Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:32

Redaktor ölkədən çıxışına qadağanın götürüldüyünü deyir


Pərviz Həşimli-jurnalist

Gununsesi.org saytın redaktoru Pərviz Həşimlinin bir il əvvəl ölkədən çıxışına qoyulan qadağanın götürüldüyü bildirilir.

P. Həşimlinin sözlərinə görə, ona Bakı Şəhər Prokurorluğunun rəhbərliyindən zəng vurub bildirdilər ki, ölkədən sərbəst çıxa bilər: "Mənə heç bir məhkəmə qərarı olmadan qadağa qoydular. Ötən müddət ərzində 2 dəfə Avropa Şurası Parlament Assambleyyasnın sessiyalarına, beynəlxalq tədbirlərə dəvət alsam da qoyulan qadağaya görə iştirakım mümkünsüz idi”.

Amma onun dediklərini, hələlik, Bakı Şəhər Prokurorluğundan dəqiqləşdirmək mümkün olmayıb.

Pərviz Həşimli bundan əvvəl bildirmişdi ki, bir il əvvəl “Gəncə İşi” ilə bağlı Bakı Şəhər Prokurorluğu ölkədən çıxışına qadağa qoyub.O vurğulamışdı ki, bu il iyulun 30-da Azərbaycan-Rusiya sərhədinə gedərək qadağanın götürülüb götürülməməsini yoxlamaq istəyib. “Məlum oldu ki, qadağa güvvədədir”, deyə qeyd etmişdi.

Pərviz Həşimli əlavə etmişdi ki, halbuki, məsələ ilə bağlı 2 ay əvvəl baş prokuror Zakir Qaralova müraciətindən sonra onu Baş Prokurorluğa dəvət ediblər və qadağanın yaxın zamanda götürüləcəyinə söz veriblər.

"Keçən il saytımız Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd məsələsini işıqlandırıb və bir neçə gün sonra məhkəmə qərarı olmadan bloklanıb. Özüm isə şahid qismində Cinayət Məcəlləsinin 313-cü maddəsi (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) ilə açılmış cinayət işinə cəlb edildim və ölkədən çıxışıma məhdudiyyət qoyuldu. ", redaktor demişdi

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə 2018-ci il iyulun 3-də sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.Onda bəzi media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırdı.Həmin saytlara ölkə daxilindən giriş məhdudlaşdırıldı və onların əməkdaşları istintaqa çağırılmağa başlandı. Hətta sonradan bu işlə bağlı bəzi sayt rəhbərlərinə şərti cəzalar da verilib. Amma həmin sayt rəhbərləri ittihamları qəbul etmirlər, bunu media azadlığının boğulması kimi dəyərləndirirlər.

Sui-qəsd nəticəsində ağır yaralanan Elmar Vəliyev isə sonradan prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları baş verənləri terror sayır.Onlar iddia edir ki, Yunis Səfərovun terror aktını törətməkdən əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik, Yunis Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb. Onun istintaq işi məhkəməyə verilməyib.

Xatırlatma

Pərviz Həşimli 2014-il mayın 15-də ( “Bizim yol” qəzetində çalışırdı) qaçaqmalçılıq və qanunsuz silah saxlama ittihamı ilə 8 il azadlıqdan məhrum edilib.O, həmin vaxt da ittihamı qəbul etmirdi.

Amma 2016-cı il martın 17-de prezidentin imzladığı əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG