Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Avqust, bazar, Bakı vaxtı 21:40

Ailəsi İ.Rəhimovun taleyindən narahatdır


İ.Rəhimov

realliq.info saytının həbsdə olan redaktoru İkram Rəhimovun yaxınları onun taleyindən narahatdırlar.

Ailəsinin bildirməsinə görə, İ.Rəhimov bu gün, avqustun 13-də saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasından zəng vurmalı idi, amma zəng vurmayıb. Redaktorun yaxınları vurğulayıb ki, qanunvericiliyə əsasən, məhbus həftədə iki dəfə telefonla danışmaq hüququndan yararlana bilər.

İ.Rəhimovun vəkili Elçin Sadıqov isə yaxın günlərdə təcridxanaya gedib onun vəziyyətini öyrənmək niyyətindədir.

Ailəsinin İ. Rəhimovla bağlı açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

İ.Rəhimovun avqustun 7-dən saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başladığı açıqlanmışdı. Yaxınları onun cərimə kamerasına salındığını bildirmişdilər.

Ancaq redaktorun aclıq aksiyasına başlaması və onun cərimə kamerasına salınması ilə bağlı deyilənləri də Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.

Vəkil E.Sadıqov isə ötən həftə, avqustun 9-da İ.Rəhimovla görüşmüşdü. Onun da deməsinə görə, müdafiə etdiyi şəxs aclıq aksiyası keçirdiyini bildirib. Yaxınlarının bildirməsinə görə, İ.Rəhimov aclıq aksiyasına başlamasını ona qarşı qanunsuzluqlara yol verilməsi ilə izah edib.

Xatırlatma

İkram Rəhimovu ötən ilin oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmlə İ.Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib. İ.Rəhimov özünü təqsirli bilmir. O, tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirmişdi.

Onda bu açıqlamaya Əli Həsənovdan hər hansı münasibət almaq mümkün olmamışdı. Ancaq İ.Rəhimovun tənqid etdiyi qurumlardan biri, Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İ.Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.

İ.Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG