Moskvada son etirazlara baxmayaraq, Kremlin mövqeyi hələ də güclüdür. “The Moscow Times” qəzetində Mark Galeotti nümayişlər zamanı kütlənin içində olduğunu, pis hava şəraitinə, güc strukturlarının zorakılıq təhdidinə baxmayaraq moskvalıların yürüşünü şəxsən müşahidə etdiyini yazır. Ötən şənbəki yürüşü isə 1991-ci ilin 28 martı – 100 minlərlə adamın Boris Yeltsinin Rusiya Federasiyası prezident seçkilərinə buraxılmamasına etirazı ilə müqayisə edir.
“Yadda saxlamaq gərəkdir ki, Moskvada 60 min etirazçı, ölkənin digər yerlərində minlərlə adamın həmrəylik tədbirlərini çıxmasını Kreml gözardı edə bilməz. Əslində, Kreml bu etiraz hərəkatını heç gözardı etmir də. Böyük sayda təhlükəsizlik qüvvələrinin səfərbər olunması, müxalifət liderlərinin həbsi, Alexei Navalny-nin Anti-Korrupsiya Fondu ətrafında istintaq, etiraz günlərinə musiqi və yemək festivallarının salınmasında məqsəd moskvalıların diqqətini yayındırmaq idi”, – yazan müəllif sual edir ki, müxalifət Kremlin diqqətindədirsə, bundan sonra nə gözləməli?
Ilya Yashin, Lyubov Sobol və qalanları gələn ay Moskvada bələdiyyə seçkisinə buraxılsa, etirazçılar azad olunsa, yürüşləri məqsədinə çatmış hesab etmək olarmı?
Ancaq Kremlin siyasi texnoloqları belə bir güzəştin zəiflik kimi yozula biləcəyini düşünürlər.
“Axı, bu etiraz hərəkatı demokratikləşməyə, mənalı hüquqi islahata, elitanın təmizlənməsinə doğru daha geniş fəaliyyətin bir hissəsidir. Bir sözlə, burada söhbət inqilabdan gedir”, – müəllif yazır. Onun fikrincə, müxalifət indiki məqam və fürsətdən istifadə etmək üçün, bir sıra siyasi tələblər formalaşdırmalıdır, onlar əsaslı, mənalı, həm də Kreml üçün qəbuledilən olmalıdır.
Kremlin mövqeyi güclü olsa da, Prezident Vladimir Putin əliqanlı xuntaya başçılıq etmək istəmir. O, ölkəsində və xaricdə legitimlik istəyir... Ancaq Putin özü də 1980-ci illərin uşağıdır, Şərqi Almaniyada və SSRİ-də sürətli sistemik çöküşü yaşayıb.
“Ona görə də etirazçılar həm həbslərə və təhdidlərə baxmayaraq entuziazmı, cəsarəti saxlamalı, həm də digər tərəfdən, kabab və musiqi festivallarını yola verməlidir. Ən çətini isə onların götürdüyü kursu sakitcə və səmimi şəkildə irəli aparacaq məqsədləri müəyyənləşdirmək olacaq, həm də eyni zamanda hakimiyyət bu tələbləri yerinə yetirə bilməyəcəyini düşünməməlidir. Entuziazm və hüquq müxalifətin tərəfindədir. Hakimiyyət isə qəddardır. Bütün bunlara qarşı müxalifət uzun və ağıllı oynamalıdır”, – məqalədə deyilir.
Rusiyayla necə davranmalı
Rusiya təhlükəli düşməndir. Ancaq ona birbaşa düşmən kimi yanaşmaq qonşulara qarşı ölümcül təhdidlərə səbəb ola bilər. “The National Interest” dərgisində Dimitri K. Simes 26 il öncə Los Ancelesdə milli siyasət konfransında keçmiş prezident Richard M. Nixon-un dediklərini yada salır. Onun sözlərinə görə, amerikanın fundamental xarici siyasət hədəflərindən biri Sovet İttifaqının çöküşündən sonra yeni beynəlxalq düzən yaratmaq və oraya yeni demokratik dövlət olan Rusiyanı tərəfdaş kimi salmaqdır.
Müəllifin fikrincə, bu gün əminliklə demək olar ki, Amerika bu tapşırığın öhdəsindən gələ bilməyib. Amerikanın yeni strateji doktrinasında Rusiya Birləşmiş Ştatlara böyük təhdid hesab olunur.
“Rusiyanın ünvanına səslənən tənqidin böyük hissəsi həqiqətdir, özəlliklə də avtokratik, xarici siyasətdə getdikcə daha aqressiv olması haqda deyilənlər... Ancaq Rusiya Səudiyyə Ərəbistanından artıq avtokratik deyil. Yaxud İsrail də sərhədlərindən kənarda gücə əl atmağa hazır olduğunu göstərir, İranın nüvə alimlərini qətlə yetirməsi iddiaları da var. Yaxud Rusiya Əfqanıstan və Ukraynada daha artıq korrupsiyaya uğramayıb. Bu ölkələr ABŞ-dan böyük həcmdə maliyyə yardımı alır.
Ancaq dostların səhvlərini bağışlamaq daha asandır, axı, onlar Birləşmiş Ştatlarla yanaşı addımlamağa hazırdırlar, bu da onları, bizim fikrimizcə, “tarixdə düzgün tərəfə” yönəldir. Rusiya isə özünü Birləşmiş Ştatlara alternativ güc mərkəzi kimi təqdim edir, çox vaxt da beynəlxalq düzəni pozmaqda günahlandırılır”, – müəllif vurğulayır.
Putin nəyin qisasını alır
“The Guardian” qəzetində Angus Roxburgh isə yazır ki, Rusiyada Vladimir Putin-in 20 illik hakimiyyəti davam etdikcə münasibətlərin yaxşılaşmasına ümid var.
İyirmi ildir Rusiyayla Qərb qarşıdurmaya meyllənir, ancaq Putinin əslində, qərbyönlü lider kimi işə başladığını xatırlamaq belə çətindir. O zaman George W Bush və Tony Blair onu xoş qarşılamış, Putin isə Bundestaqda təmiz almanca deyirdi ki, Rusiyanın taleyi Avropadadır. Sonradan Qərb liderləri onun Çeçenistandakı qəddarlığından şoka düşdü, daha sonra antidemokratik tendensiyalar üzə çıxmağa başladı, tənqidçi telekanallar susduruldu.
Bəzilərinin fikrincə, o heç vaxt qərbpərəst olmayıb. Ancaq müəllif bu fikrin yanlış olduğunu yazır. Putin idarəçiliyinin ilk illərində Kremldə müşavir kimi çalışdığını, bir sıra aparıcı rəsmilərlə görüşdüyünü, onların özlərini “qərbli”, hətta demokrat hesab etdiyini vurğulayır.
“Problem başqa yerdə idi – Putin, daxili siyasəti onun demokrat olmadığını üzə çıxardıqca, qərbin ehtiyatlı və artan ədavətini anlaya bilmirdi. Bu məsələni onun müşavirləri ilə müzakirə edirdim: sovet erasını yetərincə pisləmir, etirazları yatırdır, medianı boğursunuzsa, qərbi yaxşı tərəfdaş olmağınıza necə inandıra bilərsiz? Onlar əlaqəni görə bilmirdilər. Beləliklə də, Qərb getdikcə daha çox şübhələnməyə, Putin isə əvvəlcə məyus, sonra qəzəbli, sonucda ədavətli olmağa başladı”, – müəllif qeyd edir.