Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:02

Məhkəmə redaktoru həbsdə saxlayıb


P.Aslanov

Bu gün, avqustun 6-da Bakı Apellyasiya Məhkəməsi hakim Elmar Rəhimovun sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytının redaktoru Polad Aslanovun şikayətinə baxıb. O, ev dustaqlığına buraxılmaması ilə bağlı şikayət verib, amma apellyasiya məhkəməsi şikayəti təmin etməyib.

Bu barədə məlumat verən P.Aslanovun həyat yoldaşı Gülmira Aslanova deyib ki, artıq əri 54 gündür həbsdədir: «54 gün müddətində istintaq orqanı ortaya bir fakt, bir sübut qoya bilməyib və bilməyəcək. Çünki elə bir fakt, sübut yoxdur. Onun şərlənərək qeyri-qanuni həbsi jurnalist fəaliyyəti ilə bağlıdır...».

P.Aslanov bu il iyunun 12-də saxlanıb, 14-də isə Səbail Rayon Mәhkәmәsinin qərarıyla barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Bundan əvvəl onun həbsindən də verilən şikayət təmin edilməyib. Daha sonra onun ev dustaqlığına buraxılması da istənmişdi, amma müdafiə tərəfinin bu istəyi də gerçəkləşməyib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

P.Aslanovun həyat yoldaşı G.Aslanovanın ərinin günahsızlığı barədə son açıqlamasına istintaq orqanı və başqa rəsmi qurumlardan, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Polad Aslanov ötən il aprelin 19-da - 29 yaşında hərbi xidmətə aparılmışdı. O zaman ailəsi bildirirdi ki, o, səhhətindəki problemlərlə əlaqədar bundan əvvəl hərbi xidmətə aparılmayıb, ona «sülh şəraitində hərbi xidmətə yararsız» olması barədə hərbi bilet verilib. Həyat yoldaşı iddia edirdi ki, onu peşə fəaliyyətinə görə cəzalandırmaqdan ötrü bu addımı atıblar: «Yoxsa ürəyində damar tıxanmasından, təzyiqdən əziyyət çəkən adamı qəfildən komissarlığa çağırıb, Naxçıvana göndərməyə nə ad vermək olar?».

Amma həmin vaxt ailəsinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

P.Aslanov birillik hərbi xidmətini bu ilin aprelində başa vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG