və qurum G8 adlanırdı, lakin Moskva Krımın ilhaqı ilə bağlı təşkilatdan xaric edilib.

Fort Breqanson görüşündə Putin deyib ki, Rusiya əvvəlki G8 formatında işləməkdən “imtina etməzdi”.

Lakin Macron qəti şəkildə bildirib ki, Rusiyanın G8 formatına qayıtması yalnız Ukrayna böhranının çözümündən sonra mümkün ola bilər.

Suriya münaqişəsi ilə bağlı Macron deyib ki, o İdlibə Rusiyanın müttəfiqi olan Suriya hökumətinin hava zərbələri endirməsindən “son dərəcə narahatdır”.

Macron ötən il Suriyaya dair Rusiya, İran və Türkiyə arasında əldə olunmuş de-eskalasiya razılaşmasının icrasına çağırıb.

***

Avqustun 19-da Fransa Prezidenti Emmanuel Macron rusiyalı həmkarı Vladimir Putin-lə görüşəcək. Tərəflərin Ukraynanın şərqində hökumət qüvvələri ilə Moskvanın dəstəklədiyi separatçıların münaqişəsinin yoluna qoyulmasını müzakirə edəcəyi gözlənir.

Macron 2017-ci ildə Paris yaxınlığındakı Versal Sarayında Putin-lə danışıq aparmışdı. Bu dəfə isə Rusiya prezidentini Bormes-les-Mimosas kəndi yaxınlığındakı Bregancon Fort yay iqamətgahında qəbul edəcək.

İki liderin İranın nüvə proqramı ətrafındakı gərginliyi, Suriya münaqişəsini də müzakirə edəcəyi gözlənir.

Bu ayın əvvəlində Ukrayna Prezidenti Volodymyr Zelenskiy Putini Ukraynanın şərqində münaqişəni dayandırmağa çağırıb. 2014-cü ilin aprelindən bu münaqişədə 13 mindən çox adam həlak olub.

Zelenskiy deyib ki, Ukraynaya sülh yalnız diplomatiya yoluyla qayıda bilər və Normandiya formatında danışıqların yeni raundunu keçirməyə çağırıb. Bu formata Fransa, Almaniya, Ukrayna və Rusiya daxildir.

“Fikrimizcə, Prezident Zelenskiy-nin təkliflərinə Prezident Putin ürəkləndirici yolla cavab verməlidir”, – anonimlik şərtilə danışan Fransa rəsmisi “AFP” agentliyinə deyib.

Zelenskiy-nin apreldə prezident seçilməsi “bizə manevr imkanı verir”, rəsmi əlavə edib.

Zelenskiy və Putin, siyasi karikatura
Zelenskiy və Putin, siyasi karikatura

Macron iyunda demişdi ki, Putin-lə görüşdə “sadəlövhlük göstərməkdən, ancaq həm də qapını bağlamadan sabitsizlik, yaxud münaqişəylə bağlı əsas mövzularda əməkdaşlığın bütün formalarını götür-qoy edəcək”.

Rusiya 2014-cü ilin martında Ukraynanın Krım regionunun ilhaq edib. O vaxtdan Moskva Ukraynanın şərqindəki Donetsk və Luqansk regionlarında separatçıları dəstəkləməyə başlayıb.

2014-2015-ci illərdə Minsk razılaşmaları çərçivəsində elan olunan atəşkəs yol xəritələri münaqişəni səngitsə də, onlara tam əməl olunmayıb.

Bir neçə günə – avqustun 24-dən 26-dək Macron digər ölkələrin liderləri ilə Biarritz şəhərində Böyük Yeddiliyin (G7) sammitinə yığışacaq.

Fransa bu il G7-yə sədrlik edir. Qrupa həmçinin Britaniya, Kanada, Almaniya, İtaliya, Yaponiya və Birləşmiş Ştatlar daxildir.

Rusiya qrupa üzv olanda G8 adlanırdı, ancaq Krımın ilhaqından sonra kənarlaşdırıldı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG