Avqustun 18-də Honq Konqda nümayişlərin 11-ci həftəsi başa çatıb. Onminlərlə etirazçının qatıldığı yürüşün üçüncü günü polislə toqquşmasız bitib.
Pekin bu muxtar əraziyə nəzarəti gücləndirməyə çalışır.
ABŞ Prezidenti Donald Trump isə xəbərdarlıq edib ki, Honq Konq etirazlarının Tiananmen meydanı sayaq yatırdılması iki ölkənin ticarət danışıqlarını pozar.
“Onlar zorakılığa əl atsalar, düşünürəm ki, çox çətin olar. Demək istəyirəm ki, daha bir Tiananmen meydanı baş verərsə, orada zorakılıq olarsa, çox çətin olar”, – Trump avqustun 18-də Nyu Cersinin Morristaun şəhərinə yola düşməzdən öncə deyib.
Trump bir daha çinli həmkarı Xi Jinping-i etirazların liderləri ilə “bir araya gəlməyə” çağırıb.
“Honq Konqdakı durumun humanitar əsasla həllini istərdim. Bu, ticarət sazişi üçün çox yaxşı olar”, – Trump deyib.
Trump administrasiyası Çindən idxal olunan yüzmilyardlarla dollarlıq məhsula sanksiyalar tətbiq edib.
Çinin Dövlət Şurası isə avqustun 19-da cənubdakı Şenjen şəhərinin qonşu Honq Konq və Makau ilə mədəniyyət və iqtisadiyyat baxımından inteqrasiyasiyasına dair göstəriş verib.
Honq Konqda yürüşün təşkilatçısı nümayişə 1,7 milyon etirazçının qatıldığını bildirib.
Polis isə etirazların episentri olan Viktoriya Parkına 128 min nəfərin getdiyini deyib.
İyunun əvvəlindən başlanmış nümayişlərdə ilkin olaraq şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanuna etiraz bildirilirdi. Sonradan qanun layihəsi ertələnsə də, etirazçıların tələbləri dəyişib, daha geniş azadlıqlar tələb etməyə başlayıblar.
Çinin dövlət mediası etirazlarda “xarici qüvvələri” suçlayıb. Avqustun 18-də Çinin Ottavadakı səfirliyi Kanadanı Honq Konqun işlərinə müdaxiləni dayandırmağa çağırıb. Bir gün öncə Kanada Avropa Birliyi ilə birgə bəyanatında Honq Konq vətəndaşlarının “fundamental toplaşma hüququ”nu müdafiə edirdi.