Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

'Kredit faiz dərəcələrinin aşağı salınmasına ehtiyac var'-deputat (Media icmalı)


Ə.Məsimli
Ə.Məsimli

Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizinin açılması, təkrar mənzil bazarında vəziyyət, dünya iqtisadiyyatını gözləyən təhlükələr və Azərbaycanın atmalı olduğu addımlar medianın toxunduğu mövzulardandır...

Deputatdan təkliflər

«Yeni Müsavat» qəzetində «Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?» sərlövhəli yazı oxumaq olar.

Qəzet bu başlıq altında iqtisadçı, deputat Əli Məsimli ilə söhbət təqdim edib.

«Hazırda dünyada neft qiymətlərini salan proseslər gedir, getdikcə də dərinləşir…Bu şəraitdə Azərbaycan hökuməti hansı addımları atmalıdır? Hansı tədbirlər görülməlidir ki, 2015-2016-cı illərdəki problemlər yenidən meydana çıxmasın?», - müəllif sual edib.

Ə.Məsimlinin fikrincə, manatın 2015-ci ildəki iki şok devalvasiyası göstərdi ki, milli valyuta üzən məzənnə rejiminə keçməsə də, Azərbaycan iqtisadiyyatı neft amili vasitəsilə birtərəfli şəkildə xarici şəraitə «inteqrasiya» olunub. İqtisadçı vurğulayıb ki, məhz həmin inteqrasiyadan doğan asılılıq qarşıdakı illərdə dünya iqtisadiyyatında gedən proseslərdən qaynaqlanan çağırışlara adekvat cavablar axtarmağı ciddi zərurətə çevirib: «Yaxın və orta perspektivdə Azərbaycanın qarşısında daha çox 5 mühüm problemin həlli durur: Birincisi, islahatları dərinləşdırmək hesabına iqtisadiyyatımızın neft amilindən asılılığının azaldılması…».

Ə.Məsimli hesab edir ki, eyni zamanda, insan inkişafı önə çıxarılmalı və innovasiyalı inkişaf istiqamətində addimlar atılmalıdır. O habelə vurğulayıb ki, dünyada əsas trendləri nəzərə almaqla çevik dəyişikliklər etməyi bacarmaq lazımdır: «Üçüncüsü, korrupsiya, inhisarçılıq və ondan qaynaqlanaraq ölkənin öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqisinin qarşısında buxova çevrilmiş neqativlərin aradan qaldırılmasına yönələn işləri genişləndirmək…».

Ə.Məsimli qeyd edib ki, ölkədə həyata keçirilən sosial paketdən əhalinin etibarlı şəkildə yararlanması təmin olunmalıdır. «Kredit faiz dərəcələrinin aşağı salınması və bank sisteminin real sektorla əlaqəsinin gücləndirilməsi istiqamətində ciddi islahatlar aparılmasına ehtiyac var», - iqtisadçı əlavə edib.

Mənzil
Mənzil

Təkrar mənzil bazarında bahalaşma

Trend.az-da «Bakıda təkrar mənzil bazarında qiymətlər artıb» sərlövhəli yazı yer alıb.

«2019-cu ilin iyununda Bakının təkrar mənzil bazarında qiymətlər keçən ilin eyni dövrü ilə müqayisədə 1.88 faiz artıb». Bunu sayta «MBA Group» konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib. Onun qeyd etməsinə görə, 2019-cu ilin iyununda təkrar bazarda mənzillərin orta qiyməti bir kvadratmetrə görə 1658 manata yüksəlib. N.İbrahimovun bildirməsinə görə, ötən ilin eyni ayında isə bu göstərici 1608 manat olub: «Təkrar mənzil bazarında təkliflərin həcmi 2018-ci ildə 2223, 2019-cu ildə isə 1789 ədəd təşkil edib. 2019-cu ilin iyununda təkrar bazarda ekonom sinif mənzillərin qiyməti 1 kvadratmetrə görə 2551 dollar, ötən il isə hesabat ayı üçün eyni göstərici 1 kvadratmetrə görə 2674 dollar təşkil edib. Eyni zamanda, bahalı mənzillər bazarında qiymətlərin 4.5 faiz azalması müşahidə edilib».

N.İbrahimov vurğulayıb ki, təkrar bazarda bu il mənzillərin orta qiyməti 1 kvadratmetrə 1159 dollara çatıb: «2018-ci ildə bu rəqəm 1 kvadratmetr üçün 1118 dollar olub. Eyni zamanda, bu seqmentdə qiymət artımı 3.67 faiz təşkil edib. 2019-cu ilin əvvəlindən təkrar bazarda mənzil qiymətləri 1 kvadratmetrə 766 dollar təşkil edirsə, 2018-ci ildə bu rəqəm 1 kvadratmetrə 755 dollar təşkil edib. Qiymət artımı 1.46 faiz olub».

İstanbul hava limanı
İstanbul hava limanı

Türkiyə ilə Azərbaycan arasında birbaşa dəhliz

Rəsmi AZƏRTAC saytında isə «Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizi açılır» sərlövhəli məlumat dərc edilib.

Yazıda bildirilir ki, Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizi açılır. Saytın qeyd etdiyinə görə, bu barədə Türkiyənin Dövlət Hava Meydanları İdarəsinin rəhbəri Hüseyin Keskin məlumat verib. O bildirib ki, bu istiqamətdə davam edən danışıqlar artıq yekunlaşıb: «Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə əldə olunan yeni razılığa əsasən açılacaq bu hava dəhlizi vasitəsilə Türkiyədə yerləşən hava limanları ilə Azərbaycanın Naxçıvan Beynəlxalq Hava Limanı arasında birbaşa uçuşlar həyata keçiriləcək. Uçuşların avqustun 15-dən etibarən başlaması planlaşdırılır».

H.Keskin habelə vurğulayıb ki, hazırda bu reyslərin həyata keçirilməsi üçün İran və Ermənistanın hava sahələrindən istifadə olunur. O əlavə edib ki, yeni dəhlizin istifadəsi həm vaxtı qısaldacaq, həm də yanacağa qənaət baxımından daha əlverişlidir.

XS
SM
MD
LG